BMT Baş katibinin iştirakı ilə Kipr məsələsi ətrafında diplomatik təmasların intensivləşməsi və Şimali Kipr ilə Cənubi Kipr liderlərinin görüşünün gözlənilməsi adada uzun illərdir davam edən münaqişənin yenidən beynəlxalq gündəmin diqqət mərkəzinə qayıtdığını göstərir. Eyni zamanda, Cənubi Kiprin Şengen zonasına qoşulması ilə bağlı müzakirələr və Yunanıstanla Kipr məsələsində diplomatik fəallığın artması Türkiyənin mövqeyi ətrafında suallar doğurur. Türkiyədə hakim AK Parti hökumətinin daxili və xarici siyasətdə üzləşdiyi çətinliklər fonunda Ankaranın Kipr məsələsində güzəştə gedə biləcəyi barədə narahatlıqlar da səsləndirilir. Xüsusilə, Prezident Rəcəb Tayyib Ərdoğanın illər əvvəl Kiprdə ərazi güzəşti ehtimalına dair səsləndirdiyi fikirlər bu müzakirələri yenidən aktuallaşdırır.
Hazırkı geosiyasi şəraitdə AK Parti iqtidarının Kipr məsələsində Yunanıstanın və Cənubi Kiprin maraqları naminə güzəştə getməsi nə dərəcədə realdır? BMT-nin prosesə yenidən fəal qoşulması, Qərbin diplomatik fəallığının artması və Türkiyənin üzləşdiyi siyasi-iqtisadi çətinliklər Ankaranın Şimali Kiprlə bağlı mövqeyinə təsir göstərə bilərmi? Ərdoğanın vaxtilə Kiprdə ərazi güzəşti edə biləcəklərinə dair səsləndirdiyi fikirlər bugünkü narahatlıqlar üçün əsas sayıla bilərmi?
Fazil Mustafa: "Güzəştlərlə Kipr məsələsi həll olunmur"
Milli Məclisin deputatı, parlamentin komitə sədri Fazil Mustafa məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Türkiyə beynəlxalq müstəvidə Kiprin mənafeyini qorumağa və onun müstəqilliyini təmin etməyə çalışır. Onun sözlərinə görə, hər hansı razılaşma və ya güzəşt gündəmə gələrsə, bu, mütləq Kipr xalqının maraqlarına uyğun olmalıdır.
Deputat hesab edir ki, Kipr məsələsi Türkiyə üçün prioritet istiqamətlərdən biridir və türk xalqı uzun illərdir bu məsələdə prinsipial mövqe nümayiş etdirir. Onun fikrincə, diplomatik danışıqlar zamanı müəyyən statusun əldə olunması və üstünlüklərin qazanılması vacib olsa da, güzəştlərin özlüyündə münaqişənin həlli üçün kifayət etməsi mümkün deyil. Əsas məqsəd Kiprin müstəqilliyinin təmin olunması və xalqın maraqlarının qorunması olmalıdır.
Fazil Mustafa vurğulayıb ki, Kipr məsələsində hər hansı kompromis yalnız tərəflərin maraqlarını nəzərə aldığı və adanın gələcək statusu ilə bağlı əsas prinsipləri qoruduğu halda məqbul sayıla bilər. Onun qənaətinə görə, Türkiyə rəhbərliyi də bu məsələdə məhz Kiprin müstəqilliyini əsas götürən xətti davam etdirəcək.
Deputat Türkiyənin Kipr siyasətində geri çəkiləcəyi ilə bağlı ehtimallara münasibət bildirərkən Ankara rəhbərliyinin prinsipial mövqeyini qoruyacağına inandığını ifadə edib. Onun sözlərinə görə, uzun illər ərzində formalaşmış bu siyasətin əsas məqsədi Kipr xalqının maraqlarını müdafiə etməkdir və mümkün diplomatik razılaşmalar da həmin məqsədə xidmət etməlidir.
Akif NƏSİRLİ