ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranın təhlükəsizlik xidmətinin yüksək vəzifəli nümayəndəsi ilə üzbəüz danışıqlar aparmaq imkanını nəzərdən keçirir. Bu barədə “The Wall Street Journal” qəzeti məlumatlı mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Vens ABŞ və İran arasında müharibəyə son qoymaq məqsədilə birbaşa danışıqların keçirilməsini planlaşdırır. Onun fikrincə, bu münaqişə Respublikaçılar Partiyasının siyasi mövqelərinə mənfi təsir göstərir.
Mənbələrin bildirdiyinə görə, son günlər ABŞ Prezidenti Donald Tramp yüksək vəzifəli köməkçilərinə və yaxın ətrafına Vensin İranla danışıqları bərpa etməsinə açıq olduğunu bildirib və ona bu istiqamətdə danışıqlar aparmaq səlahiyyəti verib.
Qəzetin həmsöhbətləri mümkün danışıqların növbəti mərhələsi üçün Qətərin paytaxtı Dohanın nəzərdən keçirildiyini bildiriblər. Bunun üçün Vensin və İran rəsmilərinin görüş barədə razılığa gəlməsi nəzərdə tutulur.
Məlumata görə, ABŞ-ın vitse-prezidenti hələ oktyabr ayında İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə məktub göndərərək onunla görüş keçirməyi təklif edib. Görüşün tarixi hələ müəyyənləşdirilməyib. Bununla belə, tərəflər növbəti addımlarla bağlı vasitəçilər və müttəfiqlər üzərindən təmasları davam etdirirlər.
Qeyd edək ki, ötən həftə Vens ABŞ-ın İranla münaqişəsinin Respublikaçılar Partiyasını dəstəkləyən bir çox seçicinin aralıq seçkilərdə demokratlara səs verməsinə səbəb olduğunu bildirib.
“Uğursuzluğumuzun səbəbi müharibə oldu. Prezident özü də ötən gecə bunu bəyan edib”, – deyə Vens sosial şəbəkə hesabında yazıb.
Tahir TAĞIYEV