Məlum olduğu kimi, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətinə cəlb olunması ilə bağlı təklif irəli sürüb. Amma araşdırmalar göstərir ki, Moskvanın təşkilata yaxınlaşması TDT-nin müstəqilliyinə və qərarvermə prosesinə təsir göstərə bilər. Bəzi ekspertlər isə Astananın bu təşəbbüsünü təşkilat daxilində Türkiyənin təsirini tarazlaşdırmaq cəhdi kimi qiymətləndirir.
Xatırladaq ki, Tokayev oktyabrın 30-da Ankarada keçirilən TDT sammitində bildirib ki, Rusiya, türk dünyası ilə tarixi bağları və ərazisində yaşayan çoxsaylı türk xalqları nəzərə alınaraq, təşkilatın fəaliyyətinə cəlb oluna bilər. O, Rusiyanın TDT-də iştirakının bütün üzv ölkələr üçün faydalı ola biləcəyini deyib. Kreml bu fikrə müsbət münasibət göstərib. Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın TDT ilə əməkdaşlığını məqsədəuyğun adlandırıb. Bununla belə, o bildirib ki, Moskva hələlik belə bir rəsmi dəvət almayıb. Ancaq görünən odur ki, bu məsələ ilə bağlı konsensus yoxdur. Azərbaycanda təklif açıq şəkildə tənqid olunub, Türkiyə isə TDT-də müşahidəçi statusu üçün müəyyən şərtlərin mövcudluğunu xatırladıb. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Təşkilat əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi fəaliyyət göstərib, 2021-ci ildə isə indiki adını alıb. Müşahidəçi statusuna malik tərəflər arasında Macarıstan, Türkmənistan və yalnız Türkiyənin tanıdığı Şimali Kipr Türk Respublikası var. TDT təkcə ortaq dil və mədəniyyət platforması deyil. Son illərdə təşkilat iqtisadi əməkdaşlıq, nəqliyyat, enerji, investisiya və təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırır. Xüsusilə Transxəzər Nəqliyyat Dəhlizi təşkilatın əsas layihələrindən biri hesab olunur. Bu marşrut Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən Çinlə Avropanı birləşdirir və yüklərin Rusiya ərazisindən keçmədən daşınmasına imkan yaradır. Dünya Bankı bu marşrutun inkişafını Qazaxıstan, Azərbaycan və Gürcüstan üçün Rusiyadan keçən nəqliyyat yollarından asılılığı azaltmaq imkanı kimi qiymətləndirir. Qazaxıstanlı ekspertlərin bir hissəsi hesab edir ki, indi Astana TDT daxilində qüvvələr balansını qorumağa çalışır. Politoloq Tolqanay Umbetaliyevanın fikrincə, Türkiyə son illərdə təşkilatda daha fəal rol oynayır və bəzən gündəmə gətirdiyi məsələlər Mərkəzi Asiya ölkələrinin prioritetləri ilə üst-üstə düşmür. Şimali Kipr məsələsi buna misal göstərilir. Türkiyə Şimali Kiprin beynəlxalq tanınmasını dəstəkləsə də, Qazaxıstan və digər Mərkəzi Asiya dövlətləri bu mövqeni bölüşmür. 2025-ci ilin martında Qazaxıstan və Mərkəzi Asiyanın digər ölkələri Avropa İttifaqı ilə birgə qəbul etdikləri kommünikedə BMT Təhlükəsizlik Şurasının Şimali Kiprin tanınmamasını tələb edən qətnamələrinə sadiq olduqlarını təsdiqləyiblər. Ekspert hesab edir ki, Rusiyanın iştirakı TDT daxilində qüvvələr balansını dəyişə və Türkiyənin təsirini müəyyən qədər məhdudlaşdıra bilər. Digər izahlardan biri isə Moskvanın TDT-yə qarşı şübhələrini azaltmaqla bağlıdır. Qazaxıstanlı politoloq Qaziz Abişev hesab edir ki, Moskvanın iştirakı TDT-nin Rusiyaya və ya Çinə qarşı yönəlmədiyini nümayiş etdirməyə kömək edə bilər. Onun fikrincə, Rusiya müşahidəçi qismində iştirak etməklə təşkilat üzvlərindən hər hansı birinin həddindən artıq güclənməsinin qarşısını almağa kömək edə bilər. Politoloq Dosım Satpayev isə BBC-yə bildirib: "Bu, hətta Qazaxıstanda da təəccüb doğuran çox qəribə bir təklif idi. Çox güman ki, Tokayev bununla Kremlə Rusiyanın müəyyən istiqamətlərdə maraqlarının lobbiçisi olduğunu göstərməyə çalışır. Eyni uğurla özünü postsovet məkanında Çin maraqlarının lobbiçisi kimi də təqdim etməyə çalışır. Düşünürəm ki, bu, müxtəlif geosiyasi oyunçular və regional təşkilatlar arasında körpülər qurmağa hazır olan moderator və vasitəçi rolunu oynamaq cəhdidir".
