Ermənistan siyasi səhnəsində radikal müxalifətin neytrallaşdırılmasında hüquq-mühafizə orqanlarının imkanlarından geniş şəkildə istifadə olunur. Elə bu kontekstdə təsadüfi deyil ki, sözügedən düşərgənin liderləri, eləcə də onlarla aparıcı üzvləri və digər tərəfdarları artıq dəmir barmaqlıqlar arxasındadır. Nikol Paşinyan iqtidarı bununla həm siyasi sahəni əsas rəqiblərindən təmizləyir, həm də konkret xarici qüvvələrin bu şəxslər vasitəsilə hakimiyyəti üçün yaratdığı təhdidlərə qarşı preventiv tədbirlər görür. Liderləri həbsə atılan müxalifətin Paşinyana qarşı müqavimət imkanları, o cümlədən cəmiyyəti səfərbər etmək cəhdləri də iflasa uğrayır. Azadlıqda qalanlar da liderləri ilə eyni aqibəti yaşacaqlarından qorxurlar. Bu şəraitdə Paşinyan həm də müxalifət tərəfindən sərt etirazla qarşılanan yeni Konstitusiya layihəsinin referenduma çıxarılması üçün parlamentdən keçəcəyinə ümid edir.
Xatırladaq ki, Haqik Tsarukyan, Robert Köçəryandan sonra Ermənistanın baş naziri Nikol Paşinyan radikal müxalifətin əsas liderlərindən biri hesab olunan Samvel Karapetyanı da yenidən həbsə göndərdi. Milyarder iş adamı ötən il Erməni Apostol Kilsəsini öz bildiyi yolla müdafiə edəcəyini bildirməsindən sonra hakimiyyət çevrilişinə cəhddə ittiham olunaraq 7 ay həbsdə qalıb. Bu ilin yanvar ayından bəri ev dustaqlığında olan 61 yaşlı Samvel Karapetyanın yenidən həbs olunması ilk növbədə Paşinyana müxalifət vasitəsilə xarici qüvvələrin Ermənistanın siyasi həyatına təsir imkanlarını əhəmiyyətli dərəcədə azaltmağa imkan verib. Elə adları çəkilən müxalifətçilər də, bilavasitə Rusiyada müəyyən dairələrə bağlıdırlar, oradan gələn direktivlərlə hərəkət edirdilər və İrəvanın Moskva ilə mövcud münasibətlərinin ən qatı tənqidçiləri hesab olunurdular. Paşinyan özü də ölkə daxilində müxalifətin hakimiyyətə qarşı həyata keçirməyə çalışdığı “gizli plan”ın arxasında Rusiyadakı müəyyən dairələr durduğunu bildirib. “Həyat Naminə Ölkə” Partiyasının sədri Mane Tandilyan bildirir: “Samvel Karapetyanın həbsi Paşinyanın müxalifət xadimlərinə qarşı siyasi təqiblərinin bir hissəsidir. O, belə yollarla müxalifəti siyasi proseslərdən kənarda qoymaq istəyir. Bu, Paşinyanın gücünün yalnız təhlükəsizlik qüvvələrinə, insanların qorxularının manipulyasiyasına və inzibati aparatın rıçaqlarına əsaslandığını göstərir. Amma ittihamların əsassızlığı səbəbindən sonrakı hüquqi proses dalana dirənəcək”. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən başlanan yeni cinayət təqibi Karapetyan ailəsinin uzun illər idarə etdiyi “Ermənistan Elektrik Şəbəkələri” ilə bağlıdır. Karapetyandan başqa daha 35 nəfər bu işdə ittiham edilir və onlardan bir neçəsi artıq həbs olunub. Amma həbsə göndərilənlərin sayının daha da artacağı gözlənilir. Onlar arasında Samvel Karapetyanın parlamentdəki siyasi komandasının əsas nümayəndələri var. Bunlar ilk növbədə “Güclü Ermənistan” fraksiyasının rəhbəri, Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan və deputat David Qazinyandır. Baş Prokurorluğun bu şəxslərin deputat toxunulmazlıqlarından məhrum edilməsi üçün parlamentə tezliklə müraciət edəcəyi gözlənilir. Müvafiq müraciətin qəbulu üçün hakim “Vətəndaş Müqaviləsi” Partiyasının səsləri kifayətdir. Narek