Ukrayna Prezidenti Zelenskinin Moskvaya danışıqlara gəlməməsi onun ciddi dialoqa hazır olmaması və ya Qərbdəki tərəfdaşlarından müvafiq icazə almaması ilə bağlı ola bilər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin G20 və APEC məsələləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyev “RİA Novosti”yə açıqlamasında bildirib.
“Biz Volodimir Zelenskini dəfələrlə Moskvaya dəvət etmişik. O isə gəlmir. Görünür, ciddi söhbətə hazır deyil. Yaxud Qərbdəki kuratorları buna icazə vermirlər”, – deyə diplomat qeyd edib.
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Zelenskinin dialoqa hazır olduğu təqdirdə Moskvaya gələ biləcəyini bildirmişdi. Kremlin sözçüsü Dmitri Peskov da mümkün görüşlə bağlı Moskvanın mövqeyinin dəyişmədiyini və Ukrayna prezidentinin səfəri zamanı təhlükəsizliyinə zəmanət veriləcəyini açıqlamışdı.
Rusiya XİN rəhbəri Sergey Lavrov isə Zelenskinin Moskvaya dəvət edilməsini Rusiyanın xoşməramlılığının böyük jesti adlandırmışdı.
Tahir TAĞIYEV