Prezident İlham Əliyev Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Fərman imzalayıb.
Fərman davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində idarəetmə və nəzarət funksiyalarının icrasında iştirak edən dövlət orqanlarının (qurumlarının) koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə fəaliyyətin səmərəliliyinin və çevikliyinin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiqi, həmin ərazilərdə torpaqların effektiv idarə edilməsi, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə imzalanıb.
Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazisində (adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər istisna olmaqla) (bundan sonra – sahilboyu ərazi) torpaqların idarə olunması, istifadəsi və onların mühafizəsinin təşkili sahələrində vahid dövlət siyasətinin həyata keçirilməsi, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq sahilboyu ərazidə idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) həvalə edilib.
Sahilboyu ərazidə idarəetmənin təşkili məqsədilə Xidmətin işçilərinin say həddi 40 (qırx) ştat vahidi artırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti altı ay müddətində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında və beynəlxalq təcrübə nəzərə alınmaqla, aşağıdakılara dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:
Bundan başqa Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin quru ilə təmas xəttinin mövcud vəziyyəti, sahilboyu ərazinin sərhədlərini və ölçülərini, həmçinin sahilboyu ərazinin kağız üzərində və rəqəmsal formada qrafik təsvirini altı ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Coğrafi İnformasiya Sistemləri (CİS) əsaslı aktual xəritələrin və məlumatların saxlanılmasını, habelə bu sahədə idarəetməni təmin edən informasiya sisteminin yaradılmasına dair təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Həmçinin sahilboyu ərazidə torpaqların dövlət idarəetməsinin, o cümlədən istifadəyə (icarəyə) verilməsinin Xidmət tərəfindən “bir pəncərə” prinsipi əsasında Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görməli, aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə sahilboyu ərazidə idarəetmə və nəzarət sahələrində görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Həmçinin bu Fərmanın icrasından irəli gələn tədbirlərin (müşahidə sistemləri, yerlərdə monitorinqlərin keçirilməsi, söküntü, abadlıq və sanitar təmizlik işləri) həyata keçirilməsi, Xidmətin maddi-texniki təminatının möhkəmləndirilməsi məqsədilə zəruri maliyyə vəsaitinin ayrılmasına dair təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrasından irəli gələn məsələlərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.