Son dövrlər Fransada və bir sıra Avropa ölkələrində keçirilən kütləvi etiraz aksiyalarının arxasında xarici qüvvələrin dayanması ehtimalı ciddi müzakirə mövzusuna çevrilib. Xüsusilə sosial şəbəkələr vasitəsilə etirazların təşkilinə, ictimai narazılığın qızışdırılmasına və siyasi proseslərə təsir göstərilməsinə dair iddialar diqqət çəkir. Maraqlıdır ki, bu ehtimal hələ xeyli əvvəl "Bakı-Xəbər" qəzetində dərc olunan siyasi məqalədə də irəli sürülmüş, Avropada baş verən proseslərin arxasında geosiyasi maraqların və xarici təsir mərkəzlərinin dayana biləcəyi vurğulanmışdı. İndi isə Avropa mediasında, o cümlədən "Euronews"də sosial şəbəkələrdəki təxribatçı hesabların Rusiya, İsrail və ABŞ-dakı MAGA hərəkatı ilə əlaqəli çevrələrdən idarə oluna biləcəyinə dair məlumatların yayılması həmin ehtimalları yenidən gündəmə gətirib. Bəs bu iddialar nə dərəcədə əsaslıdır və Avropa küçələrindəki etirazlar xarici güclərin geosiyasi mübarizəsinin alətinə çevrilirmi?
Eyni zamanda, Avropa ölkələrindən İrana qarşı təhlükə ritorikasının güclənməsi, İranın raket imkanlarının Avropa üçün potensial təhdid mənbəyi kimi təqdim olunması diqqət çəkir. Xüsusilə ABŞ və Böyük Britaniyanın hərbi aviasiyası, regiondakı hərbi bazalar və İranın mümkün cavab tədbirləri ətrafında müzakirələr bu məsələni yenidən gündəmə gətirib. Digər tərəfdən, ABŞ-ın Böyük Britaniyadakı bəzi hərbi obyektlərdən təyyarələrini geri çəkməsi və Avropada İran təhlükəsi ilə bağlı səslənən fikirlər müəyyən suallar doğurur. Belə bir təsəvvür yaranır ki, İranın Avropa üçün təhlükə olması məsələsi təkcə hərbi deyil, həm də siyasi müstəvidə gündəmə gətirilir. Bu kontekstdə ABŞ və Avropa arasında İrana qarşı ortaq mövqe formalaşdırılması cəhdlərinin olub-olmaması da maraq doğurur.
Avropa dövlətlərində İranın potensial raket təhlükəsi ilə bağlı narahatlıqların artmasını necə qiymətləndirmək olar? İranın həqiqətən Avropa ölkələrinə zərbə endirmək imkanları və belə bir addımın siyasi-hərbi nəticələri varmı, yoxsa bu təhlükə ritorikası ABŞ-ın Avropa dövlətlərini İrana qarşı daha sərt mövqeyə və ortaq hərbi-siyasi fəaliyyətə cəlb etmək strategiyasının tərkib hissəsidir? ABŞ-la Avropa arasında bu istiqamətdə əvvəlcədən razılaşdırılmış fəaliyyətin əlamətləri görünürmü?
Elşad Həsənov: "Dünyanın yenidən bölüşdürülməsi prosesində yeni geosiyasi reallıqlar meydana çıxır"
Politoloq Elşad Həsənov məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə müsahibəsində bildirib ki, son illər dünyada geosiyasi mübarizə getdikcə daha kəskin xarakter alır. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən qarşıdurmalar və beynəlxalq münasibətlərdə artan gərginlik qlobal iqtisadiyyata ciddi təsir göstərir. Bu proseslər enerji daşıyıcılarının qiymətində dəyişikliklərə, iqtisadi çətinliklərə və əhalinin sosial vəziyyətinin ağırlaşmasına səbəb olur.
Politoloqun sözlərinə görə, Avropanın Fransa, İspaniya, İtaliya və Portuqaliya kimi ölkələrində baş verən kütləvi etirazların əsas səbəblərindən biri də məhz sosial-iqtisadi problemlər, yaşayış xərclərinin və yanacağın qiymətinin artmasıdır. Xüsusilə Yaxın Şərqdəki münaqişələr, İran ətrafında yaranan gərginlik və Hörmüz boğazının bağlanması ehtimalı dünya enerji bazarına ciddi təsir göstərir. Enerji qiymətlərinin yüksəlməsi isə həm Avropa ölkələrində, həm də ABŞ-da əhalinin sosial narazılığını artırır.
