Tural İsmayılov: “Sənədin digər əhəmiyyəti Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsidir”
İrlandiyanın paytaxtı Dublində, Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.
Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnham imzalayıblar.
Sənəd müdafiə və təhlükəsizlik, ticarət, investisiya, bərpa olunan enerji, maliyyə, kapital bazarları, eləcə də təhsil və innovasiya sahələrində əməkdaşlığı əhatə edir.
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı artıq ənənəvi enerji əməkdaşlığı çərçivəsini aşaraq təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, təhsil və texnologiyaları əhatə edən çoxşaxəli münasibətlər modelinə çevrilir.
Azərbaycan və İngiltərə arasında imzalanan Strateji tərəfdaşlıq sazişinin əhəmiyyəti nədir?
Politoloq Tural İsmayılov baki-xeber.com-a bildirdi ki, Prezident İlham Əliyevin Dublində Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalaması Azərbaycanın xarici siyasətində mühüm hadisədir. “Bu sənədi iki ölkə arasında diplomatik münasibətlərin növbəti mərhələsi kimi qiymətləndirmək düzgün olardı. Əslində, Bakı ilə London arasında əməkdaşlığın kifayət qədər möhkəm tarixi var. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən başlayan iqtisadi münasibətlər bu gün daha geniş siyasi, iqtisadi və təhlükəsizlik gündəliyinə çevrilir.
Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan artıq Böyük Britaniya üçün sadəcə enerji tərəfdaşı deyil. London Cənubi Qafqazda, Xəzər hövzəsində və Mərkəzi Asiyaya uzanan geosiyasi məkanda Azərbaycanın artan rolunu nəzərə alır. Bakı isə Britaniya ilə münasibətləri inkişaf etdirməklə beynəlxalq tərəfdaşlarının coğrafiyasını genişləndirir, siyasi və iqtisadi mövqelərini daha da möhkəmləndirir. Bu, Azərbaycanın çoxvektorlu xarici siyasətinin konkret nəticəsidir”.
T.İsmayılov qeyd etdi ki, bəyannamənin diqqətçəkən tərəflərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın ayrıca istiqamət kimi müəyyənləşdirilməsidir. “Hərbi təlimlər, kadr hazırlığı, müdafiə sənayesi və təhlükəsizlik sahəsində təcrübə mübadiləsi üçün yeni imkanlar açılır. Bu, Azərbaycanın müdafiə potensialının müasirləşdirilməsi və beynəlxalq təhlükəsizlik əməkdaşlığında iştirakının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Söhbət hansısa hərbi blokun tərkib hissəsinə çevrilməkdən deyil, milli maraqlara uyğun tərəfdaşlıq imkanlarından gedir.
İqtisadi istiqamətdə isə perspektivlər daha genişdir. Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyalar uzun illərin əməkdaşlıq təcrübəsinə söykənir. İndi bu təcrübənin bərpaolunan enerji, yaşıl maliyyə, infrastruktur, nəqliyyat-logistika və rəqəmsal texnologiyalar sahələrinə daşınması gündəmdədir. Xüsusilə Orta Dəhlizin inkişafı baxımından Londonla əməkdaşlıq Azərbaycanın tranzit imkanlarına əlavə beynəlxalq dəstək qazandıra bilər. Süni intellekt, innovasiya və təhsil sahələrində əməkdaşlıq isə iqtisadiyyatın yeni mərhələsinə keçid üçün vacib imkanlar yaradır.
Siyasi baxımdan sənədin digər əhəmiyyəti Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsidir. Böyük Britaniya ilə strateji tərəfdaşlıq münasibətlərinin rəsmiləşdirilməsi Bakının regional proseslərdə artan çəkisinin mühüm göstəricisidir. Eyni zamanda, Londonun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını ikitərəfli dialoq əsasında dəstəkləməsi diqqətəlayiq məqamdır.
Bəs bizi nə gözləyir? İlk növbədə, yüksək səviyyəli siyasi təmasların intensivləşməsi, yeni investisiya layihələri, müdafiə və təhlükəsizlik sahəsində praktiki əməkdaşlıq, təhsil və texnologiya mübadiləsinin genişlənməsi. Bəyannamədə hər il Strateji Tərəfdaşlıq görüşünün keçirilməsi də nəzərdə tutulur. Bu, sənədin kağız üzərində qalmaması, konkret nəticələrlə müşayiət olunması üçün institusional mexanizm yaradır.
Məncə, Dublində baş verənləri Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsinin növbəti mərhələsi kimi dəyərləndirmək lazımdır. Bakı artıq regional gündəliyin formalaşmasında iştirak edən ölkə olmaqla kifayətlənmir, qlobal güc mərkəzləri ilə münasibətlərini yeni iqtisadi və siyasi reallıqlara uyğun qurur. Londonla strateji tərəfdaşlıq da bu siyasətin mühüm istiqamətlərindən biridir”-deyə T.İsmayılov qeyd etdi.
İradə SARIYEVA