2026-cı il noyabrın 10-da Əbu-Dabidə Ukrayna, Avropa İttifaqı, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və NATO nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Ukraynada müharibənin başa çatdırılması və uzunmüddətli sülhün təmin olunması müzakirə edilib. Birgə bəyanatda vurğulanıb ki, gələcək sülh razılaşmaları Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət, müstəqil qərar qəbul etmək hüququ və etibarlı təhlükəsizlik təminatları əsasında qurulmalıdır.
Tərəflər həmçinin müharibədən sonrakı Avropa təhlükəsizlik arxitekturasının gücləndirilməsinin və NATO-nun kollektiv müdafiədə əsas rolunun qorunmasının vacibliyini bildiriblər. Görüş Rusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli sülh danışıqları ərəfəsində baş tutub.
Əbu-Dabidə ABŞ, Avropa İttifaqı, NATO və Ukraynanın iştirakı ilə imzalanan birgə bəyanatda gələcək sülh razılaşmalarının Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında qurulmasının vacibliyi vurğulanıb. Belə bir razılaşma mövcud olduğu halda, ABŞ Prezidenti Donald Trampın Donbasın və digər Ukrayna ərazilərinin Rusiyaya verilməsi ilə bağlı müxtəlif təkliflər irəli sürməsini necə izah etmək olar? Vaşinqtonun bu mövqeləri arasında ziddiyyət varmı və bu, Ukrayna üzrə sülh danışıqlarının perspektivlərinə necə təsir göstərə bilər?
Azər Həsrət: "ABŞ-ın əsl mövqeyi Trampın sözlərində deyil, imzalanmış bəyanatda əks olunub"
Siyasi şərhçi Azər Həsrət məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın ictimaiyyət qarşısında səsləndirdiyi fikirlərlə real siyasi addımları arasında fərqlərin olması onun üçün yeni davranış deyil. Onun sözlərinə görə, Tramp bəzən bir fikir səsləndirir, lakin sonrakı addımları tamamilə fərqli istiqamətdə olur. Bu baxımdan onun ayrı-ayrı açıqlamalarından daha çox, dövlət adından imzalanmış rəsmi sənədlərə diqqət yetirmək lazımdır.
Ekspert qeyd edib ki, bu məsələdə əsas götürülməli sənəd ABŞ-ın da imza atdığı birgə bəyanatdır: "Mən Donald Trampın ictimaiyyət qarşısında dediyi sözlərdən daha çox, imzalanmış bu bəyanata güvənməyin tərəfdarıyam. Çünki burada artıq konkret olaraq Amerika Birləşmiş Ştatları dövlətinin imzası, mövqeyi var. Bu, dövlətin rəsmi mövqeyini ifadə edən sənəddir. Düşünürəm ki, Tramp sadəcə olaraq ictimai rəyə hesablanmış açıqlamalar verir, amma ABŞ-ın əsl mövqeyi həmin birgə bəyanatda əks olunub".
Azər Həsrətin fikrincə, ABŞ Ukraynanın məğlub olmasında və ərazi bütövlüyünün pozulmasında maraqlı deyil. Çünki Ukraynanın ərazilərinin hər hansı hissəsinin Rusiyaya güzəştə gedilməsi Qərb üçün ciddi geosiyasi və təhlükəsizlik problemləri yarada bilər. Belə bir nəticə Rusiyada revanşist əhval-ruhiyyəni gücləndirə, Moskvanı daha geniş ərazilərə yönəlmiş iddialar irəli sürməyə həvəsləndirə bilər.
Siyasi şərhçi hesab edir ki, Ukraynanın ərazi bütövlüyünə güzəşt edilməsi təkcə bu ölkənin problemi kimi qiymətləndirilməməlidir. Bu, Avropanın təhlükəsizlik arxitekturasına da ciddi zərbə vura bilər. Çünki Rusiya hərbi baxımdan bütün Avropanı məğlub etmək gücündə olmasa da, regionda uzunmüddətli qeyri-sabitlik yaratmaq, siyasi təzyiq göstərmək və təhlükəsizlik risklərini artırmaq imkanlarına malikdir.
O bildirib ki, Rusiyanın Ukraynada üzləşdiyi çətinliklər də Moskvanın hərbi imkanlarının hüdudsuz olmadığını göstərir. Müharibənin qısa müddətdə başa çatacağı və üç günə Kiyevin ələ keçiriləcəyi ilə bağlı ilkin gözləntilərin özünü doğrultmaması Rusiyanın real hərbi potensialı ilə siyasi iddiaları arasında ciddi fərq olduğunu ortaya qoyub. Bununla belə, bu fakt Rusiyanın Avropa üçün təhlükə yaratmaq imkanlarını tamamilə aradan qaldırmır.
Azər Həsrət vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyü məsələsinə prinsipial yanaşmaq lazımdır. Onun qənaətinə görə, Rusiyaya ərazi güzəştlərinin edilməsi gələcəkdə daha böyük iddialar üçün presedent yarada bilər. Buna görə də Trampın ayrı-ayrı bəyanatlarından çox, ABŞ-ın rəsmi sənədlərdə ifadə etdiyi mövqe əsas götürülməlidir.
Siyasi şərhçi sonda bir daha diqqətə çatdırıb ki, Ukraynanın ərazi bütövlüyü məsələsi müzakirə predmeti olmamalıdır və imzalanmış birgə bəyanatda da bu prinsipin qorunması ABŞ-ın mövqeyinin göstəricisi kimi qiymətləndirilməlidir.
Dəniz NƏSİRLİ