Türkiyənin hakim AKP partiyasının rəsmisi Kürşad Zorlu bildirib ki, TDT-də müşahidəçi statusu almaq üçün ölkədə türk dillərindən birinin və ya ona yaxın dilin dövlət və ya rəsmi dil olması əsas şərtlərdən biridir. Onun sözlərinə görə, Rusiyada türk xalqlarının dilləri yalnız bəzi regionlarda rəsmi statusa malik olduğu üçün bu meyara uyğun gəlmir. Zorlu qeyd edib ki, TDT xarici tərəfdaşlarla əməkdaşlıq üçün ayrıca "TDT+" formatından istifadə edə bilər. Belə əməkdaşlıq bütün üzv dövlətlərin razılığı əsasında həyata keçirilir. O, həmçinin, Rusiyanın ayrı-ayrı türk respublikaları ilə əlaqələrinin TÜRKSOY xətti ilə yenidən canlandırılmasını təklif edib. TÜRKSOY 1993-cü ildə Türkiyə və keçmiş SSRİ-nin beş türkdilli dövləti tərəfindən yaradılıb. Məqsəd mədəni əlaqələri inkişaf etdirmək, festivallar keçirmək və ortaq irsi qorumaqdır. Altay, Tuva, Başqırdıstan, Tatarıstan, Yakutiya və Xakasiya təşkilatda müşahidəçi statusuna malikdir. 2015-ci ildə Türkiyə qırıcısının Suriya sərhədi yaxınlığında Rusiyaya məxsus Su-24 təyyarəsini vurmasından sonra Moskva həmin respublikalardan TÜRKSOY-la əlaqələri dayandırmağı tələb etmişdi. Türk Şurasının keçmiş baş katibi, diplomat Xəlil Akıncı isə təşəbbüsə daha sərt yanaşıb. O bu təklifin dəstək qazanacağına şübhə etdiyini bildirib. Akıncının fikrincə, hansısa ölkədə türk icmasının yaşaması həmin dövlətin təşkilata qəbul olunması üçün kifayət deyil. O xatırladıb ki, Bolqarıstan, Yunanıstan, İran və İraq da daxil olmaqla bir çox ölkədə türk icmaları yaşayır: "Gəlin, Rusiya ilə qonşu olaq, dost olaq". Hakimiyyətə yaxın "Türkiye" qəzetinin köşə yazarı Meryem Aybike Sinan isə təşəbbüsdə həm imkanlar, həm də risklər gördüyünü yazıb. Onun fikrincə, Rusiyanın iştirakı bu ölkədə yaşayan türk xalqları ilə əlaqələri asanlaşdıra bilər. Bu addım həm də Çinlə münasibətlərdə qüvvələr balansının qorunmasına kömək edə bilər. Bununla yanaşı, Sinan Moskvanın Orta Dəhliz üzərində təsir imkanları qazanacağından narahatdır. O hesab edir ki, bu, Mərkəzi Asiya ölkələrinin Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığını da məhdudlaşdıra bilər. Ekspertlər bəzi rus siyasətçilərinin son illərdə Mərkəzi Asiya ölkələrinin suverenliyi və sərhədləri ilə bağlı səsləndirdiyi mübahisəli fikirlərə də diqqət çəkir. Rusiyanın Ukraynaya qarşı müharibə apardığı bir vaxtda TDT-də təmsil olunmasının təşkilatın suverenlik və sərhədlərin toxunulmazlığı prinsipi ilə nə dərəcədə uyğun