ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı açıqlamalar verərək, bu ölkə ilə yaranmış vəziyyəti prezidentlik müddəti başa çatmamış həll etmək istədiyini bildirib.
Tramp mühafizəkar “Salem News Channel” telekanalına müsahibəsində Kubaya hərbi müdaxilə ehtimalı ilə bağlı suala cavabında deyib: “Vəzifəmdən ayrılmadan əvvəl Kuba məsələsini həll etmək istəyirəm”.
ABŞ dövlət katibi Marko Rubionun Kuba ilə bağlı prosesi “çox yaxşı” idarə etdiyini və lazımi addımları atdığını vurğulayan Tramp vəziyyəti yaxından izlədiklərini bildirib.
“Vəziyyət çox pis gedir. Əslində, Kuba uğursuz dövlətdir”, – deyə ABŞ prezidenti qeyd edib.
Tramp Kubaya qarşı hərbi güc tətbiq edilməsi ehtimalını da istisna etməyib. Ona hərbi müdaxilənin, hətta məhdudmiqyaslı əməliyyatın mümkünlüyü barədə sual ünvanlanıb. Tramp isə belə bir addımı nəzərdən keçirə biləcəyini bildirərək, “Mənim üçün məqbuldur, bunu nəzərdən keçirərəm”, – deyə cavab verib.
Tahir TAĞIYEV