Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bildirib ki, 2017-ci ildə Moskvaya səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov onu kaminin yanında "həddindən artıq çox araq" içməyə məcbur edib.
Buna cavab olaraq, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, əslində britaniyalı siyasətçinin özü dəfələrlə daha çox araq istəyib. Conson bu hadisəni Kolumbiyanın keçmiş prezidenti İvan Duke ilə müsahibəsində bölüşüb. O izah edib ki, xarici işlər naziri vəzifəsində çalışarkən Rusiya ilə münasibətləri "yenidən qurmağa" (sıfırlamağa) cəhd göstərib, lakin bu cəhd sonda "fəlakət"lə nəticələnib. Həmin vaxt Conson Rusiya prezidenti Vladimir Putinlə görüşməyə ümid edirdi; lakin Consonun sözlərinə görə, Putin görüşdən imtina edib və nəticədə britaniyalı siyasətçi danışıqları Lavrovla aparmalı olub. "Dəhşətli adamdır, tamamilə ümidsiz biridir. O, məni çox isti bir kaminin yanında həddindən artıq çox araq içməyə məcbur etdi. Bu, sanki Viktoriya dövrü internat məktəbindəki bir cəza kimi idi. Əsl kabus idi və heç bir nəticə əldə edə bilmədik", – deyə keçmiş baş nazir bildirib. Conson əlavə edib ki, bundan sonra Rusiya "həqiqətən vəhşicəsinə hərəkətlər" törətməyə davam edib – məsələn, Böyük Britaniya küçələrində insanları zəhərləmək kimi. Moskva bu cür iddiaları təkzib edir.
SAMİRƏ