Türkiyə yeni atom elektrik stansiyalarının tikintisi ilə bağlı Rusiya ilə əməkdaşlıqdan uzaqlaşaraq Kanada və Cənubi Koreya şirkətləri ilə danışıqlara üstünlük verir. Bloomberg-in məlumatına görə, Ankara Sinopda inşa edilməsi planlaşdırılan yeni AES layihəsi üçün texnologiya və maliyyələşmə məsələlərini bu ölkələrlə müzakirə edir. Beləliklə, Rusiyanın dövlət korporasiyası “Rosatom” Türkiyənin yeni nüvə energetikası layihələri uğrunda mübarizədə əvvəlki üstünlüyünü itirir.
Türkiyə 2040-cı ilədək atom elektrik enerjisi istehsal gücünü 10 GVt-a, 2050-ci ilədək isə 20 GVt-a çatdırmağı planlaşdırır. Bununla yanaşı, Ankara Rusiyadan qaz asılılığını da azaltmağa çalışır. 2006-cı ildə Türkiyənin qaz idxalında Rusiyanın payı 64 faiz olduğu halda, 2026-cı ilin ilk səkkiz ayında bu göstərici 33 faizə enib.
Türkiyə enerji təhlükəsizliyini gücləndirmək üçün Azərbaycan, Gürcüstan, Mərkəzi Asiya və Qafqazdan bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi idxalını artırmağı, həmçinin Avropa bazarına elektrik enerjisi ixracını genişləndirməyi hədəfləyir. Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında enerji sistemlərinin inteqrasiyası və yaşıl elektrik enerjisinin Avropa bazarlarına çatdırılması istiqamətində strateji tərəfdaşlıq sazişi də imzalanıb.
Türkiyənin yeni atom elektrik stansiyalarının tikintisi üçün “Rosatom” əvəzinə Kanada və Cənubi Koreya şirkətləri ilə danışıqlar aparması, eyni zamanda Rusiya qazından asılılığını azaltmağa çalışması hansı səbəblərlə bağlıdır? Bu qərarlar Ankaranın enerji siyasətində strateji dəyişiklikdən xəbər verirmi, yoxsa əsas məqsəd enerji mənbələrini və texnologiya tərəfdaşlarını şaxələndirərək Rusiyadan asılılığı minimuma endirməkdir? Bu proses Rusiya-Türkiyə münasibətlərinə və regionun enerji geosiyasətinə necə təsir göstərə bilər?
Züriyə Qarayeva: "Türkiyə enerji təhlükəsizliyini Rusiyanın qərarlarından asılı vəziyyətdə saxlamaq istəmir"
Politoloq Züriyə Qarayeva məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Türkiyənin yeni atom elektrik stansiyalarının tikintisi ilə bağlı Kanada və Cənubi Koreya şirkətləri ilə danışıqlara üstünlük verməsi Ankaranın enerji siyasətində daha müstəqil və çoxşaxəli strategiya formalaşdırmaq niyyətindən xəbər verir.
Onun sözlərinə görə, burada əsas məqsəd Rusiya ilə enerji əməkdaşlığını tamamilə dayandırmaq deyil, bir ölkədən həddindən artıq asılılığın yaratdığı iqtisadi və geosiyasi riskləri minimuma endirməkdir. Enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, həm də dövlətlərin xarici siyasət müstəqilliyini müəyyənləşdirən mühüm strateji amildir. Rusiya ilə Akkuyu Atom Elektrik Stansiyası layihəsini həyata keçirən Türkiyə yeni layihələrdə alternativ tərəfdaşlar seçməklə texnologiya transferi, maliyyələşmə şərtləri və gələcək enerji infrastrukturuna nəzarət baxımından daha əlverişli imkanlar əldə etməyə çalışır.
Politoloq qeyd edib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları və Moskvanın enerji resurslarından siyasi təsir vasitəsi kimi istifadə etməsi ehtimalı Ankaranı uzunmüddətli riskləri yenidən qiymətləndirməyə sövq edir. Bu baxımdan Türkiyənin addımlarını Rusiyadan tam uzaqlaşma kimi deyil, enerji sahəsində strateji muxtariyyətini gücləndirmək və tərəfdaşlar arasında balans yaratmaq siyasəti kimi qiymətləndirmək daha doğru olar.
Züriyə Qarayevanın fikrincə, bu proses Rusiya-Türkiyə münasibətlərində müəyyən rəqabət və maraq toqquşmaları yarada bilər. Lakin bu, iki ölkə arasında strateji əməkdaşlığın tamamilə zəifləməsi demək deyil. Ankara Moskva ilə münasibətlərdə qarşılıqlı iqtisadi maraqları qorumağa çalışmaqla yanaşı, enerji təhlükəsizliyini Rusiyanın qərarlarından asılı vəziyyətdə saxlamaq istəmir.
Politoloq vurğulayıb ki, Türkiyə tədricən yalnız enerji idxal edən ölkədən regional enerji tranziti və ticarəti mərkəzinə çevrilməyi hədəfləyir. Bu strategiyada Azərbaycanın rolu xüsusilə əhəmiyyətlidir. Azərbaycan qazının Türkiyə və Avropa bazarlarına çatdırılması, yaşıl enerji dəhlizlərinin formalaşdırılması və regional elektrik şəbəkələrinin inteqrasiyası Bakı-Ankara strateji tərəfdaşlığının enerji istiqamətini daha da gücləndirə bilər.
Eyni zamanda, Gürcüstanın, Mərkəzi Asiya və Avropa ölkələrinin bu proseslərə cəlb edilməsi Rusiyadan kənar alternativ enerji marşrutlarının əhəmiyyətini artıracaq. Nəticə etibarilə, Türkiyənin enerji siyasətində baş verən dəyişikliklər təkcə Rusiyadan asılılığı azaltmaq cəhdi deyil, həm də Cənubi Qafqazdan Avropaya qədər uzanan yeni enerji geosiyasi arxitekturasında daha güclü mövqe qazanmaq strategiyasıdır.
Dəniz NƏSİRLİ