Prezident İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir.
Noyabrın 12-də Prezident Əliyev Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Ukrayna Prezidenti dövlət başçısını Zəfər Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə təbrik edib.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, eyni zamanda, özəl sektorun xətti ilə iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri məsələsi barədə fikir mübadiləsi aparılıb.
Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlara, xüsusilə elektrik avadanlıqlarının təchizatı məsələsində dəstəyə görə təşəkkürünü bildirib.
Söhbət zamanı Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində apardığı bərpa və quruculuq işlərinin Ukrayna tərəfindən də böyük maraqla izlənildiyi qeyd olunaraq, bu xüsusda ölkəmizin təcrübəsinin Ukrayna üçün də əhəmiyyətli olacağı bildirilib.
Görüşdə Azərbaycan və Ukrayna prezidentləri qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın qış ərəfəsində ölkəsinin kritik infrastrukturuna və logistikasına əlavə dəstək göstərəcəyinə ümid edir. Bu barədə o Dublində Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Prezident İlham Əliyevlə görüşünün yekunlarına dair sosial şəbəkələrdə yazıb: “Ukraynadakı vəziyyəti, həmçinin Rusiyanın fasiləsiz hücumları nəticəsində energetika və nəqliyyat sistemində yaranmış problemləri ətraflı müzakirə etdik. Qış ərəfəsində Azərbaycanın Ukraynanın kritik infrastrukturuna və logistikasına dəstək göstərmək üçün yenidən imkan tapacağı təqdirdə minnətdar olarıq. Komandalarımıza bu məsələnin üzərində işləməyi tapşırdıq”.
Prezident İlham Əliyev Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Moldova Respublikasının Prezidenti Maya Sandu ilə də görüşüb.
Prezident Maya Sandu Moldovanın Azərbaycanla enerji sahəsində əməkdaşlığına toxunaraq, bunu inkişaf etdirməkdə maraqlı olduqlarını bildirib.
Moldova Prezidenti ölkəsinin enerji təhlükəsizliyinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Azərbaycan və Moldova prezidentləri münasibətlərimizin perspektivlərinə, iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Prezidenti İlham Əliyev daha sonra Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev ilə görüşüb. Dövlətimizin başçısı bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması ilə bağlı Baş nazir Rumen Radevə bir daha başsağlığı verib.
Bolqarıstanın Baş naziri başsağlığına və ifadə olunmuş həmrəyliyə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı, dostluq və strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edilib.
Görüşdə enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilərək, bu istiqamətdə tərəfdaşlığı möhkəmləndirmək üçün yaxşı perspektivlərin olduğu vurğulanıb, ölkələrimiz arasında elektrik enerjisi dəhlizi layihəsinin yaradılması, həmçinin bağlantılarla bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti və Bolqarıstanın Baş naziri müxtəlif sahələrdə əlaqələrimizin inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.
Prezident İlham Əliyev noyabrın 12-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla da görüşüb.
Liderlər 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələrinə və həmin tədbirdə imzalanmış Vaşinqton Birgə Bəyannaməsinə əsaslanaraq, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə iki ölkə arasında sülhün daha da möhkəmləndirilməsinə yönəlmiş praktiki addımlara, o cümlədən nəqliyyat və tranzit əlaqələrinin inkişafına, iqtisadi-ticari münasibətlərə, sərhədlərin delimitasiyasına və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə dair müzakirələr aparılıb.
Liderlər bu kontekstdə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) inkişafı istiqamətində əldə olunmuş irəliləyişləri, o cümlədən onun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması və layihələndirilməsini, həmçinin TRIPP marşrutu boyunca tranzit əlaqələrinin perspektivlərini müzakirə ediblər.
Yüklərin Azərbaycan ərazisindən keçməklə Ermənistana və Ermənistandan tranziti müsbət hal kimi qeyd olunub. Ötən ilin noyabr ayından etibarən Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb.
Tərəflər, həmçinin Azərbaycan ilə Ermənistan arasında iqtisadi və ticari əlaqələrin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Liderlər ətraf mühit və transsərhəd su əməkdaşlığının əhəmiyyətini vurğulayıb, transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasını alqışlayıblar.
Liderlər sülh prosesində müsbət dinamikanın qorunub saxlanılmasının, regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə yönəlmiş dialoqun davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.
***
Prezident İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub.
Söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən keçirildi.
Ölkəmizin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyində oynadığı rol və bu məsələyə verdiyi töhfə vurğulandı. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə toxunuldu.
Görüşdə Azərbaycanın Avropaya enerji, xüsusilə qaz ixracının artırılması üçün əlavə imkanların olduğu bildirildi, bu baxımdan Avropa İttifaqının maliyyə və prosedur mexanizmlərinə yenidən baxılmasının vacibliyi vurğulandı.