Elşən Manafov: “Demokratların qələbəsi rəsmi Vaşinqtonun Bakı ilə münasibətlərinə təsirsiz ötüşməyəcək”
Məlum olduğu kimi, Demokratlar Partiyasının Konqresə keçirilən seçkilərdə hər iki palatada böyük üstünlüklə qalib gəlib. Diqqəti çəkən məqam odur ki, ANCA-nın (Amerika Erməni Milli Komitəsi) dəstəklədiyi namizədlərin əksəriyyətinin qalib gəlib. Erməni komitəsinin dəstəklədiyi 64 namizəddən (7-si Senat, 57-ci Nümayəndələr Palatası) 7-si Senata, 50-si Nümayəndələr Palatasına seçilib.
O da məlumdur ki, adətən ANCA-nın dəstəyi ilə seçilənlər Azərbaycana qarşı fəaliyyət öhdəliyi götürürlər. O baxımdan bütün bunlar növbəti ildə Konqres müstəvisində Azərbaycan üçün hansı problemlər yarada bilərmi?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Elşən Manafovun fikrincə, demokratların ABŞ-da Konqresə keçirilən aralıq seçkilərində əldə etdikləri uğurlar rəsmi Vaşinqtonun Azərbaycanla münasibətlərinə şübhəsiz təsirsiz ötüşməyəcək: “Zira ABŞ-Azərbaycan münasibətlərinin tarixi göstərir ki, məhz demokratların ABŞ-da iqtidarda olduğu illərdə Ağ Ev və Konqres bir qayda olaraq Azərbaycana qarşı fəaliyyətlər özünü göstərir. ABŞ-dakı erməni diasporasının təsiri ilə Azərbaycana münasibətdə bir çox hallarda qeyri-konstruktiv mövqe sərgiləyib. Dövlətçilik maraqlarımızın lehinə olmayan bir sıra qərarlar və qətnamələr qəbul olunub. Azərbaycanı uzun müddətə ABŞ-ın dövlət dəstəyindən məhrum edən 907 saylı düzəliş bu qəbilədən olan qətnamələrdən olmaqla ölkəmizə ABŞ-ın hərbi dəstəyinə yasaq qadağa qoyub. Qeyd etmək yerinə düşər ki, həmin qətnamə sonralar ABŞ prezidenti olmuş həmin dönəmdə isə senator olan demokrat Baydenin təşəbbüsü ilə qəbul olunub. Sonrakı illərdə Azərbaycan diplomatiyasının Konqresdə yəhudi senatorlarının dəstəyi ilə məlum qətnamənin birdəfəlik ləğvi üçün səyləri nəticə verməyib. Qətnamə hüquqi qüvvəsini saxlaıb. Yalnız beynəlxalq terrorizmə qarşı mübarizə kompaniyası adı altında ABŞ Əfqanıstana müdaxilə edərkən Azərbaycanın hava məkanından istifadə etmək zərurəti yarandıqda düzəliş dondurulub. ABŞ öz geosiyasi və strateji maraqlarından çıxış edərək qətnamənin üzərinə moratorium qoyub, onu dondurub”.
Politoloq onu da qeyd etdi ki, bununla belə istər respublikaçıların, istərsə də demokratların iqtidarda olduğu dönəmlərdə ABŞ Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa həmişə yüksək önəm və əhəmiyyət verib: “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın özünəməxsus rol oynamasının mahiyyətinə ABŞ həmişə varıb. Bu gün Avropanın 8 ölkəsinə Azərbaycanın neft, daha 12 ölkəsinə isə qaz tədarük etməsi Avropanın Rusiyanın enerji asılılığından qurtulmasına çalışan ABŞ üçün yüksək əhəmiyyət kəsb edir. Bundan əlavə, Azərbaycan Orta Dəhliz üzərində geniş tranzit imkanlarına malik əsas dövlətlərdəndir. Bu loqistik marşrut üzərindən keçən dəhlizin geosiyasi əhəmiyyətinə varan ABŞ Azərbaycanla münasibətlərdə rəsmi Bakını narazı sala biləcək addımlar atmaqdan çəkinir. ABŞ-da Azərbaycanın Türkiyə və İsraillə strateji müttəfiqlik, tərəfdaşlıq səviyyəsində olan münasibətlərinə də yüksək dairələr böyük önəm və əhəmiyyət verirlər. Yaxın Şərqin təhlükəsizlik arxitekturasının cızılmasında bu dövlətlərin rolu və imkanları rəsmi Vaşinqtona məlumdur. Nəhayət Qarabağ münaqişənin tənzimlənməsində uzun müddət ATƏT-ın Minsk qrupunun həmsədr dövlətlərindən olan ABŞ-ın mövqeyinə (xüsusilə demokratların) həmişə bu ölkədəki erməni diasporasının təsiri olduğundan digər həmsədr dövlətlər kimi ABŞ da danışıqlarda ikili mövqe sərgiləyib. Necə deyərlər, ikili standartlardan çıxış edib. Yalnız respublikaçı və antiqlobalist Trampın dövründə bu sahədə buz qatı yerindən dəbərib. 2025-ci ilin avqustunda Vaşinqtonda tərəflər arasında perspektivdə imzalanacaq sülh müqaviləsinin yekun mətni ətrafında razılıqlar əldə edilib. ABŞ-da Konqresə aralıq seçkilərində bu ölkədə erməni diasporasının dəstəklədiyi senator və konqresmenlərin dövlətin ali qanunverici orqanında yer almalarından sonra istisna deyil ki, bu konqresmenlər Tramp iqtidarının Konqresdən keçirmək istədiyi qərar və qanunların qəbul olunmasına mane olsunlar. Lakin bu qərarlar Trampın İran kompaniyası və büdcə ilə bağlı məsələləri ehtiva edəcək, Orta Dəhliz və Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələlərinə isə demokratların respublikaçılardan fərqli mövqe sərgiləyəcəklərini düşünmürük”.
Vidadi ORDAHALLI