Şərqi Aralıq dənizində enerji ehtiyatları uğrunda geosiyasi rəqabət yenidən aktuallaşır. ABŞ-ın enerji nəhəngi ExxonMobil şirkəti Kiprin iqtisadi zonasında yerləşən Pegasus qaz yatağında əlavə qazma və sınaq işlərinə dekabr ayında qayıtmağa hazırlaşır. Şirkətin nümayəndəsi Con Ardill noyabrın 10-da bu barədə Kipr Prezidenti Nikos Xristodulidislə görüşündə məlumat verib. Layihə üzrə yekun investisiya qərarının 2029-cu ildə qəbul edilməsi, ilk qaz hasilatının isə 2033-cü ildə başlanması nəzərdə tutulur.
Bu proses Türkiyənin Şərqi Aralıq dənizindəki maraqları baxımından da diqqət çəkir. Ankara uzun müddətdir Kiprin iqtisadi zonasında həyata keçirilən enerji layihələrinə və dəniz yurisdiksiyası məsələlərinə etiraz edir, Şimali Kipr türklərinin də bölgənin enerji ehtiyatları üzərində hüquqlarının nəzərə alınmasını tələb edir. İndi isə ABŞ şirkətinin layihəni davam etdirməsi Türkiyənin hansı mövqe sərgiləyəcəyi ilə bağlı suallar doğurur. Ankara bu dəfə də diplomatik etirazlarla kifayətlənəcək, yoxsa prosesə daha fəal müdaxilə edəcək?
ExxonMobil-in Pegasus yatağında qazma işlərini bərpa etməsi Türkiyə ilə Kipr arasında Şərqi Aralıq dənizində enerji və dəniz yurisdiksiyası ilə bağlı gərginliyi yenidən artıra bilərmi? Türkiyənin hələlik səssiz qalmasını necə izah etmək olar? ABŞ-ın belə bir layihədə iştirak etməsi Ankaranın mövqeyinə təsir göstərirmi və Türkiyə bu prosesə qarşı hansı siyasi, diplomatik və iqtisadi addımlar ata bilər?
İlham Şaban: "Türkiyənin Kipr və İsrailin qaz yataqlarına təsir göstərmək üçün real hüquqi və iqtisadi rıçaqları yoxdur"
Neft sənayesi üzrə ekspert İlham Şaban məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Kipr məsələsinə ilk növbədə beynəlxalq hüquq baxımından yanaşmaq lazımdır. Onun sözlərinə görə, Kipr Respublikası BMT-nin üzvüdür, Avropa İttifaqının tərkibinə daxildir və beynəlxalq səviyyədə tanınan dövlətdir. Adanın əhalisinin əksəriyyətini yunanlar təşkil edir. Şimal hissəsində isə 1974-cü il hadisələrindən sonra adada yaşayan türklərin hüquqlarının qorunması və siyasi mövqelərinin təmin edilməsi məqsədilə Şimali Kipr Kıprız Türk Cümhuriyyəti yaradılıb.
Ekspert qeyd edib ki, Şimali Kipr Kıbrıs Türk Cümhuriyyəti Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmır. Bu da adanın gələcək statusu və birləşməsi ilə bağlı məsələləri mürəkkəbləşdirir. Vaxtilə Kiprin Avropa İttifaqına üzvlüyü prosesi zamanı tərəflərin mövqelərində müəyyən yumşalma müşahidə olunsa da, son nəticədə fikir ayrılıqları aradan qalxmayıb və hər iki tərəf öz mövqeyində qalıb.
İlham Şabanın fikrincə, son 15 ildə Türkiyə ilə Yunanıstan arasında münasibətlərdə müəyyən normallaşma müşahidə olunsa da, Cənubi Kipr özünü müstəqil dövlət kimi aparır, ayrıca sərhədlərə və iqtisadi zonaya malikdir, dəniz şelfində qaz hasilatı həyata keçirir. Bu baxımdan Türkiyənin həmin fəaliyyətə hüquqi müstəvidə birbaşa müdaxilə imkanları məhduddur.
Ekspert məsələyə Azərbaycanın Xəzər dənizindəki təcrübəsi ilə müqayisə apararaq yanaşıb. O bildirib ki, Azərbaycanla Türkmənistan arasında Xəzərin hüquqi statusu və "Dostluq" yatağı ilə bağlı razılaşmalar əldə olunsa da, yatağın birgə işlənməsi istiqamətində hələ də konkret nəticə yoxdur. Halbuki, tərəflər arasında siyasi iradə və əməkdaşlıq imkanları mövcuddur. Bu nümunə göstərir ki, hətta yaxın tərəfdaşlar arasında belə, dəniz yataqlarının işlənməsi məsələsi hüquqi və iqtisadi baxımdan mürəkkəb prosesdir.
İlham Şaban hesab edir ki, Türkiyənin Kipr və İsrailin dəniz şelfindəki qaz yataqları ilə bağlı mövqeyini reallaşdırması daha çətin məsələdir. Çünki burada söhbət yalnız regional dövlətlərdən deyil, həm də ABŞ və Avropanın iri enerji şirkətlərindən gedir. Türkiyənin belə böyük beynəlxalq şirkətlərlə qarşıdurmaya getməsi üçün ciddi iqtisadi və hüquqi əsaslar tələb olunur.
Ekspertin qənaətinə görə, Türkiyənin bu məsələlərlə bağlı sərt siyasi bəyanatları daha çox öz mövqeyini nümayiş etdirmək və regional maraqlarını diqqətdə saxlamaq məqsədi daşıyır. Lakin mövcud şəraitdə Ankaranın bu mövqeyi hərbi və ya iqtisadi vasitələrlə öz xeyrinə dəyişmək imkanları məhduddur.
Dəniz NƏSİRLİ