"The New York Times" qəzeti müxtəlif mənbələrə istinadən xəbər verir ki, Türkiyə, Pakistan və İraq ABŞ-ın İrana qarşı yeni blokada strategiyasına qarşı çıxıb. İranın cənubunda Hörmüz boğazı mərkəzli dəniz blokadası artıq mövcuddur. Noyabrın 7-də fəaliyyətə başlayan "Dəmir Qapılar" işçi qrupu İranın quru ticarət yollarını, eləcə də Xəzər dənizi vasitəsilə həyata keçirilən daşımaları kəsmək tapşırığını yerinə yetirir. Bu, ABŞ-ın İranı "iqtisadi cəhətdən təcrid etmək" məqsədi daşıyan daha genişmiqyaslı kampaniyasının bir hissəsidir. Lakin İranın qonşuları Amerika planını dəstəkləməyə hazır deyillər. ABŞ-ın son addımları onun regiondakı müttəfiqləri arasında narazılığa səbəb olub. "The New York Times"a danışan üç iraqlı rəsmi şəxs və bir ABŞ nümayəndəsinin sözlərinə görə, Vaşinqton rəsmiləri bir neçə həftə ərzində regional dövlətləri İranla sərhəd-keçid məntəqələrini bağlamağa inandırmağa çalışsalar da, buna nail ola bilməyiblər. İranın qonşuları hesab edirlər ki, quru sərhəd blokadası təcrid olunmuş İslam Respublikasına nə qədər ziyan vuracaqsa, onlara da bir o qədər ziyan vura bilər. Qeyd etmək lazımdır ki, İranın ən böyük ticarət tərəfdaşlarından biri olan İraq, İranla sərhədi bağlandığı təqdirdə ən ciddi itkilərə məruz qalan tərəf olardı. Bağdad sərhəddə tam nəzarət altına alınması qeyri-mümkün ola biləcək genişmiqyaslı iğtişaşların baş verməsindən narahatdır.
SAMİRƏ