Müasir beynəlxalq münasibətlər sistemində siyasi dialoq, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və enerji təminatı dövlətlərin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Avropa qitəsində bu məsələlərin müzakirəsi baxımından mühüm platformalardan biri Avropa Siyasi Birliyidir. İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin IX Sammiti Avropanın gələcək təhlükəsizlik arxitekturasının, iqtisadi rəqabət qabiliyyətinin və nəqliyyat-kommunikasiya əlaqələrinin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Sammitdə Azərbaycanın iştirakı isə ölkənin Avropa ilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığının inkişafı, milli maraqlarının beynəlxalq səviyyədə müdafiəsi və regional mövqeyinin möhkəmləndirilməsi baxımından diqqətəlayiqdir.
Təxminən 50 dövlət və hökumət başçısını, eləcə də aparıcı Avropa və beynəlxalq institutların rəhbərlərini bir araya gətirən toplantı Azərbaycanın Avropa ilə münasibətlərində yeni diplomatik imkanlar yaratmaqla yanaşı, ölkəmizin 2028-ci ildə Bakıda keçiriləcək Avropa Siyasi Birliyi Sammitinə ev sahibliyi edəcək dövlət kimi mövqeyini də ön plana çıxarır. Azərbaycanın bu platformadakı iştirakı yalnız beynəlxalq tədbirlərdə təmsilçilik məsələsi deyil. Bu, milli maraqların müdafiəsi, regional təşəbbüslərin təqdimatı, enerji və nəqliyyat təhlükəsizliyinə töhfələrin nümayişi, eləcə də Avropanın gələcək siyasi və iqtisadi gündəliyinin formalaşmasında söz sahibi olmaq baxımından mühüm diplomatik istiqamətdir. Onu da xatırladaq ki, Avropa Siyasi Birliyi 2022-ci ildə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsindən sonra Avropa ölkələri arasında siyasi dialoqu və əməkdaşlığı gücləndirmək məqsədilə yaradılıb. Bu platformanın əsas xüsusiyyəti Avropa İttifaqına üzv olan və olmayan dövlətləri vahid siyasi müzakirə məkanında birləşdirməsidir. Avropa Siyasi Birliyinin fəaliyyəti Avropanın təhlükəsizliyinin, sabitliyinin və rifahının təmin edilməsinə, ortaq problemlərin müzakirəsinə, dövlətlər arasında qarşılıqlı etimadın artırılmasına xidmət edir. Bu təşkilat formal qərarlar qəbul edən və hüquqi öhdəliklər yaradan qurum deyil. Daha çox dövlət və hökumət başçıları arasında qeyri-rəsmi siyasi məsləhətləşmələr və ikitərəfli görüşlər üçün imkan yaradan platformadır. Dublində keçirilən IX Sammitin əsas şüarı kimi “Güclü, təhlükəsiz və əlaqəli Avropa” müəyyən edilib. Sammitin gündəliyində rəqabətqabiliyyətli Avropanın qurulması, innovasiyalar, nəqliyyat bağlantıları, əlçatan enerji, eləcə də demokratik Avropanın təhlükəsizliyinin qorunması məsələləri yer alır. Avropa Siyasi Birliyinin 6 oktyabr 2022-ci ildə Praqada keçirilən ilk sammiti 44 ölkənin dövlət və hökumət başçısını bir araya gətirib. Azərbaycan prezidenti İlham Əliyev toplantı çərçivəsində Avropa qitəsində sülh və təhlükəsizlik mövzusuna həsr olunan dəyirmi masada iştirak edib. 2023-cü ilin iyununda Moldovanın Bulboaka kəndində baş tutan ikinci sammitə 45 ölkənin lideri qatılıb. Prezident İlham Əliyev bu dəfə enerji təhlükəsizliyi mövzusundakı dəyirmi masada təmsil olunub. Müzakirələrin mərkəzində Avropada sülh və təhlükəsizliyin təmin edilməsi üçün birgə fəaliyyət, enerji dayanıqlılığının gücləndirilməsi, nəqliyyat və hərəkətlilik məsələləri dayanıb. Həmin ilin oktyabrında İspaniyanın Qranada şəhərində təşkil edilən üçüncü sammitdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. Liderlər Avropanın daha dayanıqlı və firavan inkişafına nail olmaq, qitənin qlobal proseslərdə strateji mövqeyini gücləndirmək yollarını müzakirə ediblər. Bu mərhələdə ASB-nin gündəliyi artıq yalnız mövcud böhranların aradan qaldırılması ilə məhdudlaşmır, Avropanın uzunmüddətli geosiyasi və iqtisadi perspektivlərini də əhatə edirdi. 2024-cü ilin iyulunda Böyük Britaniyanın Oksford şəhərində keçirilən dördüncü sammitə 43 ölkənin lideri qatılıb. Prezident İlham Əliyev tədbirin enerji və bağlantı məsələlərinə həsr olunmuş dəyirmi masasında iştirak edib. 2024-cü ilin noyabrında Macarıstanın paytaxtı Budapeştdə keçirilən beşinci sammitdə 42 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. Avropanın təhlükəsizlik problemləri, qeyri-qanuni miqrasiya, enerji təminatı, nəqliyyat, informasiya texnologiyaları və iqtisadi təhlükəsizlik liderlərin müzakirə etdiyi əsas məsələlər olub. 2025-ci ilin mayında Albaniyanın paytaxtı Tiranada təşkil edilən altıncı sammitdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edib. Prezident İlham Əliyev açılış plenar sessiyasına qatılıb. İnnovasiyaların inkişafı, enerji və sənayedə davamlılıq, iqtisadi rəqabətqabiliyyətliliyin yüksəldilməsi və miqrasiya məsələləri toplantının əsas müzakirə mövzuları olub. 2025-ci ilin oktyabrında Danimarkanın paytaxtı Kopenhagendə keçirilən yeddinci sammit də təxminən 50 ölkənin liderini bir araya gətirib və prezident İlham Əliyevin iştirak etdiyi tədbirdə Avropanın ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhdidlər müzakirə edilib. Avropa Siyasi Birliyinin səkkizinci sammiti isə 2026-cı ilin mayında Ermənistanın paytaxtı İrəvanda keçirilib. Xatırladaq ki, prezident İlham Əliyev toplantıya videobağlantı vasitəsilə qoşularaq çıxış edib. Bu iştirak formatı Azərbaycanın platformadakı təmsilçiliyinin davamlılığını təmin etməklə yanaşı, ölkəmizin regional və beynəlxalq məsələlər üzrə mövqeyini ən yüksək siyasi səviyyədə ifadə etməsinə imkan yaradıb.