Elşad Həsənov hesab edir ki, Avropadakı etirazların arxasında yalnız sosial-iqtisadi narazılıqlar dayanmır, bəzi xarici qüvvələr də mövcud vəziyyətdən öz geosiyasi maraqları naminə istifadə etməyə çalışırlar. Onun fikrincə, Rusiya və digər dövlətlərin xüsusi xidmət orqanlarının Avropa ölkələrindəki narazı elektoratla işləməsi, ictimai rəyə təsir göstərməsi və kütləvi etirazları istiqamətləndirməsi ehtimalı nəzərə alınmalıdır. Bununla belə, etirazların sosial-iqtisadi səbəblərini də unutmaq olmaz. İnsanlar yaxşı yaşayış şəraitində olduqları halda kütləvi şəkildə küçələrə çıxmırlar. Deməli, xarici təsirlərdən istifadə etmək üçün əvvəlcə cəmiyyət daxilində real narazılıq mühiti formalaşmalıdır.
Politoloq bildirib ki, müasir dövrdə dövlətlərarası qarşıdurmaların forması da dəyişir. Artıq müharibələr yalnız raket zərbələri, hərbi əməliyyatlar və canlı qüvvənin iştirakı ilə aparılmır. Kiberhücumlar, sosial şəbəkələr, informasiya platformaları və rəqəmsal texnologiyalar geosiyasi mübarizənin mühüm alətlərinə çevrilib. Telefonlar, TikTok, Instagram və Telegram kanalları vasitəsilə ictimai rəyə təsir göstərmək, cəmiyyətdə narazılığı gücləndirmək və informasiya mühiti üzərində nəzarət yaratmaq imkanları genişlənib. Onun qənaətinə görə, gələcəkdə bu cür hibrid mübarizə üsulları daha da geniş yayılacaq.
Elşad Həsənovun fikrincə, ABŞ/İsrail-İran arasında baş verən hərbi qarşıdurma da beynəlxalq təhlükəsizlik sistemində yeni reallıqlar yaradıb. O hesab edir ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları Tehranın raket və hərbi potensialını tamamilə sıradan çıxara bilməyib. İranın öz hərbi resurslarının əhəmiyyətli hissəsini qoruyub saxlaması və raket imkanlarını inkişaf etdirməsi regiondan kənarda da təhlükəsizlik narahatlıqlarını artırır. Xüsusilə İranın ballistik raketlərinin uzaq məsafələrə çatmaq imkanları Avropa ölkələrində də ciddi müzakirələrə səbəb olur.
Politoloq qeyd edib ki, İran rəsmilərinin ABŞ-ın müxtəlif ölkələrdə yerləşən hərbi bazalarını hədəfə ala biləcəkləri ilə bağlı bəyanatları da təhlükəsizlik risklərini artırır. Bu səbəbdən ABŞ və Böyük Britaniyanın bəzi hərbi obyektlərdəki qüvvələrinin yerləşdirilməsi və təyyarələrin hərəkəti ilə bağlı qərarları diqqət çəkir. Belə şəraitdə Avropa ölkələri Yaxın Şərqdəki münaqişənin öz təhlükəsizliklərinə mümkün təsirlərini daha ciddi qiymətləndirməyə başlayırlar.
Politoloqun sözlərinə görə, ABŞ ilə Avropa arasında da İran müharibəsi fonunda müəyyən fikir ayrılıqları üzə çıxıb. Vaşinqtonun Avropa dövlətlərindən hərbi dəstək istəməsinə baxmayaraq, Fransa və Böyük Britaniya başda olmaqla, bəzi ölkələr bu müharibənin onların müharibəsi olmadığını bildirərək birbaşa iştirakdan çəkiniblər. Böyük Britaniya müəyyən hərbi-logistik dəstək göstərsə də, Avropa dövlətləri ümumilikdə münaqişəyə qoşulmaqda maraqlı olmayıblar. Bu mövqe transatlantik münasibətlərdə yeni gərginlik yaradıb. Donald Trampın Avropadakı ABŞ hərbi qüvvələrinin bir hissəsini geri çəkmək barədə bəyanatları da həmin fikir ayrılıqlarının göstəricilərindən biridir.
Elşad Həsənov hesab edir ki, bütün bu proseslər dünyanın yenidən geosiyasi bölgüsü mərhələsinə daxil olduğunu göstərir. İran da regionda və beynəlxalq münasibətlər sistemində öz təsir imkanlarını genişləndirməyə çalışır. Yaranmış vəziyyət isə yalnız Yaxın Şərqlə məhdudlaşmır, Avropanın təhlükəsizliyinə və qlobal güc balansına da təsir göstərir. Politoloqun qənaətinə görə, mövcud ziddiyyətlər aradan qaldırılmadığı təqdirdə, yaxın gələcəkdə beynəlxalq gərginliyin daha da artması və yeni hərbi qarşıdurmaların meydana çıxması ehtimalı yüksək olaraq qalacaq.
Akif NƏSİRLİ