AMEA-nın prezidenti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbəri, akademik İsa Həbibbəylinin elmi fəaliyyəti təkcə ədəbiyyatşünaslıqla məhdudlaşmır, həm də sənətşünaslığın, xüsusən də memarlığın nəzəri-estetik problemlərini əhatə edir. O, bədii təfəkkürlə memarlıq formalarının qarşılıqlı əlaqəsini sintetik sənət nəzəriyyəsi müstəvisində təhlil etmişdir. Akademikin yaradıcılığında sənətlərin sintetikliyi ideyası mühüm yer tutur. Akademikin elmi baxışına görə, memarlıq “daşlaşmış musiqi” olmaqla yanaşı, həm də xalqın tarixi hafizəsinin bədii-məkansal təcəssümüdür. O, bədii mətndə məkansal quruluşun və memarlıq obrazlarının mətnyaratma funksiyasını xüsusi qeyd edir.
Alimin fikrincə, bədii əsərdə təsvir olunan memarlıq obyektləri təkcə fonsuz dekorasiya deyil, semantik yük daşıyan obrazlı strukturdur. Burada, milli üslub və kimlik də Akademikin tədqiqatlarında ön plana çəkilir və Naxçıvan memarlıq məktəbi (Möminə Xatun türbəsi, Qarabağlar kompleksi) milli təfəkkürün və estetikanın zirvəsi kimi qiymətləndirilir.
Yeri gəlmişkən qeyd edək ki, Akademik İsa Həbibbəylinin nəzəri irsində Naxçıvan memarlıq məktəbi və onun dahiyanə banisi Əcəmi Naxçıvani fenomeni müstəsna yer tutur. Müəllif Naxçıvan memarlıq abidələrini təkcə mühəndislik və inşaat sənətinin təzahürü kimi deyil, birbaşa milli mənəviyyatın, məkansal təfəkkürün və estetik idealların daşlaşmış təcəssümü kimi səciyyələndirir. İsa Həbibbəyli Əcəmi Naxçıvaninin yaradıcılıq prinsiplərini klassik ədəbi mətndəki forma və məzmun vəhdəti ilə müqayisə edir. İsa Həbibbəylinin təhlillərində Möminə xatun türbəsi və Qarabağlar memarlıq kompleksi kimi şah əsərlərdə monumentallıqla incə ornamentallığın sintezi, ritm və simmetriya qanunauyğunluqları bədii mətnyaradan strukturlarla paralellik təşkil edir.
Akademik İsa Həbibbəyli göstərir ki, Orta əsr Naxçıvan türbələri və memorial abidələri dövrün fəlsəfi-estetik fikrinin, kəlam və təsəvvüf dünyagörüşünün memarlıq dilinə köçürülmüş nüsxəsidir. Abidələrin üzərindəki epiqrafik yazılar, həndəsi naxışlar və mütənasib ölçülər memarlığın poetik tektonikasını formalaşdırır.
Naxçıvan memarlıq məktəbinin bədii-üslub xüsusiyyətləri Akademikin tədqiqatlarında Azərbaycan xalqının milli kimliyini və mənəvi varisliyini qoruyub saxlayan mühüm məkansal amil kimi qiymətləndirilir. Bu abidələr həm də regional memarlıq ənənənin ümummilli mədəniyyət kontekstindəki yerini müəyyən edən nəzəri meyara çevrilir. İsa Həbibbəyli Əcəmi Naxçıvaninin Möminə xatun məqbərəsini Azərbaycan incəsənətinin daş “Xəmsə”si adlandırmışdır.
Nəticə etibarı ilə qeyd edək ki, Akademik İsa Həbibbəylinin yaradıcılığında memarlığa dair nəzəri fikirlər Azərbaycan sənətşünaslığının və fəlsəfi-estetik fikrinin zənginləşməsinə xidmət edir. Ədəbiyyatşünaslıqla memarlığın kəsişməsində irəli sürülən nəzəri müddəalar xalqın mənəvi və maddi mədəniyyətinin vəhdətdə öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Rizvan QARABAĞLI
Memarlıq üzrə fəlsəfə doktoru, dosent