Elşad Həsənov: “Həmin razılaşmalar ölkəmiz üçün hansısa risk və geosiyasi toqquşma vəd etmir”
Azərbaycanın xarici siyasəti müasir beynəlxalq münasibətlər sistemində çoxvektorlu (balanslaşdırılmış) strategiyaya və milli maraqlara əsaslanır. Ölkə müxtəlif qütblər və güc mərkəzləri ilə qarşılıqlı faydalı, bərabərhüquqlu və strateji tərəfdaşlıq münasibətləri qurur.
Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı Azərbaycan diplomatiyası baxımından mühüm hadisələrlə yadda qaldı. Dublin görüşlərinin ən mühüm nəticəsi, şübhəsiz ki, Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi oldu. Sənəd Azərbaycan-Böyük Britaniya münasibətlərinin rəsmən yeni keyfiyyət mərhələsinə yüksəldilməsini nəzərdə tutur.
Ümumilikdə, Azərbaycanın ən müxtəlif geosiyasi qütb təmsilçiləri ilə strateji tərəfdaşlıq sazişi var. Almaniya daxil Avropa İttifaqının üzvü olan 10 dövlətlə, Mərkəzi Asiya dövlətləri olan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla. Çinlə, ABŞ-la, ən nəhayət İngiltərə ilə analoji sənədlər imzalandı.
Yəni strateji əməkdaşlığın geosiyasi olaraq bir birinin ziddinə olan qütb təmsilçiləri ilə olması Azərbaycan üçün hər hansı bir çətinlik, risk yaradırmı?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, Azərbaycanın son illərdə apardığı siyasət ölkəmizi yeni bir siyasi arenaya çıxarıb: “Xüsusən də Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edəndən sonra regionda tamamilə yeni reallıq yaratdı. Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verdi. Aİ-nin üzvü olan 10 dövlətlə strateji tərəfdaşlıq müqaviləsi imzaladı. Daha sonra Çin və ABŞ-la strateji tərəfdaşlıq sənədləri imzaladı. Ən nəhayət, Böyük Britaniya ilə analoji sənəd imzalandı. İngiltərə ilə belə bir anlaşma çox böyük siyasi nəticədir. Bütün bu deyilənlərin fonunda, bir birinin ziddinə olan qütb təmsilçiləri ilə Azərbaycanın strateji tərəfdaşlıq sənədləri imzalaması ölkəmiz üçün hansısa potensial risklər yaratmır. Ona görə ki, Azərbaycan bərabərhüquqlu mövqedən çıxış edərək bu sənədləri imzalayır. Müxtəlif ölkələrlə imzalanan sözügedən sənədlər hansısa dövlətlərlə qarşı yönəlməyib. Yəni Azərbaycan öz milli və dövlət maraqlarından çıxış edərək belə tərəfdaşlıqlara imza atır. Azərbaycan heç vaxt hansısa dövlətə qarşı poleqon olmayıb. Nə əvvəl, nə də indi. Bu baxımdan həmin razılaşmalar ölkəmiz üçün hansısa risk və geosiyasi toqquşma vəd etmir”.
Vidadi ORDAHALLI