Samir Hümbətov: “Belə bir təşəbbüsün səsləndirilməsi NATO daxilində müəyyən fikir ayrılıqlarının və gərginliyin yaranmasına da xidmət edə bilər”
Rusiya Xarici İşlər Nazirliyinin Xarici Siyasət Planlaşdırma Departamentinin direktoru Aleksey Drobinin sözlərinə görə, Rusiya ayrı-ayrı NATO ölkələri ilə qarşılıqlı hücum etməmək barədə müqavilələr bağlaya və onlara əlavə təhlükəsizlik zəmanətləri verə bilər.
Drobinin Beynəlxalq Kollektiv Təhlükəsizlik Forumundakı çıxışı zamanı Avrasiyada yeni təhlükəsizlik arxitekturasının necə görünə biləcəyini müzakirə edib.
Onun sözlərinə görə, iştirakçılar münasibətləri bərabər və bölünməz təhlükəsizlik prinsipi əsasında qura bilərlər: bu, bir-birinə qarşı düşmənçilik niyyətlərinin olmamasını qarşılıqlı şəkildə qəbul etmək deməkdir.
Diplomat deyib ki, bu prinsipin tətbiqi üsulları fərqli ola bilər. Nümunələrə KTMT kimi müdafiə ittifaqları, Rusiyanın Belarus və Şimali Koreya ilə bağladığı kimi ikitərəfli təhlükəsizlik zəmanəti müqavilələri və İranla Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişində olduğu kimi bir-birinin düşmənlərini dəstəkləməmək barədə siyasi müqavilələr daxildir.
"Bunlar, mahiyyət etibarilə qarşılıqlı hücum etməmə paktlarının meyarlarına cavab verən ikitərəfli müqavilələr ola bilər. Məsələn, bu cür razılaşmalar, o cümlədən ayrı-ayrı NATO üzv dövlətləri ilə əldə edilə bilər ki, onlar da, məsələn, Rusiya Federasiyasından əlavə fərdi təhlükəsizlik zəmanətləri alacaqlar", - Drobinin bildirib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi hansı ölkələrdən danışdığını dəqiqləşdirməyib.
Diplomat digər variantlar arasında bir-birinə qarşı hər hansı bir hərbi əməliyyatdan qarşılıqlı imtina etməyi və bu cür hərəkətlər üçün ərazi, tranzit və sənaye obyektlərinin təmin edilməsini, eləcə də siyasi və hərbi etimadın gücləndirilməsi tədbirlərini sadaladı.
Buna görə də, o, Moskvanın yeni arxitekturaya mövcud ittifaq üzvlərinin daxil edilməsini istisna etmədiyini söyləyib.
Drobinin hesab edir ki, bu cür ölkələr "müəyyən hallarda öz təhlükəsizliklərini təmin etmək üçün bəzi əlavə addımların atılmasına ehtiyacı nəzərdən keçirə bilərlər".
2025-ci ilin dekabr ayında xarici işlər naziri Sergey Lavrov Rusiyanın Avropaya hücum etmək niyyətində olmadığını və bunu hüquqi sənəddə təsbit etməyə hazır olduğunu bildirib.
Xarici işlər nazirinin müavini Aleksandr Qruşko daha sonra Avropa ölkələrinin bu təklifə cavab vermədiyini bildirdi. Rusiya prezidenti Vladimir Putin NATO və AB ölkələrinə hücum planları ilə bağlı iddiaları "inanılmaz yalan" adlandırıb.
Bu çox maraqlı və diqqətçəkən məsələdir. Hazırda NATO üzvləri arasında hansı dövlət Rusiya ilə belə bir saziş imzalaya bilər? Yəni söhbət ikitərəfli qaydada Rusiya və NATO ölkələrinin bir birinə hücum etməməsi ilə bağlı müqavilədən gedir.
Bu fikir hardadan yaranıb? Bəlkə də Trampın pərdə arxasında gördüyü işdir ki, ABŞ-la Rusiya bir-birinə hücum etməməklə bağlı müqavilə imzalaya bilər?
