Noyabrın 16-na keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Rostov vilayətinin Azov şəhərinə hücum edib. Hücum nəticəsində dörd istehsal obyektində yanğın baş verdiyi, üç kişinin xəsarət aldığı bildirilir. Bu barədə vilayətin qubernatoru Yuri Slyusar məlumat verib.
“Astra” nəşrinin hadisə şahidlərinin çəkdiyi foto və videolar əsasında apardığı araşdırmaya görə, PUA-ların hədəfi neft bazası və qazpaylayıcı stansiyanın (QPS) yerləşdiyi ərazi olub. Hücumdan sonra həmin ərazidə güclü yanğın başlayıb. Ukraynanın “Exilenova+” monitorinq kanalı isə həm neft bazasında, həm də qazpaylayıcı stansiyada yanğın baş verdiyini iddia edib.
Məlumata görə, “Fleş Enerji” MMC-yə məxsus neft bazası müxtəlif markalı neft məhsullarının qəbulu, saxlanması və paylanması üçün nəzərdə tutulub. Müəssisədə ümumi tutumu 6,5 min kubmetrdən çox olan 10 çən var.
Qazpaylayıcı stansiya isə bərk, maye və qaz yanacağının ticarəti və saxlanması ilə məşğul olan “Yuq-İmpeks” MMC-yə məxsusdur. Rusiya hakimiyyət orqanları hücumun nəticələri ilə bağlı hələlik ətraflı açıqlama verməyib.
Qeyd edək ki, bundan bir gün əvvəl, noyabrın 15-də Rostov vilayətinin Taqanroq şəhəri də PUA hücumuna məruz qalıb. Qubernator Yuri Slyusarın məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. Hücum zamanı avtomobil yolundakı körpü və iki elektrik yarımstansiyası hədəf alınıb.
Həmin gecə Ukrayna PUA-larının Krasnodar diyarına da hücum etdiyi bildirilib. Regional əməliyyat qərargahının məlumatına görə, Severski rayonunda PUA qalıqlarının düşməsi nəticəsində, o cümlədən bir uşaq olmaqla, üç nəfər xəsarət alıb. İlski qəsəbəsində isə müəssisələrdən birinin ərazisində yanğın baş verib. Rəsmi açıqlamada müəssisənin adı dəqiqləşdirilməyib. Həmin qəsəbədə Rusiyanın cənubundakı ən böyük beş neft emalı zavodundan biri hesab edilən İlski Neft Emalı Zavodu yerləşir. Zavod sonuncu dəfə sentyabrın 26-da PUA hücumuna məruz qalıb.
Bundan başqa, Yaroslavl vilayətində də PUA hücumu təhlükəsi səbəbindən Yaroslavl şəhərindən Moskva istiqamətində avtomobil yollarında hərəkət müvəqqəti dayandırılıb. Vilayət qubernatoru Mixail Yevrayev sakinləri həmin istiqamətdə və yaxın ərazilərdə səfərlərdən çəkinməyə çağırıb.
Onun sözlərinə görə, gecə ərzində vilayət üzərində 20 PUA zərərsizləşdirilib.
Tahir TAĞIYEV