Hörmüz boğazında iki neft tankerinin dəniz minalarına toxunması nəticəsində güclü partlayış və yanğın baş verdiyi bildirilir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri hər iki gəminin nəzarətə götürüldüyünü açıqlayıb.
SEPAH hadisənin gecə saatlarında boğazın cənub hissəsində qeydə alındığını bildirib.
İran tərəfinin iddiasına əsasən, tankerlər avtomatik identifikasiya sistemlərini (AIS) və naviqasiya vasitələrini söndürərək müəyyən edilmiş marşrutdan kənar, icazəsiz şəkildə boğazdan keçməyə çalışıblar. Bu zaman gəmilər dəniz minalarına toxunub və nəticədə partlayışlar baş verib.
SEPAH-ın məlumatında qeyd olunur ki, hazırda hər iki tanker İran Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir. Gəmilərin dəniz hərəkətini idarəetmə mərkəzinin xəbərdarlıqlarından sonra Fars körfəzi istiqamətində geri döndüyü bildirilir.
Xatırladaq ki, ABŞ-ın iyulun 8-də hərbi hücumları bərpa etməsindən sonra Tehran iyulun 12-də Hörmüz boğazının yenidən bağlandığını elan etmişdi. İran hakimiyyəti əvvəlcədən müəyyən edilmiş dəniz marşrutlarından kənar hərəkət edən və icazəsiz keçidə cəhd göstərən gəmilərin hədəfə alına biləcəyi barədə xəbərdarlıq etmişdi.
Hörmüz boğazında baş verən son hadisələr dünya enerji bazarları və beynəlxalq neft daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirir. Qeyd edək ki, son hadisə ilə bağlı məlumatlar hələlik İran tərəfinin açıqlamasına əsaslanır.
Tahir TAĞIYEV