Macarıstan hakimiyyəti keçmiş Baş nazir Viktor Orbanın hökumətində çalışmış sabiq milli inkişaf naziri Mikloş Şeştaка qarşı korrupsiya araşdırması çərçivəsində müxtəlif gizli yerlərdə saxlanılan, ümumi dəyəri 20 milyon dollara yaxın nağd pul aşkarlayıb.
AFP agentliyi məlumatına görə, Macarıstanın Aktivlərin Qaytarılması və Mühafizəsi üzrə Milli İdarəsinin məlumatına görə, iki gün ərzində Budapeştdə və ölkənin üç bölgəsində axtarışlar aparılıb. Əməliyyat zamanı meşədə torpağa basdırılmış, kənd təsərrüfatı tikililərində, anbarlarda və yaşayış evlərində gizlədilmiş böyük məbləğdə pul tapılıb. Vəsaitin bir hissəsi ucqar ərazidə yerləşən bahalı seyfdə saxlanılıb.
Aşkarlanan pullar arasında 5,07 milyard Macarıstan forinti (təxminən 13,3 milyon avro), 2,66 milyon avro və 1,26 milyon dollar olub.
Maliyyə naziri Andraş Karman bildirib ki, Macarıstan Dövlət Xəzinədarlığının 12 əməkdaşı beş pulhesablama aparatının köməyi ilə əskinasların sayılmasına səkkiz saat vaxt sərf edib. Aşkarlanan vəsait artıq Dövlət Xəzinədarlığının hesabına köçürülüb.
Mikloş Şeştaк 2014–2018-ci illərdə milli inkişaf naziri vəzifəsində çalışıb. O, 37 milyon dollardan artıq rüşvət və qanunsuz komissiya haqqı almaqda şübhəli bilinir. İstintaqın versiyasına görə, bu pullar dövlət nəqliyyat şirkətlərinin işlənmiş avtobusları şişirdilmiş qiymətlərlə alması, eləcə də dövlət tikinti layihələri ilə əlaqəli olub.
Sabiq nazir sentyabrın sonunda saxlanılıb. O, ittihamları qəbul etmir. Vəkili Qabor Papp isə aşkarlanan pullarla bağlı jurnalistlərin sorğusuna hələlik münasibət bildirməyib.
Macarıstanın Baş naziri Peter Madyar aşkarlanan vəsaiti Orbanın hakimiyyəti dövründəki ehtimal olunan korrupsiyaya qarşı mübarizədə dönüş nöqtəsi adlandırıb. O, Facebook paylaşımında bu hadisənin “Fides–Xristian Demokrat Xalq Partiyası mafiyasının rəsmi sonu” olduğunu bildirib.
Qeyd edək ki, apreldə Madyarın Avropa ilə daha sıx əməkdaşlığı müdafiə edən “Tisa” partiyası parlament seçkilərində inamlı qələbə qazanaraq Orbanın 16 illik hakimiyyətinə son qoyub. Yeni hökumət əvvəlki hakimiyyətlə Avropa İttifaqı arasında yaranmış uzunmüddətli fikir ayrılıqlarından sonra Brüssellə münasibətləri bərpa etməyi vəd edib.
Madyarın təşəbbüsü ilə yaradılan antikorrupsiya qurumu ehtimal olunan korrupsiya hallarını və dövlət vəsaitlərindən qanunsuz istifadəni araşdırmaq üçün istintaq və prokurorluq səlahiyyətləri əldə edib.
Tahir TAĞIYEV