Türkdilli xalqların Avrasiyanın geniş coğrafiyasında — Altay dağlarından və Mərkəzi Asiya çöllərindən tutmuş Qafqaza, Anadoluya və Şərqi Avropaya qədər yaratdıqları maddi mədəniyyət nümunələri dərin daxili vəhdətə və ortaq genetik köklərə malikdir. Uzun müddət Avropa sənətşünaslığında köçəri və yarımköçəri türk tayfalarının monumental memarlıq ənənələrinə malik olmadığı iddia edilsə də, XX əsrin əvvəllərindən etibarən aparılan fundamental tədqiqatlar bu yanaşmanı kökündən dəyişmişdir. Xüsusilə avstriyalı sənət tarixçisi Jozef Strziqovski türk sənətinin və çadır konstruksiyalarının Avrasiya monumental memarlığının, o cümlədən günbəzli tikililərin formalaşmasında həlledici rol oynadığını elmi cəhətdən sübut etmişdir. Türk memarlıq düşüncəsinin ilkin və ən mükəmməl modeli olan çadır (yurt, alaçıq, otağ) təkcə utilitar yaşayış məskəni deyil, həm də qədim türklərin kainat modeli (mikrokosmos), sosial iyerarxiya rəmzi və mühəndis-konstruktiv zəkasının məhsuludur.
Tarixi mənbələr, etnoqrafik müşahidələr və arxeoloji qazıntılar göstərir ki, qədim türk tayfalarında (hunlar, göytürklər, uyğurlar, oğuzlar, qıpçaqlar) çadırların giriş qapısı (esik qapı) bir qayda olaraq günəşin doğduğu istiqamətə — şərqə, bəzi coğrafi enliklərdə isə iqlim şəraitindən asılı olaraq cənub-şərqə doğru yönəldilirdi. Məşhur türk mədəniyyət tarixçisi Bəhaəddin Ögəl qeyd edir ki, qədim türklərdə "şərq" həm də "ön" (irəri) mənasını verirdi və insan üzünü doğan günəşə çevirərək istiqamət təyin edirdi.
Çadırların üzü günəşə doğru açılmasının nəzəri və praktiki səbəbləri üç əsas amillə izah olunur. -Birincisi,kosmoqonik və mifoloji amil (Günəş və Göy Tanrı kultu): Qədim türk dünyagörüşündə Günəş (Kün) həyatın, işığın, saflığın və Göy Tanrının yer üzündəki təcəssümü hesab edilirdi. Çadırın ortasında yerləşən ocaq (od) yeraltı və yerüstü aləmi birləşdirən mərkəzi ox, çadırın təpəsindəki tüstü bacası isə səmaya açılan pəncərə idi. Səhər açılan kimi doğan günəşin ilk şüalarının çadırın qapısından içəri daxil olaraq ocağın üzərinə və evin baş tərəfinə düşməsi bərəkət, ilahi xeyir-dua və yeni günün başlanğıcı kimi qəbul olunurdu. Çin salnamələrində də hun xaqanlarının səhərlər çadırdan çıxaraq doğan günəşə ehtiram göstərdikləri xüsusi vurğulanır. - ikincisi, Sosial-etik və status amili. Yəni, Türk məişət mədəniyyətində məkan ciddi şəkildə sakrallaşdırılmışdı. Qapı ilə üzbəüz divar — tör (yuxarı baş) evin ən şərəfli yeri sayılırdı. Qapının şərqə açılması nəticəsində tör qərb tərəfdə yerləşir, lakin səhər günəşinin şüaları birbaşa tör-ü işıqlandırırdı. Hökmdar otağlarının (xan çadırlarının) üzü şərqə baxdığı üçün əyanlar və elçilər çadıra daxil olarkən üzü qərbə doğru addımlayır, ev sahibi isə üzü şərqə — işığa tərəf otururdu. - Üçüncüsü, iqlim və mikroiqlim amili idi. Avrasiya çöllərində hakim olan sərt şimal və şimal-qərb küləklərindən qorunmaq üçün çadırın arxa və yan hissələri (keçə örtüklə möhkəmləndirilmiş tərəflər) şimala və qərbə çevrilirdi. Qapının şərqə və ya cənub-şərqə açılması həm soyuq küləklərin içəri dolmasının qarşısını alır, həm də səhər saatlarında günəş enerjisi hesabına çadırın daxilini qızdıraraq təbii istilik balansı yaradırdı. Türkdilli xalqların oturaq şəhər