Azərbaycanın Milli Qəhrəmanı Sadiq Dayandur oğlu Hüseynov haqqında deyilənlərdən:
Nəzakət Hüseynova (Bəşirova),
Milli Qəhrəman Sadiq Hüseynovun həyat yoldaşı:
- Sadiq Hüseynov tək mənim dayağım deyildi, həm də vətənin dayaq oğullarından biri idi... Vətən, əminəm ki, onun kimi bir qəhrəmanla qürur duyur...
...Sadiqin işi çox çətin idi, elə vaxtlar olurdu ki, həftələrlə evə gələ bilmirdi. Başa düşürdüm ki, onun olduğu yerdə - cəbhədə vəziyyət həddindən artıq çətindir.
Biz hələ cəbhə xəttindən xeyli aralıda idik, necə qorxulu anlar yaşayırdıq, bir Allah bilir. Hər axşam təhlükəsizlik baxımından zirzəmiyə girirdik, çünki ermənilər Şuşanı aramsız vururdular. Bu, döyüş xəttində vəziyyətin nə qədər ağır olduğunu ifadə edirdi.
Sadiq, Şuşa üçün misilsiz hünər sərgilədi. “Daşaltı” əməliyyatında da böyük qəhrəmanlıqlar göstərdi, komandanlıq tərəfindən neçə-neçə təşəkkürnamələrə layiq görüldü. Bu təltiflər onun Vətən sevgisinin bariz ifadəsi idi...
Əlbəttə, Sadiqsiz qalmaq mənim üçün olduqca çətin idi, lakin o, torpaqlarımızı qoruyurdu deyə çətinliklərə tab gətirirdim və Sadiqlə qürur duyurdum.
Ölümündən dörd ay sonra qızımız dünyaya gəldi. Məni ən çox ağrıdan odur ki, Sadiq qızının üzünü görmədi. Kaş, Allah imkan verəydi, o, qızının üzünü görəydi. Bu dərd məni indi də göynədir. Bu, bəlkə də qıraqdan baxana asan gəlir. Bu halın acılarını ancaq yaşayanlar bilər. Necə ki, mən bilirəm. Atasız övlad böyütmək çox çətindir. Həyat yoldaşını itirmək nə deməkdir, bunu yaxşı anlayıram, çünki Sadiqsiz yaşadığım illər mənə bunun dəhşətlərini, acı təfərrüatlarını çox göstərib.
Qızım atasının üzünü görmədiyi üçün mənim atama “ata” deyirdi. Bu hal qızımın altı yaşına qədər belə davam etdi. Sonra bildi ki, “ata” dediyi, əslində, onun babasıdır, onun əsl atası Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Hüseynov Sadiq Dayandur oğludur. Əlbəttə, o an hələ uşaq da olsa, qızım üçün çox çətin oldu...
Qızım ağlı kəsəndən atası ilə qürur duyur.
Çox şükr ki, Ali Baş Komandanımızın və qəhrəman oğullarımızın sayəsində işğal altındakı bütün torpaqlarımız düşməndən geri alındı. Bu, həm də o deməkdir ki, Sadiq Hüseynovun və onun timsalında Birinci Qarabağ müharibəsində şəhid olmuş bütün oğulların qisası düşməndən alındı. Bir vaxtlar Sadiq Hüseynovun, uğrunda canını fəda etdiyi Şuşa artıq bizimdir. Ən böyük təsəllim budur. İkinci təsəllim odur ki, Sadiqin, atası ilə qürur duyan bir qız övladı var.
Kaş heç kim ölməyəydi...
Kaş Sadiq də indi bizimlə bir yerdə olaydı...
Həyat yoldaşımı çox gənc yaşımda itirdim. Bu itkinin təsirinə dözmək mənim üçün çox ağır və dözümləz oldu. Tək qaldım. Atam, anam, bacılarım hər saniyə mənə dayaq oldular. Ancaq mən yenə də özümü tək-tənha hiss etdim...
Sadiq Hüseynov topraqlarımız uğrunda şəhid olub. Buna görə onunla qürur duyuram.
Şükr, Sadiqin övladı ailə qurub, xoşbəxtdir.
Sadiqə Hüseynova,
Sadiq Hüseynovun qızı:
- Şuşada çox olmaq istəyirəm. Hələlik Şuşanı televizorda görürəm. Kadrlarda Cıdır düzündə atamın da şəkillərini görmüşəm. İnşallah, Allah nəsib edər, bir gün özüm də Şuşaya gedib atamın şəkillərini oxşayaram. Şuşada atamın ayaqlarının dəydiyi yerləri, vuruşduğu səngərləri, hətta şəhid olduğu yeri çox görmək istəyirəm. Əgər evimiz salamat qalıbsa, oranı ziyarət etmək arzumdur.
