Şəhər yaşıllaşdırılması təkcə estetik görünüş yaratmaq deyil, həm də şəhər mikroklimatını tənzimləyən, havanı filtrləyən və əhalinin həyat keyfiyyətini yüksəldən kompleks bio-mühəndislik sistemidir. Lakin plansız yaşıllaşdırma tədbirləri və növ seçimində buraxılan səhvlər gözlənilən ekoloji xidmətlər əvəzinə ciddi kommunal və səhiyyə problemləri doğurur. Bu baxımdan, Bakı və digər iri şəhərlərimizin landşaftında tez-tez xoşagəlməz fəsadlara rast gəlinir. Məsələn, güclü və səthi kök sisteminə malik çinar cinsli ağaclar zamanla asfalt örtüyünü, səkiləri, yeraltı boru və kabel xətlərini dağıdır.
Eləcə də qovaq ağaclarının tüklü toxumları (lifləri) yaz aylarında havalanaraq tənəffüs yolları xəstəliklərini, göz allergiyasını kəskinləşdirir və yanğın riski yaradır. Bununla yanaşı, şəhərin piyada zonasında meyvə verən ağacların yetişmiş meyvələrinin yerə tökülməsi anti-sanitar şərait yaradır, milçək, arı və digər zərərverici həşəratların kütləvi artımına səbəb olur. O cümlədən, zəhərli və allergen kolluqlar kimi toksik tərkibli və ya kəskin allergen tozcuq yayan bəzi dekorativ kollar ictimai istirahət zonalarında uşaqlar və ev heyvanları üçün bioloji baxımından təhlükə mənbəyidir. Bütün bu kimi məsələləri aradan qaldırmaq üçün beynəlxalq təcrübələrdən istifadə etmək işin xeyirlinə olar.
Məsələn beynəlxalq meşəçilik qaydalarına əsasən, şəhər mühiti üçün bitki seçilərkən “Doğru bitki-doğru məkan” konsepsiyası əsas götürülür. Burada
İnfrastrukturun dağılmasının qarşısını almaq üçün, kök yönəldici sədlərdən və modullu torpaq karkaslarından geniş istifadə olunur. Bu texnologiyalar ağac köklərinin dərinliyə doğru böyüməsini təmin edir və asfalt örtüyünün zədələnməsinin qarşısını alır. Yaxud, meyvə tökülməsi və toxum lifləri problemini həll etmək üçün müasir şəhər landşaftında yalnız erkək ağac növləri əkilir. Məsələn, qovaq ağacının erkək fərdləri lif toxum əmələ gətirmir. Meyvəli ağaclar isə şəhər küçələrində deyil, yalnız xüsusi kənd təsərrüfatı parklarında və ya qapalı bağlarda əkilir.
Yuxarıdakı qeyd etdiyimizlə yanaşı, şəhər mərkəzində torpaq qıtlığını da nəzərə almalıyıq. Bunun üçün şaquli yaşıllaşdırma qaydasından geniş istifadə etmək olar.
Xatırladaq ki, şəhər mərkəzlərində torpaq sahələrinin məhdudluğu şəraitində şaquli yaşıllaşdırma (yaşıl fasadlar və yaşayan divarlar) ekoloji tarazlığı bərpa etməyin ən effektiv üsuludur. Bu üsulun tətbiqi zamanı bitki örtüyü günəş radiasiyasını udur və binanın səth temperaturunu nəzərə çarpacaq dərəcədə aşağı endirir və eyni zamanda, havada olan tozu, ağır metalları və nəqliyyat qazlarını effektiv şəkildə neytrallaşdırır. Digər tərəfdən, bitki yarpaqları şəhər nəqliyyatından gələn səs dalğalarını udur və səsin aks etdirilməsini azaldır.
Yuxarıdakı nəzəri modellər və tədqiqatlar göstərir ki, yaşıl divarlar günəş şüalarını əks etdirmək və udmaqla yanaşı, buxarlanma yolu ilə binanın səthini sərinlədir. Bu üsul, yayda kondisioner xərclərini, qışda isə istilik itkisini əhəmiyyətli dərəcədə azaldır. Bu da öz növbəsində şəhər mühitində təbiətlə vizual təması artıraraq insanlarda stressi azaldır, diqqəti bərpa edir və ümumi rifah halını yüksəldir.
Nəhayət, yuxarıdakı nəzəri fikirlərimizi yekunlaşdıraraq, Bakı və Azərbaycanın digər iri şəhərlərində ekoloji cəhətdən dayanıqlı və təhlükəsiz şəhər mühiti formalaşdırmaq üçün, aşağıdakı tədbirlərin görülməsini məqsədəuyğun hesab edirik:
1.Abşeron yarımsəhra iqliminə və küçə şəraitinə dözümlü, kök sistemi dərinə inkişaf edən, lif yaymayan və meyvə tökməyən ağac növlərinə üstünlük verilməlidir.
2.Səki və küçə boyu əkilən iri gövdəli ağacların altına mütləq şəkildə müasir geotekstil kök sədləri və modulları tətbiq edilməlidir.
3.Yeni tikilən binaların və nəqliyyat qovşaqlarının (ötürücülərin, körpü dayaqlaranın) layihələndirilməsində şaquli yaşıl sistemlərin tətbiqi tikinti normativlərinə daxil edilməlidir.
Rizvan QARABAĞLI
Memarlıq üzrə fəlsəfə doktoru, dosent