Ərəb Dövlətləri Liqasının (ƏDL) parlament qurumu husilərin maliyyələşmə mənbələrinin və silah təchizatı kanallarının qarşısının alınması, hərəkat rəhbərliyinə qarşı sanksiyaların genişləndirilməsi məqsədilə beynəlxalq təşəbbüsə başlayıb. Bu barədə Ərəb Parlamentinin yaydığı bəyanatda bildirilib.
Təşəbbüs çərçivəsində husilərin fəaliyyətini maliyyələşdirən şəbəkələrin, qaçaqmalçılıq kanallarının, kommersiya qurumlarının və pul köçürmə mexanizmlərinin müəyyənləşdirilməsi və fəaliyyətinin dayandırılması nəzərdə tutulur.
Ərəb Parlamenti husilərin terror təşkilatları siyahısına daxil edilməsi və hərəkatın rəhbərliyinə, eləcə də onu dəstəkləyən strukturlara qarşı sanksiyaların genişləndirilməsi məqsədilə Avropa Parlamenti və Avropa İttifaqının digər qurumlarına müraciət etməyi planlaşdırır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün parlamentləri ilə də əlaqələrin qurulması nəzərdə tutulur.
Bəyanatda bu addımların husilərin Səudiyyə Ərəbistanına qarşı təkrarlanan hücumlarına cavab olaraq hazırlandığı qeyd edilib. Bildirilib ki, həmin hücumlar regionun təhlükəsizliyinə, dəniz və hava nəqliyyatına, enerji təchizatına və beynəlxalq ticarətə təhlükə yaradır.
Sənədə əsasən, təşəbbüs beş istiqaməti əhatə edir: diplomatik, siyasi, təhlükəsizlik, hüquqi və iqtisadi sahələr.
Tahir TAĞIYEV