Rusiyanın Federal Dövlət Statistika Xidmətinə (Rosstat) aid olduğu bildirilən məlumatların sızdırılması Ukrayna müharibəsində Rusiyanın insan itkilərinin miqyası ilə bağlı yeni rəqəmləri gündəmə gətirib.
“Financial Times” qəzetinin sızdırılmış sənədlər əsasında apardığı təhlilə görə, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibədən 2026-cı ilin yayınadək ən azı 450 min Rusiya vətəndaşı həyatını itirib.
Məlumatlara əsasən, sənədləri Belarusun “Cyberpartisans BY” və Ukraynanın “Silent Crow” haker qrupları əldə edib. Təhlildə ölüm hallarının qeydiyyata alınmasında gecikmələr də nəzərə alınıb. Bu hesablamalara görə, 2026-cı ilin avqust ayının əvvəlinə ümumi itkilər təxminən 550 minə çata bilər. Yanvar ayındakı ölüm tempi ilin sonunadək davam edərsə, bu rəqəmin 650 minə yüksəlməsi ehtimal olunur.
Araşdırmada bildirilir ki, ölənlərin böyük əksəriyyətini hərbçilər təşkil edir. Bununla yanaşı, ümumi göstəriciyə mülki şəxslərin də daxil olması ehtimal edilir.
Sızdırıldığı iddia olunan məlumatlar müharibənin insan itkilərinin Rusiyanın regionları üzrə qeyri-bərabər bölüşdüyünü də göstərir. Belə ki, daha yoxsul bölgələr və etnik azlıqların yaşadığı ərazilər itkilərin ağırlığını daha çox daşıyır.
Qeyd edək ki, Rosstat kiberhücumlara məruz qaldığını təsdiqləsə də, məlumat bazalarının ələ keçirildiyini və məxfi məlumatların sızdığını təkzib edib. Sızdırılmış məlumatların həqiqiliyi və tamlığı müstəqil şəkildə tam təsdiqlənməyib. “Financial Times”ın təqdim etdiyi rəqəmlər də rəsmi təsdiqlənmiş statistika deyil.
Tahir TAĞIYEV