Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədində yerləşən bütün keçid məntəqələrinin fəaliyyətini dayandıracaq. Qərar Rusiyanın hərbi kəşfiyyatının (QRU) Estoniyanın müdafiə sənayesi müəssisəsində təxribat cəhdində iştirakına dair sübutların əldə edilməsindən sonra verilib.
Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna “X” sosial şəbəkəsində məlumat yayıb.
“Rusiya anlamalıdır ki, Estoniyaya qarşı düşmənçilik hərəkətlərinin nəticələri olacaq. Bizi qorxutmaq, sabitliyi pozmaq və ya təhlükəsizliyimizi zəiflətmək cəhdləri cavabsız qalmayacaq”, – deyə nazir bildirib.
Tsahknanın sözlərinə görə, sərhəd-keçid məntəqələrinin bağlanması Rusiyanın Estoniya ərazisində düşmənçilik xarakterli əməliyyatlar həyata keçirmək imkanlarını məhdudlaşdıracaq. Bu addım, həmçinin sanksiyalardan yayınma hallarının qarşısının alınması üzrə tədbirlərin gücləndirilməsinə xidmət edəcək.
Estoniyanın xarici işlər naziri qəbul edilən qərar barədə Finlandiya, Latviya və Litvanın xarici işlər nazirlərini də məlumatlandırdığını bildirib.
Tahir TAĞIYEV