“Microsoft” şirkətinin qurucusu Bill Qeyts süni intellektin kiber təhlükəsizlik sahəsində yarada biləcəyi yeni risklər barədə xəbərdarlıq edib. O bildirib ki, süni intellekt artıq xəstəxanalar, enerji şirkətləri və banklar kimi kritik infrastrukturlara qarşı kiberhücumlarda istifadə oluna bilər.
Qeytsin sözlərinə görə, süni intellekt mürəkkəb proqram sistemlərindəki boşluqları müəyyənləşdirmək və təhlükəsizlik mexanizmlərini aşmaq imkanlarına malikdir. O, hücum məqsədilə hazırlanmış süni intellekt sisteminin konkret xəstəxananı fəaliyyətini dayandırmağa və ya bankın işini pozmağa yönəldilə biləcəyini qeyd edib.
“Əgər süni intellektə müəyyən xəstəxananı sıradan çıxarmaq və ya bankın fəaliyyətini pozmaq tapşırığı verilsə, o, monitorinq sistemlərini və təhlükəsizlik tədbirlərini aşaraq həmin qurumları fəaliyyət qabiliyyətindən məhrum edə bilər”, – deyə Qeyts bildirib.
O, xüsusilə təhlükəsizlik məhdudiyyətlərinin aradan qaldırıla bildiyi açıq mənbəli süni intellekt modellərinin yaratdığı risklərə diqqət çəkib. Qeytsin fikrincə, kiberhücum qrupları ən yeni süni intellekt alətlərindən istifadə etməklə hədəflərinə daha asan çata bilərlər.
“Bu imkan artıq mövcuddur”, – deyə o vurğulayıb.
Qeyts kiber müdafiə sistemlərinin yeni təhdidlərə uyğunlaşdırılmasının isə vaxt tələb edəcəyini bildirib. Onun sözlərinə görə, süni intellektdən müdafiə proqramlarının yenidən qurulmasında istifadə etmək mümkün olsa da, bu prosesə ən yüksək prioritet verildiyi halda belə, təxminən beş il lazım gələ bilər.
O əlavə edib ki, süni intellekt kiber təhlükəsizlik sahəsində həm hücum, həm də müdafiə istiqamətində yeni rəqabət yaradıb və təhlükəsizlik strategiyaları bu reallığa uyğun yenilənməlidir.
Tahir TAĞIYEV