Avropa Siyasi Birliyi (ASB) Avropa ölkələri arasında siyasi dialoqun, qarşılıqlı məsləhətləşmələrin və regional əməkdaşlığın inkişafı baxımından mühüm platformalardan biri kimi çıxış edir. Azərbaycanın bu platformada fəal iştirakı ölkəmizin Avropa ilə siyasi əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bununla belə, Bakı ASB-nin yeni beynəlxalq təşkilata çevrilməsini və əlavə institusional strukturlar yaradılmasını zəruri hesab etmir. Azərbaycanın bu yanaşması platformanın ilkin missiyasının qorunması və mövcud beynəlxalq mexanizmlərin imkanlarından səmərəli istifadə edilməsi ilə bağlıdır.
Azərbaycanın Avropa Siyasi Birliyinin institusional təşkilata çevrilməsinə qarşı çıxaraq onun çevik siyasi dialoq platforması kimi qalmasını dəstəkləməsi hansı strateji maraqlardan irəli gəlir? Bu mövqe ölkəmizin Avropa ilə münasibətlərinə və platformada siyasi təsir imkanlarına necə təsir göstərə bilər? ASB-nin gələcək fəaliyyətində Azərbaycanın yanaşmasının qəbul olunması nə dərəcədə realdır?
Abutalıb Səmədov: "Azərbaycan Avropadan uzaqlaşmaq deyil, Avropa Siyasi Birliyində söz sahibi olmaq istəyir"
Politoloq Abutalıb Səmədov "Bakı-Xəbər" qəzetinə müsahibəsində Azərbaycanın Avropa Siyasi Birliyinin institusional təşkilata çevrilməsinə qarşı çıxmasının səbəblərini şərh edib. O bildirib ki, bu mövqenin arxasında həm yaxın tarixi təcrübə, həm də Avropa Siyasi Birliyinin yaradılma fəlsəfəsinə sadiqlik dayanır.
Politoloqun sözlərinə görə, Azərbaycanın belə bir təşəbbüsə ehtiyatla yanaşması üçün əsaslı səbəbləri var. Çünki beynəlxalq təcrübə göstərir ki, dialoq və məsləhətləşmə platformalarının sonradan mürəkkəb institusional strukturlara çevrilməsi onların fəaliyyətinin səmərəliliyini artırmaq əvəzinə, əksinə, azalda bilər. Bunun ən bariz nümunələrindən biri ATƏM-in ATƏT-ə çevrilməsidir.
Abutalıb Səmədov xatırladıb ki, 1975-ci ildə məşvərət platforması kimi yaradılan ATƏM Avropada təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm imkanlar formalaşdırmışdı. Lakin 1994-cü ildə Budapeşt sammitində onun təşkilata çevrilməsi ilə bağlı qərar qəbul edildikdən sonra institusional strukturlaşma prosesi başladı. Bununla belə, təşkilatın fəaliyyətində gözlənilən səmərəlilik əldə olunmadı.
Onun sözlərinə görə, ATƏM dövründə sammitlər daha müntəzəm keçirildiyi halda, ATƏT-ə çevrildikdən sonra dövlət və hökumət başçılarının görüşləri arasındakı fasilələr getdikcə uzandı. 1996-cı ildə Lissabonda, 1999-cu ildə İstanbulda və 2010-cu ildə Astanada sammitlər keçirildi. Sonrakı dövrdə isə yeni sammit təşkil olunmadı. Bu vəziyyət dövlətlərin təşkilatın faydalılığına münasibətinin dəyişdiyini göstərir.
Politoloq hesab edir ki, ATƏT-in Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyəti də bu qurumun institusional imkanlarının real nəticələrə çevrilmədiyini nümayiş etdirdi. Azərbaycan bu təcrübəni yaşamış dövlət kimi Avropa Siyasi Birliyinin də əlavə bürokratik strukturlarla yüklənməsinə qarşı çıxmaqda haqlıdır.
