Rusiya Avropa ölkələri ilə münaqişənin sülh yolu ilə həlli barədə razılığa gələ bilməsə, Ukraynada qarşıya qoyduğu məqsədlərə hərbi yolla nail olmağa çalışacaq. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Kremlin sözçüsünün sözlərinə görə, Ukraynadakı münaqişənin nizamlanması Avropada yeni təhlükəsizlik sisteminin formalaşdırılması ilə birbaşa bağlıdır. O bildirib ki, müəyyən mərhələdə Moskva və Avropa dövlətləri gələcək təhlükəsizlik arxitekturasının parametrlərini müzakirə etməli olacaqlar.
Peskov vurğulayıb ki, diplomatik dialoq yalnız Avropa ölkələrinin həqiqətən sülhə nail olmaqda maraqlı olduğu halda məna daşıyır. Əks təqdirdə, Rusiya qarşıya qoyduğu məqsədlərə güc yolu ilə nail olmağa çalışacaq.
Bundan əvvəl Peskov Moskvanın Ukrayna ilə bağlı danışıqlarda Avropa İttifaqını kimin təmsil etməli olduğunu müəyyənləşdirmək niyyətində olmadığını da bildirmişdi.
Onun sözlərinə görə, Rusiya Avropa nümayəndələri ilə əlaqələrin bərpasında maraqlıdır. Moskva bununla onların mövqelərinin münaqişənin sülh yolu ilə nizamlanmasına nə dərəcədə töhfə verə biləcəyini anlamaq istəyir.
Kreml hesab edir ki, mümkün danışıqlarda iştirakçıların kimliyindən daha çox, onların irəli sürəcəyi təkliflər və dialoqa hazır olması əhəmiyyət daşıyır.
Tahir TAĞIYEV