Arzu Nağıyev: “Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyini və əhatə dairəsini nümayiş etdirən mühüm hadisələrdir”
Azərbaycan bu günədək 10-dan çox Avropa ölkəsi, o cümlədən Almaniya və Böyük Britaniya ilə strateji tərəfdaşlıq haqqında rəsmi bəyannamə və sazişlər imzalayıb. Bu sənədlər Azərbaycanın Avropa məkanında təkcə enerji təchizatçısı kimi deyil, həm də siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik tərəfdaşı kimi mövqeyini rəsmiləşdirir.
Azərbaycan bu günədək Avropanın bir sıra ölkələri, o cümlədən Almaniya ilə strateji tərəfdaşlıq sənədləri imzalaması müsbət dəyərləndirilir. Avropa İttifaqının üzvü olan bir sıra dövlətlərlə bu istiqamətdə əməkdaşlıq qurulub. Eyni zamanda, ABŞ və Böyük Britaniya ilə strateji tərəfdaşlıq münasibətləri rəsmiləşdirilib. Mərkəzi Asiya dövlətləri, o cümlədən Özbəkistanla strateji tərəfdaşlıq əlaqələri inkişaf etdirilib, Qırğızıstanla əbədi dostluq münasibətlərinə dair müqavilə imzalanıb. Çinlə də strateji tərəfdaşlıq sənədi qəbul edilib.
Burada diqqətçəkən məqam Azərbaycanın müxtəlif geosiyasi və iqtisadi mərkəzləri təmsil edən dövlətlərlə paralel şəkildə strateji tərəfdaşlıq münasibətləri qurmasıdır.
Azərbaycanın bu qədər fərqli coğrafiyaları, siyasi və iqtisadi güc mərkəzlərini əhatə edən strateji tərəfdaşlıq sənədləri imzalaması ölkəmizə hansı siyasi, iqtisadi və geosiyasi üstünlüklər qazandırır?
Müxtəlif istiqamətləri əhatə edən bu strateji tərəfdaşlıq sazişləri Azərbaycana nə verir? Bu strateji tərəfdaşlıq sənədlərinin Azərbaycan üçün əhəmiyyəti nədir?
Ekspertlər hesab edirlər ki, bu sənədlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində manevr imkanlarını və müstəqil xarici siyasət yürütmək potensialını genişləndirir. Avropa ölkələri, ABŞ, Böyük Britaniya, Mərkəzi Asiya dövlətləri və Çinlə qurulan bu münasibətlər Azərbaycanın çoxvektorlu xarici siyasət strategiyasının xüsusiyyətlərini ortaya qoyur.
Politoloqlar hesab edir ki, bu sənədlər sadəcə siyasi niyyət və qarşılıqlı əməkdaşlıq bəyanatlarıdır, yoxsa konkret iqtisadi, investisiya, enerji, nəqliyyat, müdafiə və təhlükəsizlik layihələrinin həyata keçirilməsi üçün real mexanizm rolunu oynayır.
Azərbaycan bu sənədləri imzalamaqla yalnız ikitərəfli münasibətlərini möhkəmləndirmir, həm də özünü müxtəlif güc mərkəzləri arasında etibarlı tərəfdaş, mühüm enerji və nəqliyyat qovşağı, müstəqil siyasi aktor kimi təsdiqləməyə çalışır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev baki-xeber.com-a bildirdi ki, dünyada ciddi geosiyasi dəyişikliklərin, siyasi və iqtisadi rəqabətin getdikcə kəskinləşdiyi bir şəraitdə Azərbaycanın müxtəlif coğrafiyaları və güc mərkəzlərini təmsil edən dövlətlərlə əməkdaşlıq əlaqələri qurması ölkəmizə əlavə siyasi, iqtisadi və təhlükəsizlik imkanları qazandırır. “Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasətin əsas istiqamətlərindən biri də məhz budur.
Burada əsas məqam yalnız imzalanan sənədlərin və qurulan tərəfdaşlıqların sayı deyil, onların konkret nəticələrə çevrilməsidir. Strateji tərəfdaşlıq münasibətləri real investisiyalara, yeni iqtisadi layihələrə, müasir texnologiyaların tətbiqinə, yeni iş yerlərinin açılmasına, eləcə də müdafiə və təhlükəsizlik sahələrində praktiki əməkdaşlığa zəmin yaratmalıdır. Böyük güc mərkəzlərini təmsil edən dövlətlərlə qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir.
Bu siyasətin başlıca məqsədi Azərbaycanın siyasi müstəqilliyini qorumaq, beynəlxalq mövqelərini gücləndirmək, iqtisadi dayanıqlığını artırmaq və milli təhlükəsizliyini təmin etməkdir. Azərbaycanın beynəlxalq siyasi nüfuzunun yüksəlməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır”.
A.Nağıyev qeyd etdi ki, son illərdə qurulan tərəfdaşlıq münasibətlərinə nəzər salsaq, bunun konkret nümunələrini görərik.
“2025-ci ildə Çin Xalq Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması, 2026-cı ilin fevralında Amerika Birləşmiş Ştatları ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, noyabrın 12-də isə Böyük Britaniya ilə strateji tərəfdaşlıq haqqında bəyannamənin qəbul edilməsi Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyini və əhatə dairəsini nümayiş etdirən mühüm hadisələrdir.
Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı, müstəqil qərarlar qəbul edən və müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq qura bilən tərəfdaş kimi qəbul edildiyini göstərir. Eyni zamanda, bu yanaşma ölkəmizin balanslaşdırılmış xarici siyasət kursunun nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləyir.
Nəticə etibarilə, Azərbaycan yalnız mövcud geosiyasi reallıqlara uyğunlaşmır, həm də yeni beynəlxalq əməkdaşlıq platformalarının formalaşmasında və regional proseslərdə fəal iştirakında öz mövqeyini gücləndirir”-deyə A.Nağıyev vurğuladı.
A.Nağıyev qeyd etdi ki, bunlar bu siyasətin konkret nümunələridir, nəticələridir, Azərbaycanın dünyada tanınmasına balanslı siyasətinin yüksək səviyyədə qurulmasına bir daha bariz nümunədir və bütün beynəlxalq aləmdə müxtəlif dövlətlər də bunu qəbul edir və Azərbaycanla hərtərəfli bir əməkdaşlıq etməyə eyni yüksək malik olan partnyor kimi davranışını qururlar.
İradə SARIYEVA