Gürcüstan hakimiyyəti noyabrın 16-da Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) genişlənmə məsələlərinə həsr olunmuş sammitində iştirak etməmək qərarına gəlib. Buna səbəb tədbirin təşkilatçılarının ölkəni yalnız Aİ-dəki səfir səviyyəsində təmsil olunmağa dəvət etməsidir.
Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Gürcüstan noyabrın 16-da Brüsseldə keçiriləcək tədbirə, o cümlədən nəqliyyat əlaqələri məsələləri üzrə nazirlər toplantısına müvafiq səviyyədə dəvət almayıb. Buna görə də ölkənin nümayəndəsi həmin görüşdə iştirak etməyəcək.
Bununla yanaşı, Gürcüstan XİN ölkənin Avropa İttifaqı ilə konstruktiv əməkdaşlığa sadiq qaldığını və lazımi səviyyədə dəvət alacağı təqdirdə belə görüşlərdə iştirak etməyə hazır olduğunu vurğulayıb. Bildirilib ki, Tiflisin bu mövqeyi Brüsselə məlumdur.
Qeyd edək ki, “Geniş Avropa – güclü Avropa” şüarı altında keçiriləcək Aİ-nin genişlənmə forumunun təşkilatçısı qurumun genişlənmə məsələləri üzrə komissarı Marta Kosdur.
Tahir TAĞIYEV