Atamın yoxluğunu hər saniyə, hər dəqiqə hiss edirəm. Bir qəhrəmanın yoxluğu nə anlamdadır, çox yaxşı bilirəm. Bütün şəhid qızları bunu yaxşı bilir. Mən də bu hisləri hər gün yaşayıram. Hətta ailə quranda da atamın yoxluğunu aşkaranə şəkildə hiss etdim. Həmin an atamın yeri göründü. O boşluğu heç kim doldura bilmədi və bunu kimsə bacara bilməzdi. Qəlbim qubarla doldu.
Mən atamla qürur duyuram. Bütün şəhid övladları kimi atamın qəhrəmanlığı mənim üçün əlçatmaz zirvədir. O zirvədə atamın şəhadət ünvanı var.
Atasızlıq çox çətindir. Mən bunu hər saniyə hiss edirəm. Bunun üçün bütün şəhid övladlarına deyirəm ki, səbrli olsunlar.
Mən atamın şəhid olmasından dörd ay sonra dünyaya gəlmişəm. Atam haqqında danışılanlardan, deyilənlərdən yalnız onun necə cəsur, qorxmaz döyüşçü, hansı xarakterdə insan olduğunu təxmin edirəm. Onun qəhrəmanlıq örnəkləri ilə dolu şəkilləri də bunu mənə təlqin edir. Ümumiyyətlə, bir insan öz canını Vətən uğrunda qurban verirsə, deməli, o, vətənpərvər, dürüst, qorxmaz, ən əsası isə yaxşı insandır.
Çox istəyərdim ki, atamı görüm, o da məni görsün. İnanıram ki, atamı görsəm, onun haqqındakı təsəvvürlərim dəyişməz. Çünki mənim atam sözün həqiqi mənasında qəhrəmandır...
Yalnız altı yaşım olanda bildim ki, atam Vətən uğrunda şəhid olub... Atasızlığa alışmaq çox çətindir...
Atamın, uğrunda şəhid olduğu torpaqların düşməndən geri alınması olduqca qürurvericidir. Bu Zəfər bizi hədsiz sevindirir. Atamın və onun döyüş yoldaşlarının qisası düşməndən alınıb və bunun üçün çox sevinirəm.
Fəxr edirəm ki, Sadiq Hüseynovun qızıyam! Onun adını daim uca tutacağam! Bundan ötrü lazım gəlsə, həyatımı da əsirgəmərəm. Çünki atam əsl Vətən oğludur!
Mən həm də atamın adını daşıyıram. Məhz onun şərəfinə adımı Sadiqə qoyublar. İndi hər dəfə mənə Sadiqə deyiləndə atamın qorxmazlıq, hünər dolu həyatı yaddaşımda təlatümə gəlir... Bu, mənə əlavə güc və qüvvət verir.
Sakit Bəşirov,
Sadiq Hüseynovun döyüş yoldaşı:
- Sadiq Hüseynovun şəxsi avtomobili vardı. Bir gün həmin avtomobildə Xankəndidən Ağdama gedirdik, o vaxt həmin yol işlək vəziyyətdə idi. Yolun Lampa zavodunun yanından keçən hissəsində ermənilər maşın təkərləri yandırmışdılar, demək olar ki, yolu bağlamışdılar. Üstümüzdə yalnız “Makarov” tipli tapança vardı. Tez silahlarımızı çıxartdıq. Mən Sadiqdən soruşdum ki, nə edəcəyik? O, çox soyuqqanlı halda, təmkinini pozmadan mənə sakit olmağı işarə etdi. Xatırladım ki, Sadiq Hüseynov Xankəndini yaxşı tanıyırdı. Oralara yaxşı bələd idi. Mənə tutacaqdan möhkəm yapışmağı tapşırdı, maşını sürətlə yanan təkərlərə çırpdı, səddi yardı, Sadiqin cəsarəti sayəsində biz oradan keçdik.
Sadiq məndən qabaq Şuşaya döyüşçü kimi xidmətə getdi. Sonra bizi də ruhlandırdı, mən daxil olmaqla bir neçə nəfər silah atmağı bacaran, çətin anlarda çıxış yolu tapmağa müvəffəq şəxsi özü ilə Şuşaya apardı.
Məndən çox nigaran olurdu, hər dəfə deyirdi ki, gəl, səni evimə aparım, rəngin-ruhun, ovqatın məni çəkmir... Axırıncı danışığımızdan yalnız bunu xatırlayıram.
Allah Sadiq Hüseynova rəhmət eləsin!
Gülsüm Hüseynova,
Sadiq Hüseynovun bacısı:
- Evə çox gec, ara-sıra gəlirdi. Axırıncı dəfə gəlib heç bir gün qalmadı, gedəndə də dedi ki, bacı, məndən nigaran olmayın. Düşmən nə karədir ki, mənə nəsə edə bilsin. İnşallah, Şuşanı da tezliklə azad edib evimizə qayıdacam. Bax, onun bu kimi nikbin sözləri bizə ruh verirdi, buna görə onun bütün dediklərinə inanır, ciddi qəbul edirdik.
