Ukrayna qüvvələri noyabrın 16-na keçən gecə Kerç boğazı üzərindən keçən Krım körpüsünə hücum edib. Hadisədən sonra körpüdə avtomobillərin hərəkəti dayandırılıb. Bu barədə Moskvanın təyin etdiyi Krım rəhbəri Sergey Aksyonov “Telegram” kanalında məlumat yayıb.
“Düşmən Krım körpüsünə zərbə endirib. Bununla əlaqədar nəqliyyatın hərəkəti təxminən günorta saatlarına qədər məhdudlaşdırılacaq”, – deyə Aksyonov bildirib. O, həmçinin operativ qərargahın fəaliyyətə başladığını qeyd edib.
Ukraynanın “Krımskiy veter” monitorinq resursu yerli sakinlərə istinadən Kerç şəhərində reaktiv pilotsuz uçuş aparatlarının və partlayış səslərinin eşidildiyini bildirib. Kanalın izləyicilərindən biri körpüyə zərbənin səhər saat 06:00 radələrində endirildiyini iddia edib.
Digər monitorinq kanalları da şahidlərin məlumatlarına əsasən, Kerç körpüsünün hücuma məruz qaldığını yazıblar. Rusiyapərəst “Triнадцатый” adlı bloqer də yerli sakinlərə istinadən körpüyə zərbə endirildiyini bildirib.
Hücumun nəticələri və mümkün dağıntıların miqyası barədə hələlik dəqiq məlumat yoxdur.
Krım körpüsündə hərəkətin dayandırılması yarımadaya gedən sərnişin qatarlarının hərəkətinə də təsir edib. “İnterfaks” agentliyinin “Qrand Servis Ekspress” şirkətinin nümayəndəsinə istinadən yaydığı məlumata görə, Krıma gedən dörd qatar gecikib.
Şirkətin açıqlamasında Moskvanı tərk edən iki qatarın, eləcə də Adler və Sankt-Peterburqdan gələn qatarların hərəkət cədvəlində pozuntular yarandığı bildirilib. Gecikmələrin 2 saatdan 4 saat 30 dəqiqəyədək olduğu qeyd edilib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Krım körpüsü iki dəfə ciddi zədələnib. İlk hadisə 2022-ci ilin oktyabrında, ikinci hücum isə 2023-cü ilin iyulunda baş verib.
Bundan başqa, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) 2025-ci ilin iyununda körpünün dayaqları yaxınlığında sualtı partlayış həyata keçirildiyini açıqlamışdı.
Tahir TAĞIYEV