"Ermənistanda birbaşa müharibə çağırışları hələlik yoxdur. Çünki Ermənistandakı siyasi qüvvələrin bir qisminin buna cəsarəti çatmaz, digər qisminin isə müharibə çağırışlarında heç bir marağı yoxdur. Xüsusilə hakimiyyətdə olan Vətəndaş Müqaviləsi Partiyasının müharibədə və müharibə çağırışlarında heç bir siyasi marağı yoxdur. Əksinə, onun marağı Azərbaycanla sülh prosesini sona qədər çatdırmaqdan ibarətdir".
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Amma hakimiyyətdə olmayan, məğlub edilmiş revanşist və ədalətsiz qüvvələrin müharibə çağırışlarında marağı ola bilər. Lakin onlar da qorxudan, cəsarətsizlikdən müharibə çağırışlarını açıq şəkildə səsləndirə bilmirlər. Bunun əvəzinə, müxtəlif siyasi yollara əl atırlar. Sülh prosesinə elə formada maneçilik törətməyə çalışırlar ki, bu, sonda faktiki olaraq müharibə vəziyyətinə gətirib çıxara bilər. Çünki Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmasa, bu prosesin alternativi mütləq müharibəyə hazırlıqdır. Ermənistanın müxalif qüvvələrinin də istədiyi elə budur ki, sülh prosesi pozulsun. Sülh prosesinin pozulması iki ölkə arasındakı münasibətlərin artıq müharibə həddinə gəlib çıxması deməkdir. Amma xoşbəxtlikdən, Ermənistandakı müxalifətçi qüvvələrin ölkəni sülh prosesindən döndərmək üçün kifayət qədər siyasi gücü yoxdur. Əgər Ermənistan cəmiyyətində onlara yetərincə dəstək olsa və xüsusilə də Kremlin Ermənistan müxalifətinə real dəstəyi təmin edilsə, bu, Ermənistanın apardığı siyasətin ölkə üçün təhlükəli xarakter almasına gətirib çıxara bilər. Çünki təhlükəli nəticə sülh prosesinin pozulmasıdır. Bu isə yalnız o zaman baş verə bilər ki, Moskva Ermənistandakı müxalif qüvvələri dəstəkləsin, onları Azərbaycanla sülh prosesini pozmağa sövq etsin və belə bir addım üçün lazımi güclə təmin etsin. Ona görə də Ermənistandakı müharibə çağırışlarının hazırda ölkədəki sabitliyə və Azərbaycanla sülh prosesinə real təsir imkanları yoxdur. Amma bu, indiki vəziyyətə aiddir. Müəyyən müddətdən sonra sülh sazişi imzalanmasa, vəziyyətin təhlükəli istiqamətdə dəyişməsi ehtimalı da var”.