mədəniyyətinə keçidi və İslam sivilizasiyası arealında dövlətçilik ənənələrini (Qaraxanlılar, Qəznəvilər, Böyük Səlcuqlular, Atabəylər, Osmanlılar, Teymurilər) inkişaf etdirməsi ilə yığma-sökülən ağac-keçə çadır konstruksiyaları daş, kərpic və gəc materiallarında əbədiləşdirilməyə başlandı. Dünya və türk memarlıq nəzəriyyəçiləri bu inteqrasiya prosesini bir neçə fundamental istiqamətdə nəzərdən keçirirlər. Məsələn, onların bəziləri qeyd edir ki, çadırın dairəvi və ya çoxbucaqlı planı oturaq memarlıqda mərkəzi günbəzli məscidlərin, karvansaraların, hamamların və saray köşklərinin əsas planlaşdırma sxeminə çevrildi. Konkret olaraq, Türk sənət tarixçisi Oktay Aslanapa qeyd edir ki, türk memarlığında məkanın mərkəzi bir nöqtə ətrafında toplanması və tək bir böyük günbəz altında birləşdirilməsi ideyası birbaşa çadır məkanının fəlsəfəsindən qaynaqlanır. Deməli, çadırın əsasını təşkil edən qəfəsvari ağac divarlar (kərəgə), dam çubuqları (uvuq) və təpə halqası (tündük, şanıraq) daş və kərpic memarlıqda müvafiq olaraq silindrik, çoxüzlü gövdəyə, qabırğalı günbəzə və günbəzin zirvəsindəki işıq fənərinə (oculus) transformasiya olunmuşdur. Ernst Diez və Artur Upham Poup kimi tədqiqatçılar isə haklı olaraq vurğulayırdılar ki, Səlcuqlu və Azərbaycan memarlığındakı kərpic hörgüləri, həndəsi naxışlar (girih) və kaşı üzləmələri qədim türk çadırlarının daxili divarlarından asılan xalça, kilim və naxışlı keçələrin daş üzərindəki bədii əksidir. Bu məsələyə tarixi baxımdan yanaşsaq, deməli Orta əsrlər türk-islam memarlığının ən səciyyəvi abidə tiplərindən biri olan qülləvari türbələr (Anadoluda kümbez, Azərbaycanda və İranda bürcvari türbələr) çadır memarlığının monumental formaya keçidinin ən bariz nümunəsidir.
Bu abidələrin yaranması və strukturu ilə bağlı dünya və türk alimlərinin irəli sürdüyü əsas nəzəri müddəalar aşağıdakılardır: 1. Qədim türklərdə tayfa başçıları və xaqanlar vəfat etdikdə onların cəsədi xüsusi mərasim çadırında (yuğ çadırı) saxlanılır, ətrafında atlarla dövrə vurulur və daha sonra kurqanlarda dəfn edilirdi. İslam dininin qəbulundan sonra kurqan və yuğ çadırı ənənəsi də yeni dini-memarlıq forması qazanaraq qülləvari türbələrə çevrildi. Beləliklə, türbə mərhumun əbədi çadırı (axirət otağı) funksiyasını daşımağa başladı.
2. Qülləvari türbələrin memarlıq quruluşunda iki mühüm konstruktiv element diqqət çəkir: daxildən sferik günbəz, xaricdən isə piramidal və ya konusvari çadır örtüyü. Azərbaycan memarlıq məktəbinin görkəmli tədqiqatçıları göstərirlər ki, Naxçıvan (Yusif ibn Küseyr, Möminə Xatun türbələri), Marağa (Qırmızı günbəz, Göy günbəz), Bərdə və Qarabağlar türbələrinin xarici örtükləri birbaşa köçəri türk çadırlarının (alaçıq və yurtaların) konusvari və çoxüzlü dam formasını təkrarlayır. 3. Türbələrin səkkizbucaqlı, onbucaqlı və ya silindrik gövdələrinin künclərindəki nazik sütuncuqlar və səthlərin taxçalara bölünməsi çadırın taxta karkas dirəklərinin və gərilmiş keçə, parça panellərinin tektonik ifadəsidir. Məsələn, Əcəmi Əbubəkr oğlu Naxçıvaninin şah əsəri olan Möminə Xatun türbəsində (1186) onbucaqlı prizmatik gövdənin yuxarıda çadırvari günbəzlə tamamlanması şərq çadırlarının monumental daş abidəyə çevrilməsinin zirvəsi hesab olunur.
