Ermənistan parlamenti ABŞ-la imzalanmış strateji əməkdaşlıq çərçivə sazişi əsasında həyata keçirilməsi nəzərdə tutulan “Tramp marşrutu” layihəsi ilə bağlı qanunvericilik dəyişikliklərini birinci oxunuşda yekdilliklə qəbul edib.
Noyabrın 12-də Milli Assambleyanın növbədənkənar iclasında müzakirəyə çıxarılan qanun layihələri 64 deputatın səsverməsi ilə dəstəklənib. Müxalifətdəki “Güclü Ermənistan” və “Ermənistan” bloklarının fraksiyaları isə iclasda və səsvermədə iştirak etməyib.
Ermənistanın ədliyyə nazirinin müavini Tiqran Dadunts bildirib ki, təklif olunan dəyişikliklər Ermənistanın ratifikasiya etdiyi beynəlxalq müqavilələr əsasında yaradılan şirkətlər üçün vahid və daimi fəaliyyət göstərən hüquqi mexanizmin formalaşdırılmasını nəzərdə tutur. Bu mexanizm dövlətin payının 25 faiz və daha çox olduğu şirkətlərə şamil ediləcək.
Hökumət qanunvericilik dəyişikliklərinin zəruriliyini Ermənistan və ABŞ arasında “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRİPP) layihəsi üzrə strateji tərəfdaşlıq haqqında çərçivə sazişi ilə əsaslandırıb. Saziş Ermənistan parlamenti tərəfindən oktyabrın 28-də ratifikasiya edilib.
Sənədə əsasən, sazişin ratifikasiyasından sonra layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan şirkətin yaradılması istiqamətində işlərə başlanmalıdır. Bunun üçün mövcud qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi tələb olunur.
Tahir TAĞIYEV