Böyük Britaniyanın Suffolk qraflığında yerləşən və ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi RAF Leykenhit aviabazasında noyabrın 13-də naməlum dron fəaliyyəti qeydə alınıb. Hadisə ilə əlaqədar bazanın şəxsi heyətinə sığınacaqlarda qalmaq barədə xəbərdarlıq göndərilib.
“Sky News”un məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinin təhlükəsizlik qüvvələri axşam saatlarında bazanın üzərində müşahidə edilən icazəsiz pilotsuz uçuş aparatları ilə bağlı tədbir görüb. Hərbçilərə göndərilən xəbərdarlıqda ən yaxın sığınacağa keçmək tapşırılıb.
ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi hadisə zamanı şəxsi heyətə, təyyarələrə və hərbi infrastruktura zərər dəymədiyini bildirib. Britaniya Müdafiə Nazirliyi isə ABŞ tərəfi ilə koordinasiyalı şəkildə hadisənin təfərrüatlarının araşdırıldığını açıqlayıb. Nazirliyin məlumatına görə, vəziyyət artıq nəzarət altına alınıb.
Qərbi Suffolkdan parlament üzvü Nik Timoti də ictimaiyyət üçün təhlükənin olmadığını və insidentin həll edildiyini bildirib.
Hadisə Britaniyadakı ABŞ hərbi obyektlərində təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bir vaxta təsadüf edir. Bundan əvvəl ABŞ hərbçiləri yaxınlıqdakı RAF Mildenhall aviabazasından çoxsaylı hərbi təyyarələri çıxarıb, onların bir hissəsinin Leykenhitə köçürüldüyü bildirilmişdi. ABŞ-ın Britaniyadakı digər bazası RAF Feyrforddan da bombardmançı təyyarələr təhlükəsizlik narahatlıqları fonunda geri çəkilmişdi.
Reuters-in məlumatına görə, Feyrford bazası ətrafında daha əvvəl baş vermiş ayrıca insidentlə bağlı iki nəfər ittiham olunub. İstintaq tərəfi onlardan birinin İran kəşfiyyatına yardım etməyə çalışdığını iddia edir. İran isə bu hadisə ilə bağlı ittihamları qəbul etmir.
Hələlik Leykenhit üzərindəki dron fəaliyyətinin kim tərəfindən həyata keçirildiyi, neçə pilotsuz aparatın müşahidə olunduğu və bunun əvvəlki təhlükəsizlik hadisələri ilə əlaqəsinin olub-olmadığı açıqlanmayıb.
Tahir TAĞIYEV