4.Mərkəzi Asiyada (Qazaxıstan və Qırğızıstandakı Ayşə Bibi, Manas günbəzləri), Azərbaycanda (Naxçıvan, Bərdə, Şamaxı türbələri) və Anadoluda (Ərzurum, Kayseri, Sivas, Ahlat kümbezləri) inşa edilən qülləvari türbələr arasındakı heyrətamiz oxşarlıq bütün türkdilli xalqların vahid memarlıq düşüncəsinə və ortaq estetik yaddaşa sahib olduğunu sübut edir. Yuxarıda qeyd etdiklərimizi əldə əsas tutaraq, Türkdilli xalqların ortaq memarlıq irsinin qorunması, tədqiqi və gələcək nəsillərə ötürülməsi məqsədilə aşağıdakı elmi-praktiki təkliflər irəli sürülməsinə ehtiyac duyuruq: 1. Ortaq rəqəmsal məlumat bazasının və atlasın yaradılması vacibdir. Bunun üçün, Türk Dövlətləri Təşkilatı (TDT) və TÜRKSOY çərçivəsində Altaydan Balkanlara qədər uzanan ərazilərdəki qədim çadır tiplərini və qülləvari türbələri vahid tipoloji təsnifatda birləşdirən "Türk Dünyasının Memarlıq İrsi Atlası" və rəqəmsal 3D arxivi hazırlanmalıdır. 2. Müqayisəli-fənlərarası tədqiqatların genişləndirilməsi lazımdı. Bu baxımdan, memarlıq tarixçiləri, etnoqraflar, arxeoloqlar və astronomların iştirakı ilə qədim türk yaşayış məskənlərinin və türbələrinin astronomik orientasiyası üzrə birgə ekspedisiyalar təşkil edilməlidir. 3. Müasir memarlıqda etno-tektoniki prinsiplərin tətbiqini reallaşdırmaq lazımdı. Bunun üçün, müasir ictimai binaların, mədəniyyət mərkəzlərinin və ekoloji turizm komplekslərinin layihələndirilməsində qədim türk yurdlarının enerji-effektiv, seysmik davamlı və təbiətlə harmoniyada olan konstruktiv prinsiplərindən (bionik və parametrik memarlıqda) yaradıcı şəkildə istifadə olunmalıdır. 4. Nəhayət bürün yuxarıda qeyd olunan təkliflərin reallaşması üçün, ortaq tədris modullarının hazırlanması da mütləqdir. Buna görə də Türkdilli ölkələrin memarlıq və sənətşünaslıq ixtisasları üzrə təhsil alan tələbələri üçün "Türkdilli xalqların ortaq memarlıq tarixi" adlı vahid dərs proqramı və dərslik tərtib edilməlidir. Yuxarıdakı araşdırmalarımıza nəticə olaraq qeyd edək ki, qədim Türk çadırı sadəcə köçəri məişətin texniki həlli deyil, türk xalqlarının kainatı dərketmə fəlsəfəsinin, sosial nizamının və estetik zövqünün memarlıq təcəssümüdür. Çadırların üzü günəşə doğru açılması qədim türklərin işığa, həyata və Göy Tanrıya olan ehtiramının, eləcə də sərt təbiət şəraitinə rasional uyğunlaşmasının nəticəsidir. Sonrakı dövrlərdə oturaq mədəniyyətə keçidlə birlikdə bu konstruktiv və semantik kodlar yox olmamış, əksinə, daş və kərpic memarlığına inteqrasiya olunaraq orta əsrlər türk-islam memarlığının inciləri sayılan qülləvari türbələrin çadırvari örtüklərində əbədi həyat qazanmışdır. Bu varislik xətti Türkdilli xalqların dərin ortaq mədəni irsə malik olduğunun ən mötəbər elmi sübutudur. Rizvan QARABAĞLI Memarlıq üzrə fəlsəfə doktoru, dosent