Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında batan “BETUL 8” yük gəmisinin 12 nəfərlik heyətinin hamısı xilas edilib. Onlardan 4-ü Azərbaycan, 8-i isə Türkiyə vətəndaşıdır.
Bolqarıstanın Nəqliyyat və Rabitə Nazirliyinin məlumatına görə, Somali bayrağı altında üzən gəmi noyabrın 16-da səhər saatlarında Kaliakra burnundan təxminən 40 dəniz mili cənub-şərqdə qəzaya uğrayıb.
Hadisə ilə bağlı qəza siqnalı daxil olduqdan sonra Bolqarıstan, Rumıniya və Türkiyənin xilasedici qüvvələri əməliyyata qoşulub. Xilasetmə işlərinə Bolqarıstan Hərbi Hava Qüvvələrinin helikopterləri də cəlb edilib. Heyət üzvləri hava yolu ilə təxliyə edilərək Varnadakı hərbi dəniz bazasına çatdırılıblar.
Məlumata əsasən, xilas edilənlərin səhhəti qənaətbəxşdir. Onlardan yalnız biri baş nahiyəsindən yüngül xəsarət alıb.
Ekipaj üzvlərinin ilkin iddiasına görə, gəmi iki dəniz dronunun hücumuna məruz qalıb. Hazırda hadisənin səbəbləri araşdırılır. Təxminən 3 min ton buğda daşıyan “BETUL 8” Rumıniyanın Tulça şəhərindən Misirə gedirmiş.
Tahir TAĞIYEV