Firdovsi Şahbazov: “Qarşıdakı dövrdə Azərbaycanın bu yöndə əhəmiyyəti daha da artacaq”
Müasir beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər, enerji bazarlarında qeyri-sabitlik, ənənəvi təchizat marşrutlarının təhlükəsizliyi ilə bağlı risklər və qlobal ticarət əlaqələrinin yenidən qurulması Avropanı yeni strateji tərəfdaşlıq imkanları axtarmağa sövq edir.
Belə bir şəraitdə Azərbaycan zəngin enerji ehtiyatları, müstəqil xarici siyasəti, əlverişli coğrafi mövqeyi və genişmiqyaslı infrastruktur layihələri ilə Avropanın iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan dövlətlərdən birinə çevrilib. Avropada enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsi məsələsi qlobal geosiyasi proseslərin mühüm istiqamətlərindən birinə çevrilib.
Dublində keçirilən Avropa Siyasi Birliyinin Zirvə Toplantısı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan əhəmiyyətini bir daha gündəmə gətirib. Prezident İlham Əliyevin toplantıda iştirakı ölkəmizin Avropa dövlətləri ilə siyasi dialoqunun genişləndirilməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki Dublin sammiti güclü, təhlükəsiz və əlaqəli Avropa devizi altında keçir. Azərbaycanın enerji siyasəti Avropanın təhlükəsizliyinin möhkəmlənməsində nə rol oynayır? Və bu cəhətdən Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacının gələcək mənzərəsi necə görsənir?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır: “Qarşıdakı dövrdə Azərbaycanın bu yöndə əhəmiyyəti daha da artacaq. Çünki proseslər buna doğru gedir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması sıradan bir proses deyil. Bu, uzun illər ərzində həyata keçirilən düşünülmüş uğurlu enerji strategiyasının sayəsində mümkün olub. Azərbaycanın illər ərzində beynəlxalq tərəfdaşlarla qurduğu qarşılıqlı etimada sayəsində bu, mümkün olub. Böyük maliyyə tutumlu infrastruktur layihələrinin nəticəsində enerji xətləri çəkilib. Prezident Əliyevin apardığı siyasət illər ərzində yeni geosiyasi reallıqlar formalaşdırıb. Nəticədə Azərbaycanın beynəlxalq enerji bazarlarındakı mövqeyi keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bu siyasətin mühüm nəticələrindən biri Cənub Qaz Dəhlizinin reallaşdırılmasıdır. Xəzər hövzəsinin təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdıran bu nəhəng enerji infrastrukturu Azərbaycanın qitənin enerji xəritəsində strateji mövqeyini möhkəmləndirib. Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Təbii Qaz Boru Kəməri – TANAP və Trans-Adriatik Boru Kəmərindən – TAP-dan ibarət sistem Avropanın alternativ enerji mənbələrinə çıxışını genişləndirib. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycanın Avropanın enerji təchizatında rolu daha da artaraq yeni mərhələyə keçib. Artıq Mərkəzi Asiyanın enerji resurslarının Azərbaycan üzərindən Avropaya ötürülməsi gündəmdədir”.
Vidadi ORDAHALLI