Ermənistanın Baş naziri Paşinyan İrəvanın Türkiyə ilə münasibətlərin tam normallaşdırılması və Azərbaycanla möhkəm sülhün əldə olunması istiqamətində mühüm irəliləyişə nail olduğunu bildirib. O, hazırda hər iki ölkə ilə münasibətlərin tənzimlənməsi üçün tarixi imkan yarandığını və Ermənistanın bu fürsəti əldən verməməli olduğunu vurğulayıb.
Paşinyan bu barədə Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda keçirilən müzakirələr zamanı danışıb.
Baş nazirin sözlərinə görə, iki gün əvvəl Türkiyə Prezidenti Ərdoğanla keçirdiyi görüş olduqca müsbət nəticələnib. Tərəflər münasibətlərdə əldə olunan irəliləyişi müzakirə edib və diplomatik əlaqələrin qurulması, sərhədlərin tam açılması istiqamətində son mərhələyə yaxın olduqlarını qeyd ediblər.
Azərbaycanla münasibətlərə toxunan Paşinyan Prezident İlham Əliyevlə görüşündən sonra uzunmüddətli sülhün əldə olunması üçün real imkanın mövcud olduğu qənaətinə gəldiyini bildirib.
“Hazırda yekun, möhkəm, uzunmüddətli və etibarlı sülhün qurulması üçün çox real və tarixi imkanımız var. Bu fürsətdən istifadə etməmək bağışlanmaz olardı. Bu tarixi şansdan yararlanmaq mənim şəxsi missiyam və hökumətimizin missiyasıdır”, – deyən Paşinyan Azərbaycanla davamlı sülh yaratmağa yaxın olduqlarını vurğulayıb.
Ermənistanın baş naziri münasibətlərin dəyişdirilməsinin asan olmadığını da etiraf edib. Onun sözlərinə görə, bu prosesdə Ermənistan beynəlxalq və daxili siyasi çətinliklərlə, psixoloji maneələrlə, eləcə də tarixi keçmişlə bağlı məsələlərlə üzləşəcək. Bununla belə, Paşinyan davamlı və etibarlı sülhün artıq əlçatan olduğunu bildirib.
O, Türkiyə ilə münasibətlərdə praktiki dəyişikliklərin baş verdiyinə də diqqət çəkib. Paşinyan qeyd edib ki, iki ölkə arasında birbaşa quru sərhədi vasitəsilə tammiqyaslı ticarət hələ mümkün olmasa da, ticarət dövriyyəsi üçün yeni imkanlar yaranıb.
Tahir TAĞIYEV