Rusiya NATO-nun hərbi qüvvə və bazalarını alyansın şərqə doğru genişlənməyə başlamazdan əvvəl, 1997-ci ildəki mövqelərinə qaytarılmasını yenidən tələb edib. Moskvanın bu tələbi və digər şərtləri ABŞ Prezidenti Trampın nümayəndələri ilə keçirilən danışıqlarda təqdim etdiyi sənəddə əksini tapıb.
Bu barədə “The New York Times” danışıqların iştirakçısından əldə etdiyi sənədə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, sənədin həqiqiliyi müzakirələrin gedişindən xəbərdar olan daha bir mənbə tərəfindən təsdiqlənib.
Noyabrın 10-da tarixlənən sənəd Rusiyanın Əbu-Dabidə keçirilən danışıqlardakı mövqeyini əks etdirir. Həmin görüşdə fevral ayından bəri ilk dəfə ABŞ, Rusiya və Ukrayna nümayəndələri üzbəüz danışıqlar aparıblar.
Moskvanın əsas tələbləri 2021-ci ilin dekabrında irəli sürdüyü şərtlərlə, demək olar ki, eynidir. Rusiya həmin vaxt NATO-nun daha da genişlənməsindən imtina etməsini, Şərqi və Mərkəzi Avropada alyansın hərbi fəaliyyətinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasını tələb etmişdi.
Yeni sənəddə Rusiya NATO ölkələrindən alyansın gələcək genişlənməsini, həmçinin Ukraynada və Şərqi Avropanın, Cənubi Qafqazın, eləcə də Mərkəzi Asiyanın digər ərazilərində “istənilən hərbi fəaliyyəti” istisna etməyi tələb edir.
Moskva, eyni zamanda, Ukraynaya Qərb silahlarının, hərbi texnikanın və hərbi təyinatlı məhsulların bütün növləri üzrə tədarükünün dayandırılmasını istəyir. Rusiya Ukraynanın Avropa İttifaqına üzvlüyünə isə Kiyevin qurumun ümumi müdafiə siyasətində iştirak etməməsi şərti ilə mümkün yanaşır.
Bundan başqa, Rusiya Fransa və Böyük Britaniyanın nüvə silahlarından digər Avropa dövlətlərinin müdafiəsi məqsədilə istifadə imkanını istisna etməsini tələb edir.
Danışıqların iştirakçıları Moskvanın tələblərinin onun ilkin mövqeyini əks etdirdiyini, lakin Rusiya nümayəndələrinin Vladimir Putinin müəyyən güzəştlərə gedə biləcəyinə işarə etdiyini bildiriblər.
Rusiya rəsmiləri Avropanın müharibədən sonrakı təhlükəsizlik quruluşu üçün Soyuq müharibə dövrünü və SSRİ-nin rəhbərlik etdiyi Varşava Müqaviləsi Təşkilatını nümunə kimi təqdim ediblər. Onların fikrincə, qitənin ABŞ və Sovet İttifaqının təsir dairələrinə bölünməsi, eləcə də tərəflər arasında mövcud kommunikasiya və qarşılıqlı anlaşma mexanizmləri münaqişə riskini azaldırdı.
ABŞ tərəfi isə Moskvanı 2021-ci ilin dekabrından bəri dünyada baş verən dəyişiklikləri nəzərə almağa və gələcəyə fokuslanmağa çağırıb. Amerika rəsmisinin sözlərinə görə, Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner gərginliyin azaldılmasına yönəlmiş konkret addımları nəzərdə tutan yeni Rusiya təkliflərini müzakirə etməyə hazırdırlar.
Əbu-Dabi danışıqlarından sonra Uitkoff və Kuşner Moskvaya gedərək cümə axşamı Vladimir Putinlə görüşüblər. Daha sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında Putinin 2021-ci ildə irəli sürülən təklifləri hələ də “bölünməz təhlükəsizlik arxitekturasının əsaslarına dair baxışımızın” ifadəsi hesab etdiyini bildirib.
Moskvadan sonra ABŞ nümayəndələri Dublinə yollanaraq danışıqların gedişi barədə Ukrayna Prezidenti Volodimir Zelenskini məlumatlandırıblar. Görüşdən sonra Cared Kuşner avropalıların iştirakı olmadan razılaşmanın əldə edilməsinin mümkün olmadığını vurğulayıb.
Polşanın Baş naziri Donald Tusk isə cümə axşamı Moskvanın tələblərini rədd edib. O bildirib ki, bu şərtlərin qəbul edilməsi Polşanın təhlükəsizliyi üçün birbaşa təhdid yaradardı. Tuskun sözlərinə görə, Rusiyanın irəli sürdüyü şərtlər təkcə Ukrayna üçün deyil, bütövlükdə Avropa, xüsusilə Polşa kimi ölkələr üçün qəbuledilməzdir.
Tahir TAĞIYEV