Yəni bu müqavilə NATO-dan xəbərsiz, NATO-dan kənarda imzalana bilər. Bu nə dərəcədə ağlabatandır? Rusiya və ABŞ bir- birinə hücum etməməklə bağlı müqavilə imzalaya bilərmi?
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov baki-xeber.com-a bildirdi ki, burada bir neçə istiqamət var. S.Hümbətovun qənaətinə görə, ola bilər ki, ABŞ-ın özü də bu işdə maraqlıdır: “Yəni ABŞ və Rusiya bir-birinə hücum etməməklə bağlı gizli şəkildə müqavilə imzalaya bilərlər.
Düşünürəm ki, bu məsələdə bir qədər ehtiyatlı yanaşmaq lazımdır. Bildirilir ki, Amerika Birləşmiş Ştatları da Rusiyaya qarşı müəyyən təhlükəsizlik təminatları və ya hücum etməmək öhdəliyi ilə bağlı razılaşmanın imzalanmasına müsbət yanaşa bilər. Lakin NATO-nun digər üzv ölkələri arasında da belə bir razılaşmanın əldə olunması ehtimalı var. Məsələn, təkcə ABŞ deyil, burada nəzərdə tutulan ölkələr arasında Sloveniya və digər Avropa dövlətlərinin adı çəkilə bilər. Məncə, bu ölkələrdən bəziləri ilə belə bir razılaşmanın əldə olunması daha real görünür.
Çünki həmin dövlətlər Rusiya ilə birbaşa qarşıdurmaya getmək, mövcud gərginliyi daha da artırmaq niyyətində olan ölkələr kimi xarakterizə edilmir. Bu baxımdan, Rusiyanın onlarla belə bir sənədi imzalamaq ehtimalı daha yüksək ola bilər.
ABŞ məsələsinə gəldikdə isə burada müəyyən qeyri-müəyyənliklər mövcuddur. Çünki Donald Trampın xarici siyasətinin hansı istiqamətdə inkişaf edəcəyini hələ tam dəqiqliklə söyləmək mümkün deyil. Digər tərəfdən, Amerika dövlətinin siyasəti yalnız prezidentin şəxsi mövqeyi ilə müəyyənləşmir. ABŞ-da dövlət institutları, siyasi dairələr və təhlükəsizlik strukturları da xarici siyasətin formalaşmasında mühüm rol oynayır.
Bütün bunlarla yanaşı, belə bir təşəbbüsün səsləndirilməsi NATO daxilində müəyyən fikir ayrılıqlarının və gərginliyin yaranmasına da xidmət edə bilər. Bu, Rusiyanın taktiki gedişi, Alyans daxilində parçalanma yaratmaq cəhdi də ola bilər. Eyni zamanda, Moskvanın həqiqətən də ayrı-ayrı ölkələrlə belə razılaşmalar əldə etmək niyyətində olması ehtimalını da istisna etmək olmaz”.
S.Hümbətov hesab edir ki, ona görə də bütün ehtimalları nəzərə almaq lazımdır. O, vurğuladı ki, hələlik tərəflərin əsl niyyətləri və bu təşəbbüsə hansı siyasi məqsədlərlə yanaşdıqları tam aydın deyil. “Zaman keçdikcə onların konkret addımları, mövqeləri və strateji istiqamətləri daha aydın görünəcək. Yalnız bundan sonra məsələyə daha qəti siyasi qiymət vermək mümkün olacaq.
Hələlik isə hesab edirəm ki, Rusiyanın bu təkliflə çıxış etməsində NATO daxilində müəyyən parçalanma yaratmaq və üzv dövlətlər arasında fərqli mövqeləri üzə çıxarmaq məqsədi də ola bilər. Bununla belə, Moskvanın real təhlükəsizlik maraqlarından çıxış edərək belə bir razılaşma əldə etmək istəməsi ehtimalını da diqqətdən kənarda saxlamaq olmaz”-deyə S.Hümbətov qeyd etdi.
İradə SARIYEVA