Karapetyan və David Qazinyan uzun illər “Ermənistan Elektrik Şəbəkələri”ndə müxtəlif vəzifələrdə çalışıb. Baş verənlərdən sonra Narek Karapetyan və siyasi komandanın digər üzvləri iddia edirlər ki, hakimiyyət onlara yeni konstitusiya layihəsinin parlamentdə qəbul olunaraq referenduma çıxarılması üçün hüquq-mühafizə orqanları vasitəsilə təzyiq edir. Narek Karapetyan qeyd edir: “Nikol Paşinyan müxalifəti yeni həbslərlə yeni konstitusiyanın qəbul olunmasına razı salmağa çalışır. Amma yüzlərlə insan həbs olunsa belə, mövqeyimiz dəyişməyəcəyik. Bütün müxalifət yeni konstitusiyasının qəbuluna qarşı birləşməli, milli dəyərlərin, Erməni Apostol Kilsəsinin qorunması və ölkədə demokratiyanın bərpası istiqamətində birgə fəaliyyət göstərməlidir. Bu məsələlərdə razılığa gəldikdən sonra siyasi qüvvələr öz proqramlarına və prioritetlərinə uyğun olaraq fəaliyyət göstərməyə davam edə biləcəklər. Küçə mübarizəsi də daxil olmaqla, Konstitusiyanın icazə verdiyi bütün vasitələrdən istifadə edərək bu hakimiyyətə qarşı çıxacağıq”.
Son seçkilərdə konstitusiya çoxluğu qazanmayan hakim “Vətəndaş Müqaviləsi”nin referendum qərarını qəbul etməsi üçün ən azı altı müxalifət səsi tələb olunur. Paşinyan artıq bəyan edib ki, müxalifəti narahat edən bütün suallara müsbət cavab verərsə və bundan sonra onlar yenidən yeni konstitusiyaya qarşı olduqlarını bildirsələr, müxalifətə qarşı ictimai təzyiq işə düşəcək. Amma Samvel Karapetyanın azadlıqdan məhrum edilməsindən və Narek Karapetyanın gözlənilən həbsindən sonra parlamentdə təmsil olunan müxalifətin bəzi üzvlərinin eyni taleyi yaşamamaq üçün yeni konstitusiyaya səs verməsi də istisna olunmur. “Hayastan” blokundan parlament üzvü Artur Xaçatryan bildirir: “Müxaliflərin həbsi yeni konstitusiyanın müzakirəsi ilə əlaqəlidir. Nikol Paşinyan Ermənistanın əsas qanununda dəyişiklik etmək üçün müxalifəti hər vasitə ilə qorxutmağa, təzyiq göstərməyə çalışır. Paşinyan ictimai təzyiqdən danışır və birdən-birə biz bu maskalı şounu görürük”. Hakimiyyətin təzyiqləri qarşısında 12 müxalifət partiyası birləşdiklərini bəyan ediblər. Amma cəmiyyətdə onlara dəstəyin az olması, bağlı olduqları xarici qüvvələrin təsir imkanlarının azalması müxalifətin hakimiyyətlə mübarizədə uduzma ehtimalını daha da artırır. “Hayastan” bloku fraksiyasının rəhbəri Anna Qriqoryan isə bildirib ki, məhz bu şəraitdə hökumətin təşəbbüsü ilə Ermənistan konstitusiyasına edilən düzəlişin tək bir məqsədi var: preambuladan Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması. Qriqoryan bir daha təkrarlayıb ki, Azərbaycanın tələbi ilə Ermənistan konstitusiyasında dəyişiklik edilməsi qəbuledilməzdir: "Onlar bir məqsədə çatmağa çalışırlar: Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması. Hazırda təklif olunan düzəlişlər haqqında deyilənlərdən başqa az şey məlum olsa da, bir şey dəqiqdir: məqsəd bəyannaməyə istinadın çıxarılmasıdır". Millət vəkili vurğulayıb ki, bu, açıq-aydın Azərbaycanın tələbidir və Ermənistandakı insanlar kənar tərəfin tələbi ilə qəbul edilmiş konstitusiya altında yaşaya bilməzlər. O, müxalifətin aktiv fəaliyyət mərhələsi barədə daha sonra məlumat verəcəyinə söz verib: "Hazırda referenduma səs verməyəcəyimizi qeyd edirik.
