İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ-ın hava hücumundan müdafiə sisteminə məxsus radar stansiyasının pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alındığını açıqlayıb.
“Mehr” agentliyinin məlumatına görə, SEPAH-ın bəyanatında bildirilir ki, zərbə bazar günü səhər saatlarında Bəhreyndəki Əl-Rifaa helikopter bazasında yerləşən ABŞ radar obyektinə endirilib. Hücumun SEPAH-ın Aerokosmik Qüvvələrinə məxsus altı dron vasitəsilə həyata keçirildiyi iddia olunur.
İran tərəfi hücumu ABŞ hərbi qüvvələrinin, Tehranın ifadəsi ilə, “açıq təcavüzünə” cavab əməliyyatının ikinci mərhələsi kimi təqdim edib. SEPAH-ın bəyanatında qeyd olunub ki, zərbələr nəticəsində radar stansiyasına ciddi ziyan dəyib. Bununla belə, obyektə dəymiş zərərin miqyası və mümkün itkilər barədə müstəqil təsdiqlənmiş məlumat açıqlanmayıb.
SEPAH, həmçinin ABŞ-ın Hörmüz boğazında gəmilərin müşayiəti ilə bağlı əməliyyatının uğursuzluğa düçar olduğunu iddia edib. İran tərəfinin fikrincə, Vaşinqton bu addımlarla neft daşımalarının təhlükəsizliyini təmin etməyə çalışsa da, strateji əhəmiyyətli dəniz marşrutunun faktiki bağlanması ilə bağlı beynəlxalq diqqəti yayındırmaq niyyətindədir.
Bəyanatda ABŞ-ın pilotsuz uçuş aparatlarının ardıcıl olaraq vurulduğu, Amerika hədəflərinə qarşı istifadə edilən İran dronlarının sayının isə əməliyyatın əvvəlki mərhələsi ilə müqayisədə artırıldığı bildirilib. SEPAH xəbərdarlıq edib ki, ABŞ-ın İrana qarşı bundan sonra atacağı addımlar daha sərt və əvvəlcədən hesablanmış cavabla qarşılanacaq.
İran tərəfinin iddiasına görə, Bəhreynin müxtəlif ərazilərində ABŞ radar stansiyasına endirilən zərbələrin səsləri eşidilib. SEPAH eyni zamanda Hörmüz boğazının gəmiçilik üçün bağlı qaldığını bəyan edib və ABŞ-ın yeni hərbi addımlarının cavab tədbirlərinin daha da güclənməsinə səbəb olacağını vurğulayıb.
Xatırladaq ki, noyabrın 13-də də SEPAH Bəhreyndə ABŞ-a məxsus erkən xəbərdarlıq radarının məhv edildiyini iddia etmişdi. Həmin vaxt İran hərbçiləri hücumun ölkənin Sirik şəhərində telekommunikasiya qülləsinə endirilən aviazərbəyə cavab olduğunu bildirmişdilər. SEPAH bundan sonra İrana qarşı hər hansı yeni hücumun məhdudiyyətsiz cavabla qarşılanacağı barədə xəbərdarlıq etmişdi.
Qeyd edək ki, Bəhreyn ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğu baxımından mühüm əhəmiyyət daşıyır. ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı da bu ölkədə yerləşir. Bu səbəbdən Bəhreyndəki Amerika hərbi obyektlərinin hədəfə alınması regionda onsuz da gərgin olan təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirə bilər.
Hazırda SEPAH-ın radar stansiyasına zərbə endirilməsi ilə bağlı açıqlaması müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. ABŞ və Bəhreyn tərəfinin hadisə ilə bağlı mövqeyi və obyektə dəymiş zərərin miqyası barədə əlavə məlumatın açıqlanması gözlənilir.
Tahir TAĞIYEV