Ancaq bizim saydığımız başqa şey, fələyin saydığı isə tamam başqa şey imiş. Biz Sadiqə güvəndiyimiz halda fələk onu qarğıdı, düşmən mərmisi onu bizdən birdəfəlik aldı...
Bir bacı üçün qardaş itkisi nədirsə, indi yaşadığım həyat da elə bir şeydir. Qardaşsız bacıların gözləri həmişə ağlar, qəlbləri həmişə sınıq olar. Allah məni də belə bir qəmə-qubara ürcah etdi...
Daha nə deyim?
Surxay Yusifov,
Sadiq Hüseynovun qohumu:
- Sadiq Hüseynov mənim dayımdır. Elini-obasını, xalqını sevən oğul idi. Həmişə qəlbimizdə yaşayır. Bütün şəhidlər bizim fəxrimizdir, biz hamımız onlarla qürur duyuruq. Onlar millətimizin dəyəridir, qürurudur. Biz onlarla fəxr edirik. Onların arasında Sadiq Hüseynovun xüsusi yeri var. O, el təəssübü çəkən, olduqca vətənpərvər, heç vaxt özünü düşünməyən, Vətən adı gələndə özünü unudan qorxmaz, cəsur oğul idi. Qəlbimizdə həmişə xoş xatirələri var.
Elinə-obasına dəyər verən insan olduğu üçün biz Sadiqdən həmişə nümunə götürmüşük. Yaşadığı kəndlə bağlı içində çoxlu xoş xatirələri var idi. Ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərə dözə bilmir, sinəsini onlara sipər edirdi. Yaxınlarına, dostlarına tövsiyə verirdi ki, ermənilərə qəti inanmaq, aldanmaq və etibar etmək olmaz. Həm də deyirdi ki, biz azərbaycanlıyıq, azərbaycanlı olmaq hünər, cəsarət, əzm və qəhrəmanlıq etalonudur, bunu unutmamalıyıq.
Sadiq “Daşaltı” əməliyyatında misilsiz qəhrəmanlıqlar göstərib. Həmin vaxt onunla birlikdə İslam Abbasov, Füzuli Bəşirov, Teyyub Yusifov Şuşanın müdafiəsi uğrunda böyük əzm, hünər və şücaət göstəriblər. Onlar həmişə öndə olublar – döyüşlərin ən qaynar nöqtələrində olublar. Onların bir döyüş amalı olub – “Vətən bölünməz!”. Döyüşə-döyüşə deyiblər ki, vətənə bizim kimi oğullar gərəkdir, onu biz qorumalıyıq. Bu vətənə erməni faşizminin ayağı dəyməməlidir.
Tanınmış jurnalist Salatın Əsgərova Şuşaya gələndə həmişə Sadiq Hüseynovun maşını ilə cəbhə xəttini, təhlükədə qalmış kəndləri gəzib-dolaşırdı. Sadiq həmin an ona həm də bələdçilik edir, əsgər və zabitlərlə görüşlərin təşkilində köməyini əsirgəmirdi. Salatın xanım hər dəfə deyirmiş ki, mən ancaq sənə etibar edirəm, Sadiq. Bu, Sadiqin qəhrəmanlıq əzmi ilə yanaşı, həm də dürüst bir insan olması anlamına gəlir.
Şuşanın Xəlfəli kəndindəki şöbəyə ermənilər qrad atmışdılar, Sadiq bu xəbəri eşidən kimi şöbədəkilərə köməyə gəlir, bir neçə yaralını mərmilərin altından çıxarır, Mingəçevirdən olan Abbas adlı zabiti güllə altından çıxararkən yanına qrad düşür və qəlpədən ağır yaralanır. Buna baxmayaraq, həm Abbası, həm də o biri yaralıları ölümün pəncəsindən xilas edir.
Dayım Sadiq Hüseynov şəhid oldu, ölümündən dörd ay sonra qızı doğuldu, təəssüf ki, övladının üzünü görmədi. Həyat yoldaşı çətin günlər yaşadı. Ailə başçısı kimi çox zillətlər çəkdi, Sadiqin yadigarını göz-bəbəyi kimi qorudu. Şükr ki, dövlətimiz hər zaman onların yanındadır!
Sadiq Hüseynovun doğma əmisi nəvəsi Sahil Hüseynov da 44 günlük Vətən müharibəsində şəhid oldu. Belə deyək, o, Sadiqin və onun timsalında bütün şəhidlərin qisasını ermənilərdən aldı...
Şuşanın düşməndən alınma xəbərini eşidəndə dərhal Sadiq Hüseynovu xatırladıq, onun Şuşa üçün etdiyi misilsiz qəhrəmanlıqlar kino lenti kimi gözlərimizin önündən gəlib keçdi...
(Ardı var)
Hikmət Məlikzadə