Noyabrın 13-də səhər saatlarında Moskvanın Çertanovo rayonunda, Kirovoqradskaya küçəsində “Toyota” markalı avtomobildə partlayış baş verib. Hadisə nəticəsində avtomobilin sürücüsü, Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun sabiq müşaviri, 72 yaşlı jurnalist Sergey Zavorotnı xəsarət alıb.
“Shot” teleqram kanalının məlumatına görə, partlayışa avtomobilin altına yerləşdirildiyi ehtimal olunan əldəqayırma partlayıcı qurğunun işə düşməsi səbəb olub.
Məlumata əsasən, Zavorotnı partlayış baş verənədək avtomobillə təxminən 200 metr hərəkət edib. Partlayışın gücündən o, yola düşüb. Hadisə şahidləri yaralıya ilkin tibbi yardım göstərməyə çalışıblar, daha sonra o, xəstəxanaya çatdırılıb.
Jurnalistin döş qəfəsi və kürək nahiyəsindən qəlpə yaraları aldığı, ayaqlarının isə ağır xəsarət gördüyü bildirilir.
Sergey Zavorotnı 2010–2014-cü illərdə, Viktor Yanukoviçin prezidentliyi dövründə Ukraynanın baş naziri Nikolay Azarovun müşaviri vəzifəsində çalışıb. 2014-cü ildə Ukraynadan Rusiyaya köçüb.
Partlayışın səbəbləri və hadisənin mümkün motivləri barədə hələlik rəsmi açıqlama verilməyib.
Tahir TAĞIYEV