Abutalıb Səmədov qeyd edib ki, Avropa Siyasi Birliyi 2022-ci ildə məhz dialoq platforması kimi yaradılıb. Məqsəd Avropa İttifaqına üzv olan və olmayan ölkələrin ümumi maraq doğuran siyasi, iqtisadi və təhlükəsizlik məsələlərini müzakirə etməsi, ortaq yanaşmalar formalaşdırmasıdır. Bu platformanın üstünlüyü onun çevikliyində, müxtəlif siyasi mövqelərə malik dövlətləri eyni müzakirə masası ətrafında birləşdirə bilməsindədir.
Politoloqun fikrincə, 2022-ci ilin oktyabrında Praqada keçirilən ilk sammit Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyıb. Həmin görüşdə Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması ilə bağlı əldə olunan razılaşma sonrakı proseslər baxımından əhəmiyyətli mərhələ olub. Lakin növbəti Qranada sammitində yaranan vəziyyət göstərdi ki, platformanın müsbət proseslərə təkan vermək imkanları ilə yanaşı, qeyri-konstruktiv yanaşmaların münasibətləri gərginləşdirməsi riski də mövcuddur. Azərbaycan həmin sammitdə iştirak etməmək qərarı vermişdi.
Abutalıb Səmədov hesab edir ki, Avropa Siyasi Birliyinin ayrı-ayrı dövlətlərə təzyiq göstərmək vasitəsinə çevrilməsi onun ilkin məqsədlərinə ziddir. Belə yanaşma platformanın etimad və dialoq imkanlarını zəiflədə, gələcək fəaliyyətinə mənfi təsir göstərə bilər. Buna görə də birliyin institusional təşkilata çevrilməsi deyil, mövcud dialoq formatının daha da inkişaf etdirilməsi prioritet olmalıdır.
O vurğulayıb ki, Avropa Siyasi Birliyi çərçivəsində enerji təhlükəsizliyindən tutmuş iqtisadi əməkdaşlığa, nəqliyyat və tranzit əlaqələrindən regional təhlükəsizliyə qədər geniş spektrli məsələlər müzakirə edilə bilər. Bu müzakirələr konkret əməkdaşlıq imkanlarının yaranmasına və ortaq qərarların qəbuluna şərait yaradır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol da belə əməkdaşlığın əhəmiyyətini göstərir. Avropanın Rusiya qazından asılılığının azaldılması prosesində Azərbaycanın iştirakını bu baxımdan xüsusi qeyd etmək olar.
Politoloqun qənaətinə görə, Azərbaycanın mövqeyi Avropadan uzaqlaşmaq niyyətindən irəli gəlmir. Əksinə, ölkə heç bir əlavə institusional öhdəlik altına girmədən siyasi müstəqilliyini və manevr imkanlarını qorumaqla Avropa Siyasi Birliyinin gələcək gündəliyinin formalaşmasında fəal iştirak etmək istəyir.
O bildirib ki, Azərbaycanın enerji təhlükəsizliyi, tranzit imkanları və Cənubi Qafqazda regional təhlükəsizlik baxımından artan rolu ölkənin beynəlxalq siyasi çəkisini yüksəldir. Azərbaycan bu potensialdan istifadə edərək Avropa Siyasi Birliyində söz sahibi olmaq və müzakirə olunan məsələlərin gündəliyinə təsir göstərmək niyyətindədir.
Abutalıb Səmədov hesab edir ki, Azərbaycanın bu mövqeyi Böyük Britaniya, Türkiyə və bir sıra Avropa İttifaqı ölkələri tərəfindən də dəstəklənə bilər. Çünki dialoq platformasının əlavə bürokratik strukturlarla yüklənmədən fəaliyyətini davam etdirməsi həm siyasi çeviklik, həm də əməkdaşlığın genişləndirilməsi baxımından daha məqsədəuyğundur. Onun fikrincə, Azərbaycanın mövqeyi Avropa Siyasi Birliyinin yaradılma fəlsəfəsinə sədaqətin və bu platformanın gələcək imkanlarını qorumaq istəyinin ifadəsidir.
Dəniz NƏSİRLİ