Seçicilərimiz bizə bu konstitusiyanın irəli sürülməsinə icazə verməməyi tapşırıblar". Qriqoryan mövcud konstitusiyanı tənqid edən və səkkiz il ərzində sakitcə onunla hakimiyyətdə olan Paşinyanın özünün sözlərini xatırladaraq qeyd edib: "Konstitusiya dəyişiklikləri hökumətin gündəliyində idi və onlara səs vermək istəyənlər bunu etdilər". Amma indi Paşinyan Azərbaycanın istəyi ilə konstitusiyanı dəyişdirir". Niderlandın “Clingendael” analitik mərkəzi isə yazır ki, Azərbaycanla sülh sazişinin yekunlaşdırılması Ermənistanın Konstitusiyasında dəyişikliklər və TRIPP layihəsinin həyata keçirilməsi ilə əlaqəlidir. Qeyd edilir ki, 2025-ci ilin avqustunda Ermənistan və Azərbaycan Vaşinqtonda sülh sazişini ilkin olaraq paraflayıblar, lakin sənəd indiyədək imzalanmayıb. Əsas maneələrdən biri Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbidir. Araşdırmada qeyd olunur ki, beləliklə, sülh sazişinin yekun mətninin hazırlanması yalnız tərəflər arasında əldə edilmiş razılaşmalardan deyil, həm də Ermənistanın daxili siyasi proseslərindən asılıdır. Bu şəraitdə Ermənistanın cənubundan keçən və regional əlaqəliliyi təmin etməli olan TRIPP nəqliyyat layihəsi xüsusi əhəmiyyət kəsb edir. Oktyabrın 28-də Ermənistan parlamenti layihənin çərçivə sazişini ratifikasiya edib. Nəzərdə tutulan struktura əsasən, layihənin inkişafı ilə məşğul olacaq şirkətin səhmlərinin 74 faizi ABŞ-yə, 26 faizi isə Ermənistana məxsus olacaq. Lakin tikinti işlərinin başlanması, ehtimal ki, 2027-ci ilə qədər təxirə salınacaq. Bununla yanaşı, İranda qeyri-sabitlik güclənəcəyi təqdirdə marşrutun əhəmiyyəti arta bilər. “Clingendael” qeyd edir ki, Vaşinqton Cənubi Qafqazda sülh prosesinin irəliləməsində həlledici rol oynayıb. ABŞ digər xarici aktorların müqayisəolunan nəticə əldə edə bilmədiyi istiqamətdə irəliləyişə nail olub. İnstitutun qiymətləndirməsinə görə, Avropa İttifaqı əldə olunmuş razılaşmaların praktiki icrasına daha çox diqqət yetirməlidir. Prioritetlər sırasında Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası, gömrük əməkdaşlığı, vəziyyətin monitorinqi və infrastrukturun inkişafı yer alır. Avropa İttifaqı artıq regional əlaqəliliyin təmin edilməsi üçün 200 milyon avroya qədər vəsait ayıracağına söz verib.
Tahir TAĞIYEV