Trampın sifarişilə Ağ Evin şərq qanadına pərçim edilərək tikilən bal salonu əzəmətli binanı kölgədə qoyması ilə tənqidlərə yol açıb.
999 qonaq tutumlu məkanın tikinti xərcləri 600 milyon dolları ötüb, tənqidçilər isə bu tikilini "həddindən artıq çirkin" adlandırırlar. Havadan çəkilmiş görüntülər tarixi prezident iqamətgahının üzərində ucalan, 90 000 kvadrat fut (təxminən 8360 kvadrat metr) sahəyə malik nəhəng bir tikilini nümayiş etdirir. "Marine One" helikopterindən çəkilmiş və Prezident Administrasiyası rəhbərinin müavini Den Skavino tərəfindən "X" sosial şəbəkəsində paylaşılan videodan götürülmüş bu kadr, yeni tikilən binanın tarixi prezident iqamətgahını kölgədə qoyduğunu göstərir. Sözügedən kadr ictimai rəy sorğuları keçirən "Ipsos" şirkətinin keçmiş baş direktoru Ben Peyc tərəfindən "X" platformasında paylaşılıb. Cənab Peyc, "Vay, Ağ Evin ziyafət zalı... həqiqətən də “maraqlı” bir şeydir. Yumşaq desək," – deyə şərh verib. İnternet istifadəçilərindən biri belə yazıb: "Dəhşətlidir. Ağ Ev bu iki tikilidən daha əhəmiyyətsiz olanına çevrilir". Başqa bir istifadəçi isə "X" platformasında yazıb: "Bu sökülməlidir. O, Ağ Evi kiçik göstərir və həddindən artıq çirkindir. Sadəcə, pulun havaya sovrulmasıdır”. Əvvəlcə, 2025-ci ilin iyulunda cənab Tramp 650 qonaq tutumlu, 90 000 kvadrat fut sahəsi olan bir ziyafət zalı tikmək planlarını açıqlamışdı. Daha sonra o, zalın daha böyük olacağını və 900 nəfər tutacağını bildirdi; həmin ilin oktyabrına qədər isə tutumun 999 nəfər olacağı müəyyənləşdi. Layihənin ilkin qiymətləndirməyə görə 200 milyon dollara (152 milyon funt-sterlinq) başa gələcəyi nəzərdə tutulmuşdu, lakin sonradan xərclər təxminən 400 milyon dollara yüksəldi. Mart ayında "The Washington Post" qəzetinin əldə etdiyi, layihənin podratçısına aid daxili hesablamalarda ümumi xərcin 600 milyon dollar təşkil etdiyi göstərilirdi. Layihənin yekun xərci isə hələlik dəqiq məlum deyil.
SAMİRƏ