Ermənistan İrandan qaz idxalını əhəmiyyətli dərəcədə artıra bilər, lakin bunun üçün ciddi texniki və infrastruktur işləri görülməlidir. Hazırda İran-Ermənistan qaz kəmərinin real ötürmə imkanları ildə təxminən 1,1 milyard kubmetr hesab edilsə də, barter müqaviləsi və elektrik enerjisi ötürmə imkanlarının məhdudluğu səbəbindən Ermənistan faktiki olaraq cəmi 450–480 milyon kubmetr qaz alır.
İran qazının həcmini ildə 2,2–2,3 milyard kubmetrə çatdırmaq üçün iki əsas şərt var:
- Ermənistanda qazın təzyiqini artıracaq kompressor stansiyası tikilməlidir. Bunun 2–3 il və on milyonlarla dollar vəsait tələb edəcəyi gözlənilir.
- Ermənistanla İran arasında 400 kilovoltluq elektrik ötürücü xətti tamamlanmalıdır. Bu, İrana elektrik enerjisi ixracını artıraraq barter əsasında daha çox qaz almağa imkan verə bilər.
Hətta bu layihələr reallaşsa belə, Ermənistanın Rusiyadan qaz asılılığı tam aradan qalxmayacaq. Ölkənin illik Rusiya qazı istehlakı təxminən 2,5 milyard kubmetrdir. İran qazının artırılması nəticəsində Ermənistanın təxminən 700–750 milyon kubmetr qazı öz ehtiyacları üçün əlavə saxlamaq imkanı yarana bilər.
Yəni İran qazı Ermənistan üçün Rusiyaya tam alternativ deyil, lakin enerji mənbələrinin şaxələndirilməsi və Rusiyadan asılılığın müəyyən qədər azaldılması baxımından əhəmiyyətli imkan yarada bilər. Bununla belə, layihənin reallaşması həm infrastruktur investisiyalarından, həm də İranla elektrik enerjisi müqabilində qaz mübadiləsi mexanizminin davam etməsindən asılıdır.
İran-Ermənistan qaz kəmərinin texniki imkanları artırılsa belə, İran qazı Ermənistanın Rusiyadan aldığı təbii qazı tam əvəz edə bilmir. Belə olan halda, yaranan enerji boşluğunun Azərbaycan qazı hesabına doldurulması nə dərəcədə mümkündür? Azərbaycanın Ermənistana qaz ixracı üçün texniki və siyasi imkanlar varmı? Belə bir əməkdaşlıq regionda enerji təhlükəsizliyinə və Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir göstərə bilər?
Ermənistanın enerji təhlükəsizliyinin təmin olunmasında Rusiyadan qaz asılılığının azaldılması və alternativ təchizat mənbələrinin axtarılması məsələsi aktuallığını qoruyur. Hazırda ölkənin qaz tələbatının təxminən 90 faizi Rusiya, 10 faizi isə İran hesabına təmin edilir. İran qazının həcminin artırılması istiqamətində müəyyən razılaşmalar olsa da, mövcud infrastruktur bu imkanların tam reallaşdırılmasına şərait yaratmır. Belə bir şəraitdə Azərbaycanın Ermənistanın qaz təchizatında alternativ mənbə kimi çıxış etməsi ehtimalı da müzakirə mövzusuna çevrilir.
Oqtay Qasımov: "Azərbaycan qazı Ermənistan üçün alternativ enerji mənbəyinə çevrilə bilər"
Politoloq Oqtay Qasımov məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Ermənistan Rusiya ilə münasibətlərdə yaranan problemləri və enerji təhlükəsizliyi ilə bağlı riskləri nəzərə alaraq İrandan qaz idxalını artırmağa çalışır. Lakin bunun üçün ciddi infrastruktur işlərinin görülməsi tələb olunur.
Onun sözlərinə görə, İran qazının Ermənistana nəqlinin artırılması kompressor stansiyalarının tikintisini, mövcud boru kəmərlərinin texniki imkanlarının genişləndirilməsini və elektrik enerjisi mübadiləsi infrastrukturunun tamamlanmasını zəruri edir. Bu proses müəyyən vaxt və maliyyə vəsaiti tələb etdiyindən İranın yaxın perspektivdə Rusiyanı tam əvəz etməsi real görünmür. Buna görə də Ermənistanın qaz idxalını müxtəlif mənbələr hesabına şaxələndirməyə çalışması gözləniləndir.
