Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas, Rusiyanın oğurlanmış ukraynalı uşaqları öz ölkələrinə qarşı döyüşməyə göndərmiş ola biləcəyi fikrini irəli sürüb. O, bu fikirləri noyabrın 11-də Brüsseldə, Avropa Parlamentində müzakirələr zamanı səsləndirib. Müzakirələr Rusiyaya zorla aparılan, eləcə də Rusiyanın işğalı altında olan Ukrayna ərazilərində yaşayan ukraynalı uşaqların vəziyyətinə həsr olunub. "Vəziyyət dəhşətli və eybəcər bir hal alıb: Rusiya, çox güman ki, oğurlanmış ukraynalı uşaqları geri göndərərək onları Ukraynaya qarşı döyüşməyə məcbur edir", - deyə Kallas bildirib. O, çıxışında bir neçə gün əvvəl Ukraynaya qayıdan 13 uşaq və yeniyetmədən biri olan Luka haqqında danışıb. Kallasın sözlərinə görə, Luka bu yaxınlarda 18 yaşına çatıb və dərhal sonra Rusiya ordusuna çağırış vərəqəsi alıb. Müzakirələr zamanı səsləndirilən rəqəmlərə istinad edən Kallas qeyd edib ki, Rusiya 20 500-dən çox ukraynalı uşağı qanunsuz olaraq deportasiya edib. O bildirib ki, noyabr ayına olan məlumata görə, 2790 ukraynalı uşaq uğurla geri qaytarılıb.
SAMİRƏ