gəldiyi də sual altındadır. Hətta müşahidəçi statusu belə Moskvaya təşkilatdaxili müzakirələrə təsir göstərmək imkanı verə bilər. Bu isə üzvlər arasında fikir ayrılıqlarını dərinləşdirə və ortaq mövqenin formalaşmasını çətinləşdirə bilər. Rusiyanın TDT ölkələrinin inkişaf etdirdiyi nəqliyyat və enerji layihələrində maraqlarının olması da əlavə narahatlıq səbəbi kimi göstərilir. Müşahidəçi statusu təşkilatın qərarlarının qəbulunda iştirak hüququ vermir. Bununla belə, təşəbbüsün əleyhdarları mümkün siyasi təsirdən narahatdırlar. Onların fikrincə, belə təsir göstərmək üçün rəsmi səsvermə hüququna malik olmaq mütləq şərt deyil. SSRİ dağılandan sonra Rusiya Mərkəzi Asiyada hərbi, iqtisadi və mədəni təsirini böyük ölçüdə qoruyub saxlayıb. Qazaxıstan və Qırğızıstan həm Rusiya ilə birlikdə KTMT-nin, həm də Avrasiya İqtisadi İttifaqının üzvüdür. Qırğızıstan ərazisində Rusiya hərbi bazası da fəaliyyət göstərir. Rusiya Qırğızıstan üçün əsas gəlir mənbələrindən biri olaraq qalır. Ölkəyə xaricdən göndərilən pul köçürmələrinin böyük hissəsi məhz Rusiyanın payına düşür. Qırğızıstan Milli Bankının məlumatına görə, 2025-ci ildə daxil olan köçürmələrin 92 faizdən çoxu Rusiyadan gəlib. Bununla yanaşı, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi Mərkəzi Asiya ölkələrinin Moskvadan asılılığı azaltmaq istəklərini gücləndirib. Almaniya Xarici Əlaqələr Cəmiyyətinin təhlilinə görə, region ölkələri Rusiya ilə əlaqələri saxlasalar da, eyni zamanda Çin, Türkiyə və Qərb ölkələri ilə əməkdaşlığı genişləndirirlər. Məqsəd xarici siyasətdə və iqtisadi tərəfdaş seçimində daha çox manevr imkanına malik olmaqdır. Özbəkistan isə həm Rusiya, həm də Türkiyə ilə münasibətləri paralel şəkildə gücləndirməyə çalışır. 2026-cı ilin iyununda Özbəkistan və Rusiya prezidentləri ölkənin ilk atom elektrik stansiyasının enerji blokunun tikintisinə start veriblər. Daşkənd eyni zamanda Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirir. Bu ilin yanvarında tərəflər xarici siyasət və təhlükəsizlik məsələlərinə həsr olunmuş yüksək səviyyəli görüş keçiriblər. Politoloq Dosım Satpayev bildirib: "Mərkəzi Asiya, ətrafında çoxlu elçinin dövrə vurduğu gəlinə bənzəyir. Hər kəs öz üstünlüklərini göstərməyə çalışır, sammitlər də bunun bir hissəsidir. Tokayev də çoxvektorlu siyasət yürüdür. O, eyni vaxtda ABŞ, Avropa İttifaqı, Rusiya, Çin və Türkiyə ilə münasibətləri qorumağa çalışır ki, bu da hər zaman effektiv olmur".
Tahir TAĞIYEV