ABŞ-da yaşayış xərclərinin artması ölkə daxilində kütləvi etirazlara yol aça bilər. Bu barədə maliyyə eksperti Ted Cenkins “Fox News” üçün yazdığı məqalədə xəbərdarlıq edib.
Ekspertin sözlərinə görə, amerikalılar işləyib maaş alsalar da, normal həyat üçün kifayət qədər vəsait əldə edə bilmirlər. Bu vəziyyət cəmiyyətdə maliyyə narazılığını getdikcə artırır.
Cenkins hesab edir ki, iqtisadi narazılıq Fransada və İtaliyada müşahidə olunan etirazlara bənzər aksiyalara səbəb ola bilər. Həmin ölkələrdə insanlar aşağı əməkhaqqı, mənzil qiymətlərinin yüksək olması və gündəlik xərclərin artmasına etiraz edirlər.
Məqalədə vurğulanır ki, inflyasiyanın azalması qiymətlərin əvvəlki səviyyəyə qayıtması demək deyil. Qiymət artımının tempi zəifləsə də, ABŞ-da ərzaq, kommunal xidmətlər, kirayə, sığorta və vergi xərcləri artmaqda davam edir. Nəticədə vətəndaşların gəlirləri yüksəlsə belə, onların real alıcılıq qabiliyyəti zəifləyə bilər.
Ekspert xüsusilə gənc ailələrin mənzil almaq üçün vəsait toplamaqda çətinlik çəkməsindən narahatlığını ifadə edib. Onun fikrincə, valideynlər, pensiyaçılar və gündəlik xərclərini qarşılamaqda çətinlik çəkən digər vətəndaşlar da ciddi maliyyə təzyiqi ilə üzləşirlər. Bir çox insan isə gözlənilməz xərcləri ödəmək üçün kredit kartlarından istifadə etməyə məcbur qalır.
Cenkins ABŞ-ın dövlət borcunun 40 trilyon dolları ötdüyünə də diqqət çəkib. Onun qiymətləndirməsinə görə, borca xidmət xərclərinin artması gələcək iqtisadi böhranlar zamanı hökumətin manevr imkanlarını məhdudlaşdıra bilər. Belə vəziyyətdə hakimiyyət vergiləri artırmaq, dövlət xərclərini azaltmaq və ya əlavə borclanmaya getmək dilemması ilə üzləşə bilər.
Məqalənin müəllifi hesab edir ki, iqtisadi göstəricilər və statistik məlumatlar əhalinin real yaşayış səviyyəsini tam əks etdirmir. Vətəndaşların maliyyə rifahının əsas meyarı mənzil, ərzaq, nəqliyyat, tibbi xidmət və kommunal ödənişlərdən sonra əllərində qalan vəsait olmalıdır.
Tahir TAĞIYEV