Azərbaycanın Avropa Siyasi Birliyinin sammitlərində iştirakı ölkənin beynəlxalq münasibətlər sistemində fəal mövqeyinin göstəricilərindən biridir. Azərbaycanın bu platformada təmsil olunması Avropa dövlətləri ilə birbaşa siyasi dialoqun inkişaf etdirilməsi, milli maraqların müdafiəsi və regional məsələlərə dair mövqeyin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm imkan yaradır. Dublin Sammitinin Azərbaycan üçün əsas əhəmiyyətlərindən biri ölkənin Avropa siyasi məkanında etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsidir. Azərbaycanın Avropa İttifaqı ölkələri ilə münasibətləri yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmır. Ticarət, investisiya, nəqliyyat, logistika, təhlükəsizlik və humanitar əlaqələr də bu münasibətlərin mühüm istiqamətlərini təşkil edir. Belə platformalarda iştirak Azərbaycan rəhbərliyinə Avropa ölkələrinin liderləri ilə fikir mübadiləsi aparmaq, ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə etmək və yeni əməkdaşlıq imkanlarını müəyyənləşdirmək şəraiti yaradır. Azərbaycan üçün digər mühüm məsələ Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Ermənistanla münasibətlərin normallaşdırılması, sülh gündəliyinin irəli aparılması və regional kommunikasiyaların açılması Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bu məsələlərin Avropa səviyyəsində müzakirəsi regionda sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Dublin Sammitinin Azərbaycan üçün mühüm istiqamətlərindən biri enerji təhlükəsizliyi məsələsidir. Son illərdə Avropa ölkələrinin enerji mənbələrinin şaxələndirilməsinə və alternativ təchizat marşrutlarının yaradılmasına marağı artmışdır. Bu baxımdan Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan biri kimi çıxış edir. Dublin Sammitində müzakirə olunan əlçatan enerji və iqtisadi rəqabətqabiliyyətlilik məsələləri Azərbaycanın Avropa ilə əməkdaşlığının genişləndirilməsi üçün əlavə imkanlar yaradır. Eyni zamanda, bərpaolunan enerji sahəsində Azərbaycanın potensialı da xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizinin külək enerjisi ehtiyatlarından istifadə, günəş enerjisi layihələri və yaşıl enerji dəhlizlərinin yaradılması gələcəkdə Azərbaycan ilə Avropa arasında yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına şərait yarada bilər. Sammitin əsas müzakirə mövzularından biri də Avropada və onunla əlaqəli regionlarda nəqliyyat-kommunikasiya bağlantılarının inkişafıdır. Bu məsələ Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir. Çünki ölkəmiz Avropa ilə Asiya arasında mühüm coğrafi və iqtisadi mövqedə yerləşir. Azərbaycanın nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar onun beynəlxalq logistika sistemində rolunu artırır. Bu səbəbdən ölkəmizin Avropa dövlətləri ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığının genişləndirilməsi strateji əhəmiyyət daşıyır. Dublin Sammitinin digər mühüm istiqaməti Avropada təhlükəsizlik və demokratik institutların müdafiəsi məsələləridir. Müasir dövrdə hərbi münaqişələr, geosiyasi gərginliklər, kibertəhlükələr və informasiya müharibələri beynəlxalq təhlükəsizliyə ciddi təsir göstərir. Bu baxımdan Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması da Avropanın ümumi təhlükəsizlik maraqları ilə əlaqəlidir. Azərbaycanın əsas məqsədlərindən biri Ermənistanla münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşdırılması, davamlı sülh müqaviləsinin imzalanması və regional əməkdaşlığın inkişaf etdirilməsidir. Xüsusilə nəqliyyat kommunikasiyalarının açılması, iqtisadi əlaqələrin bərpası və qarşılıqlı etimadın gücləndirilməsi regionda uzunmüddətli sabitliyin təmin olunmasına töhfə verə bilər. Avropa Siyasi Birliyi bu məsələlərin müzakirəsi üçün geniş siyasi platforma təqdim edir.
Tahir TAĞIYEV