Finlandiya Müdafiə Qüvvələri Finlandiya körfəzində, Suursaari adası yaxınlığında Rusiyanın hərbi gəmisinə qarşı hücum aşkarlandığını açıqlayıb. Hadisə ilə əlaqədar körfəzin şərq hissəsində dəniz və hava məkanının müvəqqəti bağlandığı bildirilib.
Finlandiyanın “Yle” telekanalının məlumatına görə, ölkənin Müdafiə Qüvvələri yazılı açıqlamasında Rusiyanın hərbi gəmisinə qarşı hücumun qeydə alındığını təsdiqləyib. Qurum vurğulayıb ki, hadisə Finlandiyaya qarşı birbaşa təhlükə yaratmır.
Bununla belə, təhlükəsizlik tədbirləri çərçivəsində Finlandiya körfəzinin şərq hissəsində dəniz və hava məkanına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) daha əvvəl Rusiyanın Leninqrad vilayətində yerləşən Ust-Luqa limanının və Rusiyaya məxsus “Buyan-M” sinifli kiçik raket gəmisinin hədəfə alındığını bildirmişdi.
Hücumun Finlandiya Müdafiə Qüvvələrinin aşkar etdiyi hadisə ilə əlaqəli olub-olmadığı barədə açıqlama verilməyib.
Tahir TAĞIYEV