Politoloq hesab edir ki, belə bir şəraitdə Azərbaycan da Ermənistanın enerji təchizatında iştirak edə bilər. Artıq bu istiqamətdə müəyyən ilkin zəminin formalaşdığını söyləmək mümkündür. Belə ki, son bir ildə Azərbaycanın Ermənistana yanacaq məhsulları tədarük etməsi tərəflər arasında iqtisadi-ticari əlaqələrin genişlənməsi baxımından müəyyən təcrübə yaradıb. Bu əməkdaşlıq gələcəkdə enerji sahəsində daha geniş münasibətlərin qurulmasına da zəmin hazırlaya bilər.
Oqtay Qasımovun fikrincə, Azərbaycan qazının Ermənistana nəqli üçün texniki imkanların mövcudluğu da ayrıca diqqətə layiqdir. Sovet dövründə Azərbaycan ərazisindən Ermənistana qaz nəqlini təmin edən boru kəmərləri mövcud olub. Həmin infrastrukturun müəyyən hissəsinin qorunub saxlanıldığı nəzərə alınarsa, texniki vəziyyətin qiymətləndirilməsi, zəruri bərpa və modernləşdirmə işlərinin aparılması ilə bu marşrutun yenidən istifadəsi məsələsi gündəmə gələ bilər.
Bununla belə, 35 ildən artıq müddətdə istismar edilməyən kəmərlərin texniki vəziyyəti, təhlükəsizlik tələbləri, ötürmə qabiliyyəti və iqtisadi səmərəliliyi ayrıca araşdırılmalıdır. Eyni zamanda, qaz nəqlinin bərpası üçün yalnız boru kəmərlərinin mövcudluğu kifayət etmir. Bunun üçün tərəflər arasında siyasi razılaşma, kommersiya müqavilələri, tranzit və tarif məsələlərinin həlli də vacibdir.
Politoloq hesab edir ki, Azərbaycanla Ermənistan arasında enerji sahəsində əməkdaşlığın yaranması təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan əhəmiyyətli nəticələr verə bilər. Belə bir əməkdaşlıq Cənubi Qafqazda qarşılıqlı iqtisadi asılılığın və regional inteqrasiyanın güclənməsinə, uzun illər davam edən qarşıdurmanın yerini praktiki əməkdaşlığa verməsinə şərait yarada bilər.
Oqtay Qasımov qeyd edib ki, bu prosesin daha geniş regional əməkdaşlıq formatına çevrilməsi də mümkündür. Azərbaycan Prezidentinin 2023-cü ildə Tiflisdə səsləndirdiyi Cənubi Qafqazın üç ölkəsinin əməkdaşlığı ideyası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan, Ermənistan və Gürcüstan arasında iqtisadi, nəqliyyat, enerji və ticarət əlaqələrinin inkişafı bütövlükdə regionun strateji əhəmiyyətini artıra bilər.
Lakin bunun üçün ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərində siyasi maneələrin aradan qaldırılması vacibdir. Politoloqun qənaətinə görə, Ermənistanın konstitusiya dəyişiklikləri ilə bağlı prosesi irəli aparması, sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşdırılması istiqamətində real addımlar atması regional əməkdaşlığın genişlənməsinə imkan verə bilər.
Beləliklə, Azərbaycan qazının Ermənistan bazarına çıxışı hazırda reallaşmış layihə deyil, lakin texniki, iqtisadi və siyasi şərtlər formalaşacağı təqdirdə müzakirə oluna biləcək əməkdaşlıq istiqamətidir. Bu, Ermənistanın enerji mənbələrini şaxələndirməsinə, Azərbaycanın regional enerji təchizatçısı rolunun genişlənməsinə və Cənubi Qafqazda yeni iqtisadi münasibətlər sisteminin yaranmasına töhfə verə bilər.
Akif NƏSİRLİ