Xalid Kərimli: “Həmin dövr üçün də ödənişlərin təmin edilməsi ədalətli yanaşma olardı”
Əlilliyi dayandırıldıqdan sonra aparılan araşdırma nəticəsində əlilliyi yenidən təsdiqlənən şəxslərə araşdırmanın davam etdiyi müddət üçün müavinət ödənilməsi məsələsinə yenidən baxılmalıdır.
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov parlamentin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, büdcənin təhlili 2027-ci il dövlət büdcəsinin əvvəlki illərdə olduğu kimi sosialyönümlü olduğunu göstərir.
“Əvvəlki illərdə olduğu kimi, 2027-ci ilin büdcəsində də sosial müavinət və təqaüdlərə, eləcə də digər sahələrə ayrılan vəsaitin artırılması planlaşdırılır”, - deyə o qeyd edib.
C.Məmmədov əlilliyi olan şəxslərin müavinət alması ilə bağlı yaranan problemlərə də diqqət çəkib.
O bildirib ki, bəzi hallarda vətəndaşın əlilliyi dayandırılır və onun yenidən müavinət alıb-almayacağının müəyyənləşdirilməsi üçün araşdırma başlanılır. Bu araşdırma bir neçə ay davam edir və nəticədə həmin şəxsə müavinətin yenidən verilməsi barədə qərar qəbul olunur.
Deputatın sözlərinə görə, problem ondadır ki, müavinət almaq hüququ yenidən təsdiqlənən vətəndaşa araşdırmanın davam etdiyi müddət üçün heç bir ödəniş edilmir.
“Halbuki həmin vəsait bu insanlar üçün həyati əhəmiyyət daşıyır. Düşünürəm ki, bu məsələyə yenidən baxılması yaxşı olardı”, - deyə C.Məmmədov vurğulayıb.
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların müavinətinin ödənilməsi barədə təklif çox maraqlıdır. Bunu necə dəyərləndirmək olar?
Əlil şəxslər bir neçə ayın müavinətindən niyə məhrum olmalıdır ki?
İqtisadçı Xalid Kərimli baki-xeber.com-a bildirdi ki, deputatın təklifi təqdirəlayiqdir.
“Bəli, mən də belə düşünürəm ki, bu məsələdə vətəndaşın hüquqları qorunmalıdır. Əgər aparılan araşdırma və qiymətləndirmə nəticəsində şəxsin əlilliyi təsdiq olunarsa, ona müvafiq ödənişlər əlilliyin müəyyən edildiyi tarixdən əvvəlki dövrü də əhatə etməklə hesablanmalıdır. Çünki həmin müddətdə araşdırma aparılır, şəxsin həqiqətən əlilliyinin olub-olmadığı dəqiqləşdirilir. Əgər son nəticədə əlillik faktı təsdiqlənirsə, vətəndaş nə üçün bu araşdırma müddətində ona düşən ödənişlərdən məhrum edilməlidir? Məncə, bu, mübahisə doğurmamalı olan bir məsələdir. Bu baxımdan, həmin dövr üçün də ödənişlərin təmin edilməsi ədalətli yanaşma olardı”-deyə X.Kərimli qeyd etdi.
İradə SARIYEVA